Müəllif: Tamara Mustafayeva, Banco.az
Kakao dənəciklərinin tədarükünün azalması təchizat zəncirini pozub.
Banco.az xəbər verir ki, dünyanın əsas kakao istehsalçıları olan Qana və Fil Dişi Sahilindəki iri emal zavodları qiymətləri bahalaşan kakao dənəciklərini ala bilmədiklərinə görə kakao emalını azaltmaq və ya dayandırmaq məcburiyyətində qalıblar.
Bu da o deməkdir ki, dünyada şokoladın qiyməti daha da artacaq.
Qeyd edək ki, dünyada kakaonun təxminən 60 faizini istehsal edən Qana və Fil Dişi Sahilində kakao məhsuldarlığı üç ildir ki, aşağı səviyyədədir. Dördüncü il də məhsuldarlığın aşağı olacağı gözlənildiyi üçün şokolad istehsalçıları qiymət artımı etmişdilər.
Odur ki, kakaonun qiyməti ötən il iki dəfədən çox artaraq bu vaxta qədərki ən yüksək səviyyəsinə çatıb. Mütəxəssislər bildirirlər ki, təklifin ciddi şəkildə azalmasını tarazlaşdırmaq üçün tələbin də azaldılması lazımdır.
Çiy kakaodan istifadə edərək şokolad istehsal edə bilməyən şokolad istehsalçıları isə kakao dənəciklərini yağa və daha sonra şokolad hazırlamaq üçün istifadə edilən içkiyə çevirən kakao emalı zavodlarına etibar edirlər.
Sonda xatırladaq ki, Beynəlxalq Kakao Təşkilatı (ICCO) bu mövsüm qlobal kakao istehsalının 10,9 faiz azalaraq 4,45 milyon tona çatacağını gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!