"Dünya iqtisadiyyatını çətin vəziyyət gözləyir" (iqtisadi təhlil) | Banco.az

"Dünya iqtisadiyyatını çətin vəziyyət gözləyir" (iqtisadi təhlil)

Müəllif: Rüfət Axundov

Çin iqtisadiyyatı, valyuta böhranı və neftin qiyməti 

Dünya iqtisadiyyatını növbəti yaxın illərdə olduqca çətin bir vəziyyət gözləyir. Bunun səbəbi başlıca olaraq Çin ilə əlaqəlidir. Məlum olduğu kimi Çin iqtisadiyyatı ixrac yönümlüdür və son 25 ildə bu ölkənin iqtisadi artımının təməl qüvvəsi məhz ixracat olmuşdur. Çin belə bir sürətli inkişaf tempini qoruyub saxlamaq üçün öz milli valyutası olan yuanı süni şəkildə dünyanın digər valyutalarına qarşı (xüsusilə ABŞ dollarına qarşı) ucuzlaşdırmağa və ən əsası ucuzlaşdırdıqdan sonra bahalaşmasının qarşısını almağa çalışır.

Bildiyiniz kimi, Çinin ən iri ticarət əməkdaşları Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarıdır. Bu iki ittifaqın hər biri Çin ilə əməkdaşlıq məsələsinə gəldikdə ticarət defisiti yaşamaqdadırlar. Yəni, Çinin bu dövlətlərə olan ixracı, həmin dövlətlərdən Çinə gələn idxalı üstələyir. Bu isə əslində Çin yuanının daha da bahalaşmasına yol açmalı idi. Lakin artıq qeyd etdiyim kimi, Çin Mərkəzi Bankına belə bir vəziyyətin sərf etməməsi yuanın hələ də ucuz qalmasına səbəb olmuşdur. 

Bu barədə bir misal çəkmək istərdim. Təsəvvür edin, Çində istehsal olunan məhsullar Amerika bazarına çıxarılır. Amerika bazarına gələn Çin məhsulları təbii ki, ABŞ dolları ilə satılmalıdır. Daha sonra o məhsulların satışından əldə edilən dollarlar Çinə qayıdır və yekunda həmin məhsulları istehsal edən Çin müəssisələri öz xərclərini ödəmək və növbəti istehsal mərhələsinə başlamaq üçün bu dollarları yuana çevirir. Əgər Çinin Amerikaya ixracı o ölkədən olan idxalı üstələyirsə, bu o deməkdir ki, Çinə daxil olan dolların həcmi Amerikaya daxil olan yuanın həcmini üstələyir. Digər sözlə, hər iki ölkə ixracdan əldə olunan qazancı öz milli valyutasına çevirmək istədikdə yuana olan tələbat dollara olan tələbatı üstələyəcəkdir. 

Belə bir halda, təbii ki, əgər məzənnənin sərbəst üzməsinə icazə verilsəydi yuan avtomatik olaraq dollara qarşı bahalaşacaqdı. Lakin Çin Mərkəzi Bankının yuan çap etmə ənənəsi buna imkan verməmişdir.

İstənilən ticarət balansının müəyyən nöqtədə tarazlığı var. Həmin tarazlıq nöqtəsi keçildikdən sonra əldə qalan valyutanın həcmi digər valyutaya qarşı məzənnə məsələsində tələb və təklif yolu ilə bir başa olaraq təsir edir. Nə demək istədiyimi növbəti misalda izah etdikdən sonra daha aydın başa düşəcəksiniz.

Təsəvvür edək ki, USD/CNY məzənnəsi 6 səviyyəsindədir. Yəni, 1 ABŞ dollarının dəyəri 6 yuandır. Çinin Amerikaya ixrac etdiyi məhsula "A" məhsulu deyək. Amerikanın Çinə ixrac etdiyi məhsula isə "B" deyək. "A" məhsulunun Amerikada satış qiyməti 2 dollardır (yəni 12 yuandır) və Amerikadan Çinə ixrac olunan "B" məhsulunun satış qiyməti 18 yuandır (yəni 3 dollardır). İl ərzində Çin Amerikaya 10 ədəd "A" məhsulu satır. Amerikadan bu ölkəyə isə 5 ədəd "B" məhsulu idxal olunur. İlin yekununda Çin bu satışlardan 20 dollar əldə edir (10 x 2 = 20). Amerikanın satışlardan əldə etdiyi gəlir isə 90 yuandır (5 x 18 = 90). Bu o deməkdir ki, ilin sonunda Çin istehsalçıları tərəfindən 20 dolları yuana çevirməyə ehtiyac yaranır.

