Əhalinin nağdsız hesablaşmaya qarşı olan inamsızlığı bu məsələdə kifayət qədər məlumatlı olmamasından irəli gəlir | Banco.az

Əhalinin nağdsız hesablaşmaya qarşı olan inamsızlığı bu məsələdə kifayət qədər məlumatlı olmamasından irəli gəlir

“Son zamanlar Azərbaycanda nağdsız hesablaşmaya inanmayan insanların sayında azalma qeydə alınıb. Buna səbəb isə əhalinin nağdsız ödənişlər haqqında məlumatlandırılması istiqamətində xüsusi kampaniyaların keçirilməsidir. Bu tipli tədbirlərin təşkili nağdsız ödənişlərə üstünlük verən insanların sayının artmasına gətirib çıxarır. Lakin bütün bunlara baxmayaraq, hələ də nağdsız hesablaşmalara etibar etməyən insanlar üstünlük təşkil edir. Aparılan hesablamalara görə, Azərbaycan əhalisinin 75%-i indiyə qədər nağdsız ödənişlərə etibar etmir".  Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov məlumat verib.

"Həmin insanların əksəriyyəti regionlarda yaşayan vətəndaşlardır. Lakin Bakıda da bu siyahıya aid olan çoxsaylı insan yaşayır. Regionlarda yaşayan əhalini nəzərə alsaq qeyd edə bilərik ki, Azərbaycan əhalisinin 40%-i kartlardan istifadə barəsində məlumata malik deyil. Bu isə plastik kartlardan istifadənin geniş vüsət almasına maneçilik törədir. Lakin nəzərə almaq lazımdır ki, 2011-ci ildə nağdsız ödənişə etibar etməyən insanlar ümumi əhalinin 90%-ni təşkil edirdilərsə, hal-hazırda bu göstərici 75%-ə çatır. Bu isə o deməkdir ki, hər 3 nəfərdən 2-si nağd pula üstünlük verir", deyə ekspert bildirmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Vüqar Bayramovun sözlərinə görə, əhalini məlumatlandırmağın ən yaxşı üsulu televiziya və mətbuatdır. Belə ki, müxtəlif mətbuat bülletenləri vasitəsilə də həmin məlumatları insanlara çatdırmaq mümkündür. Bununla yanaşı, tv kanallarında və ya internetdə bu məzmunlu videoçarxların yerləşdirilməsi ilə də əhalini məlumatlandırmaq olar. Bu baxımdan KİV əhalinin maarifləndirilməsində böyük rol oynayır və onların bu əhəmiyyətindən mütləq şəkildə istifadə etmək lazımdır.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et