Dünyaca tanınan ən uğurlu 10 sahibkar qadın | Banco.az

Dünyaca tanınan ən uğurlu 10 sahibkar qadın

Kişilər uzun illərdir ki, işgüzar dünyada hökranlıq edərək ən yüksək vəzifələrdə çalışırlar. Ancaq Coco Chanel və Estée Lauder kimi nüfuzlu qadınların uğur əldə etməsi və bu arenada öz sözünü deməsilə iş qadınları üçün yeni bir səhifə açıldı.

Bu gün qadınlar bir-birlərinə dəstək göstərərək öz işlərini, şəxsi bizneslərini qururlar. Mətbuat, texnologiya, moda, radio-televiziya, gözəllik kimi sektorlarda yaratdıqları markalarla evlərimizə daxil olan həmin qadın sahibkarların 10 – u ilə bugünkü məqaləmizdə sizi tanış edəcəyik.

1. Sofiya Amoruzo (Sophia Amoruso)

Şirkət: Nast Gal və Girlboss Media

Yaş: 34

Sərvət: 280 milyon dollar (2016)

İmperiyasını qurarkən bir çox maneə ilə qarşılaşan Sofiya Amoruzo öz səyləri ilə mübarizə aparmağı bacararaq gənclər üçün ilham olacaq bir marka qurmağa nail oldu.

2015 – ci ildə Nasty Gal adlı şirkətinin CEO vəzifəsindən istefa etdi və qurduğu şirkət iflasa uğradı. Ancaq bu onu ruhdan salmadı və o, Girlboos adlı sağlamlıq, gözəllik, karyera və bir çox başqa mövzularda qadınları ruhlandıran bir veb sayt yaratdı.

2. Huda Kattan

Şirkət: Huda Beauty

Yaş: 35

Sərvət: 610 milyon dollar (2019)

Huda Kattan gözəllik imperiyasını Dubayda fəaliyyət göstərən maliyyə sektorundakı işindən istefa etdikdən sonra qurmağa başladı. Frilans vizajist olaraq çalışarkən keyfiyyətli taxma kirpik tapmaqda çətinlik çəkən Kattan özü sintetik kirpiklər istehsal etməyə qərar verdi. Huda Beauty markalı kirpiklər satışa çıxarıldığı gün satılıb qutardı və makyaj kraliçası Kattan da sektorda hər kəsin tanıdığı bir simaya çevrildi.

3. Tori Berç (Tory Burch)

Şirkət: Tory Burch

Yaş: 52

Sərvət: 850 milyon dollar (2019)

Tori Berç Polo Ralph Lauren, Vera Wang və Loewve kimi dünyanın ən böyük moda evlərində təcrübə qazandıqdan sonra öz markasını qurmağa qərar verdi. 2004 – cü ildə ilk markasını yaradan Berç bənzərsiz və tendensiyalara uyğun dizayn nümunələri ilə böyük uğura imza atdı.

İnsanlara faydalı olmağa çalışan Berç xərçəng xəstəliyindən əziyyət çəkən qadınlara dəstək olan, gənc qadınlar arasında maariflənməni təmin etmə məqsədi daşıyan “Süd vəzisi Xərçəngi Araşdırma Vəqfini” yaratdı.

4. Arianna Huffington

Şirkət: Thrive Global

Yaş: 68

Sərvət: 50 milyon dollar (2018)

Arianna Huffington nüfuzlu xəbər saytı HuffPost – un həmtəsisçisi və keçmiş redaktorudur. Rəqəmsal xəbər sektoru üzrə bir bazar yaradan Huffington silsilə kitablar yazmağa qərar verir. Bu yaxınlarda “Yuxu İnqilabı” (Sleep Revolution) adlı bir kitab nəşr etdirən Huffington, bununla yanaşı Thrive Global adlı sağlam həyat tərzi ilə bağlı veb saytı idarə edir və insanların daha sağlam həyat sürməsi üçün altı həftəlik kurslar təşkil edir.