Yəni, Çin müəssisəsi 120 yuan almaq məqsədilə 20 dolları konvertasiya etməlidir. Buradan görsəndiyi kimi, Çin valyutasına olan tələbat 120 yuandır. Eyni şəkildə Amerika istehsalçısı öz ölkəsində 90 yuanı dollara çevirməyə çalışır. Yəni, ABŞ valyutasına olan tələbat 15 dollardır. Aydın görsəndiyi kimi, yuana olan tələbat dollara olan tələbatı üstələdiyi üçün (digər nöqteyi nəzərdən baxsaq dollara olan təklif bu valyutaya olan tələbi üstələdiyi üçün) yuan təbii şəkildə bahalaşmağa başlayır. Bu vəziyyəti müşahidə edən Çin mərkəzi bankı artıq narahat olmağa başlayır və dövriyyədə qalan 30 yuan (və yaxud 5 dollar) tələbatını ödəmək məqsədilə yuan çapına üz tutur. Çap edilən yuan vasitəsilə Çin bazarının dövriyyəsindən həmin 5 dollar satın alınaraq kənarlaşdırılır və Çin mərkəzi bankının valyuta ehtiyyat fonduna göndərilir. Təbii ki, bu rəqəmlər sadəcə misal olaraq göstərilmişdir və reallıqda ticarət dövriyyəsi yüz milyardlarladır (bunun təsdiqini həm ABŞ. həm də Çin dövlət statistika komitələrinin rəsmi səhifələrində görmək olar).

Məhz çap edilən yuanla yüz milyardlarla dolları dövriyyədən yığmaq səbəbidir ki, Çin mərkəzi bankının valyuta ehtiyyatı bu gün trillionlarla dollara çatmışdır. Ehtiyyat fonduna yığılan bu qədər dolları passiv formada saxlamaq məqsədə uyğun olmadığı üçün Çin mərkəzi bankı digər yatırımlarla birgə həm də dünyanın ən risksiz maliyyə alətlərindən birinə, daha dəqiq desək Amerika dövlət istiqrazlarına üz tutur.

Bu istiqrazlar cüzi də olsa, il ərzində müəyyən qədər gəlir gətirir və əslində bu yolla Çin mərkəzi bankı Amerika hökümətinə borc vermiş sayılır. Nəzərə alsaq ki, Çinin valyuta ehtiyyatı nəhəng həcmdədir və bu vəsaitlərin əksəriyyəti sözü gedən istiqrazlara yönəldilir, o zaman belə qənaətə gəlmək olar ki, ABŞ istiqrazlarına tələbat mühüm dərəcədə artır. Belə olan halda ABŞ istiqrazlarının ödədiyi faizlər, yəni bu alətlərin gəlirliyi azalmış olur. Bu isə öz növbəsində Amerika daxilində borclanma xərcinin azalmasına yol açır. Dövlət istiqrazları borclanma məsələsində bençmark kimi nəzərə alındığı üçün ABŞ vətəndaşlarının kredit imkanları artmağa başlayır.

Ən sərfəli kredit üçün müraciət et

Nəhayət bu hal Amerika əhalisinin daha da çox xərcləməsinə səbəb olur. Lakin xərclənən vəsait yenidən Çindən idxal olunan məhsulların alışına yönəlir (çünki bu məhsullar digər səbəblərlə birlikdə, həm də ucuz yuana görə yerli Amerika məhsullarından daha ucuzdur) və beləliklə Çinin Amerikaya olan ixracatı yenidən bu ölkədən olan idxalı üstələyir. Gördüyünüz kimi bütün bu proseslər, yəni ticarət kəsirindən başlayaraq yuanın çapına qədər olan hər bir addım özü-özünü möhkəmləndirən prinsipə malikdir.

Məhz bu səbəbə görə Amerika dövlətinin borcu bu gün tarixi maksimumlardadır.

Yeri gəlmişkən, ABŞ mərkəzini bankının 2009-cu ildən bəri yürütdüyü “0 faiz dərəcəsi” siyasəti elə bu səbəbə görə ölkə daxili inflyasiyanı arzu olunan səviyyəyə qaldıra bilməmişdir. Ucuz Çin məhsullarının ABŞ bazarını əhatə etməsi inflasiya göstəricisi olan CPI indeksinə daxil olan məhsulların (yəni indeks səbətinin) qiymətini təzyiq altında saxlamaqdadır. Bütün bunlar Çin üçün gözəl sayıla bilər, amma təbii ki, belə hal əbədi olaraq davam edə bilməz. İstənilən iqtisadi qüvvə nə zamansa müəyyən zəifləmə prosesindən keçir. Təbiətin qanunu belədir və bu hal həm inkişaf etmiş ölkələrə, həm də inkişaf etməkdə olan ölkələrə aiddir.

