Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Bir ölkədə və ya bölgədə yaşayan insanların iqtisadi borcunun ümumi miqdarını ifadə edən bir göstəriciyə borclanma göstəricisi deyilir.
Banco.az-ın məlumatına görə, bu səviyyə adətən əhalinin gəlirləri ilə müqayisədə borc öhdəliklərinin nə qədər olduğunu göstərir.
Borclanma səviyyəsi, müştəri kreditləri, istehlak kreditləri, ipoteka kreditləri və digər maliyyə borclarını əhatə edə bilər.
İqtisadçı analitiklər hesab edir ki, borclanma səviyyəsinin nəzarətdə saxlanması və müvafiq maliyyə siyasətlərinin tətbiq edilməsi vacibdir.
Bunun üçün atılan addımlar sırasında maliyyə savadlılığının artırılması, risklərin qiymətləndirilməsi və sosial müdafiə proqramlarının gücləndirilməsi daxildir.
Ekspertlər hesab edir ki, ölkədə inflyasiya qiymət artımı baş verdiyi halda, bu xidmətlərin, məhsulların və materialların qiymətinin artmasına səbəb olur.
Ona görə də insanlar hər hansısa istehlak tələblərini ödəmək üçün daha çox vəsait istifadə etməyə məcbur qalırlar. Bu həm də götürülən kreditlərin məbləğinin artmasına səbəb olur.
Bu ilin II rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi əvvəlki illə müqayisədə 4 faiz bəndi artaraq 23 % təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib ki, bu, I rüb ilə müqayisədə isə 2 faiz bəndi artıb.
Sorğuya əsasən, respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib.
Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29 %) olub.