5. Jk Rowling

Peşə: Yazıçı, film prodüseri və ssenarist

Yaş: 53

Sərvət: 54 milyon dollar (2018)

İngilis yazıçısı Jk Rowling ilk kitabı “Harry Potter və Fəlsəfə daşı” – nı nəşr etdirməyə çalışarkən bir çox maneə ilə qarşılaşdı və dəfələrlə rədd cavabı aldı. Bu maneələri dəf etməyi bacardıqca Jk Rowling – in kitabları demək olar ki, bir gecə ərzində bütün dünyaya yayıldı və kitabların süjet xətti ekranlaşdırıldı, hətta bu mövzuda tematik parklar belə salındı.

Ən sərfəli kredit üçün müraciət et

6. Vera Vonq (Vera Wang)

Şirkət: Vera Wang

Yaş: 69

Sərvət: 630 milyon dollar (2018)

Vera Wang siyahının indiyə qədər sadalanan digər qadınlarına nəzərən daha yaşlıdır. Vong 40 yaşında öz gəlinliyini dizayn edərkən şəxsi markasını qurmağa qərar vermişdi. Şansın da köməyilə onun markası qısa müddət ərzində böyük uğur qazandı. Həmin vaxtdan etibarən qurduğu şirkəti daha da böyüdən Vonq hazırda geyim, ayaqqabı və aksesuarla yanaşı ziynət əşyalarından ev tekstilinə və mətbəx əşyalarına qədər bir çox sahələr üzrə dizaynlar edir.

7. Marta Stüart (Martha Stewart)

Şirkət: Martha Stewart Living Omnimedia

Yaş: 77

Sərvət: 300 milyon dollar (2018)

İlk olaraq məşhur aşpaz kimi tanınan Marta Stüart daha sonra klunariyaya aid bir neçə kitab nəşr etdirir və müxtəlif jurnallar üçün köşə yazıları yazır. 1997 – ci ildə bütün işlərini bir araya toplayan Stüart “Martha Stewart Living Omnimedia” adlı media şirkətini yaradır. O vaxtdan bəri televiziya və radio sektoruna da əl atan tanınmış aşpaz hazırda bu peşəsi ilə də məşğul olur.

8. Cath Kidston

Şirkət: Cath Kidston

Yaş: 59

Sərvət: Dəqiq bilinmir

Mebel dizayneri olan Cath Kidston 1993 – cü ildə öz mağazasını açmağa qərar verir və tamamilə ingilis üslublu vintage dizaynlar satmağa başlayır. Vintage məhsullar bir neçə il sonra yenidən məşhurlaşdığı zaman mağaza qısa müddət ərzində böyük uğur qazanır və hazırda ingiltərənin tanınmış küçələrində ən çox ziyarətçisi olan mağazalardan biridir.

9. Angie Hicks

Şirkət: ANGI Home services

Yaş: 45

Sərvət: 50 milyon dollar (2018)

Təcili vəziyyətlərdə müvafiq xidmət tapmaq olduqca çətin prosesdir. Belə hallarda sizə tövsiyə edilən insanlara müraciət edər və işinizin həll olunmasına ümid edərsiniz. Angie Hicks də bazardakı bu çatışmazlığın fərqinə vardı və daha əvvəl heç kəsin təqdim etmədiyi bir xidmət yaratmağa qərar verdi. Angie`s List sizin üçün uyğun olan xidməti bircə klikləmə ilə əldə etməyinizi təmin edir.

10. Sara Blekli (Sara Blakely)

Şirkət: Spanx

Yaş: 47

Sərvət: 1 milyard dollar (2019)

İdeayasını həyata keçirmək üçün kifayət qədər sərmayəsi olmayan Sara Blekli markasını qurmağa çalışarkən müraciət etdiyi insanların hər birindən rədd cavabı alır. Ancaq Opra Uinfri onun fikrini hər kəsin qarşısında təqdir etdiyi zaman artıq insanlar onun qapısında növbəyə dayandılar.

Həmçinin oxu: Gəlin, dünyanı dəyişdirən 10 qadını tanıyaq!

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et