Bəzən bu proses böhran formasını alır, bəzən isə sadəcə olaraq müvəqqəti iqtisadi zəifləmə ilə müşahidə edilir. Bəzən belə vəziyyətlər yüksək borclanmaya görə (1989-cü il Yaponiya), bəzən isə inflasiyaya yol açan tədbirlərin həddən artıq olmasına görə (son illərdə Çin - dövriyyəyə küllü miqdarda pul axınına, valyuta çapına görə) baş verir. Çinin bu gün böhran yaşadığını deməzdim, ən azından ona görə ki, böhranın baş verməsi üçün ölkənin ümumi daxili məhsulunun artım tempi mənfiyə keçməlidir, Çində isə hələ mənfidən söz gedə bilməz, sadəcə olaraq artım tempinin sürəti azalmışdır. 2014-cü ilin yekunlarına görə Çin hökümətinin rəsmi rəqəmlərinə əsasən, bu ölkə son 25 ildə "ən zəif templi" iqtisadi artım ilini yaşadı. Məhz buna görədir ki, Çin mərkəzi bankı yuanı 2014-cü ildən etibarən yenidən süni sürətdə ucuzlaşdırmağa başlamışdır. Ucuz yuan ixracatı stimullaşdırmaq məqsədi daşıyır, amma bu addım iki başlı xəncər kimi həm də inflasiyanın artmasına yol açacaqdır. Çin mərkəzi bankı bu vəziyyətdən yalnız bir yolla çıxa bilər, o da odur ki, stimullaşdırma prosesi ilə inflyasiya arasında balans yaradaraq iqtisadi artımı tədricən, müəyyən pillələrlə sürətləndirməkdir. İndi isə bütün bunların dünya üçün nə demək olduğuna nəzər salaq.

 Əvvəla başlayaq neftin qiymətindən. Məlum məsələdir ki, neftin qiyməti Ukrayna və Suriyada gedən siyasi proseslərlə sıx əlaqəlidir. Neft bu məsələlərdə təzyiq aləti kimi istifadə edilir və onun qiymətinin aşağı olması bir başa olaraq bəzi dövlətlərin marağındadır. Amma bu məsələnin həm də iqtisadi tərəfi var. Məqalənin əvvəlində qeyd etdiyim kimi Çinin ən iri ticarət əməkdaşları Avropa İttifaqı və ABŞ-dır. Bu bazarların ucuz Çin məhsulu ilə doldurulması yerli məhsulların bazar rəqabətini xeyli azaldaraq istehsalçılara mənfi təsir edir. Nəticədə istehsalçıların kooperativ gəlirləri azalaraq yerli iqtisadiyyatların zəifləməsinə səbəb olur (yeri gəlmişkən S&P 500 indeksində yer alan ABŞ şirkətləri 2015-ci ilin IV-cü rübündə ən zəif gəlirlərlə yadda qaldılar).

Zəifləyən iqtisadiyyat, yəni gəlirləri azalan müəssisələr və idarələr yanacağa olan tələbata mənfi təsir edirlər. Nəzərə alsaq ki, həm Amerika həm də Avropa istifadə etdikləri yanacağın böyük hissəsini idxal edirlər, o zaman neftə olan tələbin hansı səbəbdən azalmasını görmək mümkündür.

Neftin qiymətinin aşağı olması sırf olaraq təklifin bolluğu ilə əlaqəli deyil, burada həm də tələbin aşağı olması mühüm rol oynamaqdadır. Lakin bunlar son deyil. Çinin yuanı ucuzlaşdırma niyyəti qlobal səviyyədə valyuta gərginliyinə yol açmaqdadır. Digər ixrac yönümlü ölkələr Çinin belə bir addımına cavab olaraq öz valyutalarını zəiflətməyə çalışırlar. Nəticədə isə dünyanın inkişaf etməkdə olan hissəsini devalyasiya, inkişaf etmiş hissəsini isə deflyasiya dalğası bürüməkdədir. Dünya iqtisadiyyatını qarşıdan gələn yaxın illər ərzində çətin iqtisadı proseslər gözləyir.

Bu təbii ki, dünyanın sonu anlamına gəlmir, amma ən azından qeyd etmək lazımdır ki, bütün bu proseslər qaydasına düşənə qədər (1) neftin qiyməti və (2) Avropa və Amerika səhm bazarı təzyiq altında qalacaqdır. Xüsusilə ABŞ şirkətlərinin gəlirləri bu il xeyli zəif olacaqdır. Vəziyyətdən nisbətən müsbət artım görə biləcək sahələr isə (1) ABŞ dolları və (2) Qiymətli metallar olacaqdır.

Son olaraq onu da qeyd edim ki, Amerikanın Federal Ehtiyyat Sistemi mənim fikrimcə bu ilin sonuna qədər faiz dərəcələrini artırmaqdan çəkinəcəkdir. Amma əgər onlar tam əks olaraq növbəti QE qərarını verərək yenidən stimullaşdırma addımlarına başlayarlarsa, o zaman bu səhm bazarına cüzi olaraq müsbət təsir edəcək çünki asan əldə olunan vəsait axını hər zaman bu və ya digər üsulla səhm bazarına yol tapır (xüsusilə dövlət istiqrazlarını belə aşağı olduğu hallarda: yəni faiz dərəcələrinin aşağı olduğu halda). Bu cümlədə cüzi o deməkdir ki, 2011-2014-cü illərdə olduğu kimi S&P 500 indeksində sürətli artım olmayacaq. Neftin qiyməti isə mənim fikrimcə 2017-ci ilin sonunda 60 dollar ətrafında olacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.