ƏDV çekini verməyən obyektləri hansı cəza gözləyir? | Banco.az

ƏDV çekini verməyən obyektləri hansı cəza gözləyir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Vergi Məcəlləsinin tələbinə əsasən, ticarət və xidmət obyektlərində alıcılara kassa çekləri təqdim edilməlidir.

Son vaxtlarda mağaza və aptek kimi ticarət obyektərində alıcılara ƏDV çeki verilməməsi ilə bağlı şikayətlər artıb.

Bəs məhsul alınan vaxt kassa çeki verilməyən obyektlər barədə hara müraciət etmək lazımdır?

Bu barədə Dövlət Vergi Xidmətindən Banco.az-a bildiriblər ki, həmin iaşə müəssisələri vergi ödəyicisi olmaqla bərabər, alınan mal da ƏDV-yə cəlb olunan olmalıdır:

“ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür".

Vergi Xidməti vurğulayıb ki, vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə qarşılaşdıqda ətraflı məlumatla qeyri-anonim olaraq "vergilər.az” saytının "Müraciətlər” bölməsinin "Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı mərkəzinə (195-1) və ya vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək olar.

Vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3000 manat, təqvim ili ərzində belə hallara üç və daha çox yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2023-cü ildə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 154,2 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

“2023-cü ildə portalda qeydiyyatdan keçmiş istehlakçılara 154 milyon 178,8 min manat ƏDV məbləği geri qaytarılıb”, - deyə məlumatda bildirilir.

ƏDV-nin bir hissəsinin geri qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı alış-veriş zamanı satıcıdan nəzarət-kassa aparatı çekini tələb etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

Qaytarılan məbləğ nağd qaydada ödənilmiş ƏDV-nin 5%-ni, nağdsız qaydada ödənilmiş ƏDV-nin isə 17,5%-ni təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram