Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı Ukraynanın yenidənqurma xərcləri ilə bağlı proqnozlarını yeniləyib.
Banco.az xəbər verir ki, Dünya Bankı Ukraynanın yenidən qurulması və bərpası üçün qarşıdakı 10 il ərzində tələb olunacaq ümumi vəsait həcmini 588 milyard dollar olaraq yeniləyib.
Rusiya–Ukrayna müharibəsinin dördüncü ili geridə qalarkən, Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatı və Ukrayna hökuməti ilə birgə hazırlanan Ukrayna iqtisadiyyatına dair “Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi” hesabatı yenilənib.
Hesabatda bildirilir ki, ötən ilin sonuna olan vəziyyətə əsasən Ukraynada ümumi yenidənqurma və bərpa xərcləri qarşıdakı 10 il üçün təxminən 588 milyard dollar, yəni 500 milyard avrodan artıq olacaq.
Qeyd olunur ki, bu məbləğ Ukraynanın 2025-ci il üçün proqnozlaşdırılan nominal ümumi daxili məhsulunun təxminən üç qatına bərabərdir.
Dünya Bankı ötən il Ukraynanın yenidən qurulması və bərpası üçün tələb olunan vəsaitin 524 milyard dollar olduğunu açıqlamışdı.
Qurumun yaydığı bəyanatda vurğulanıb ki, inkişaf tərəfdaşlarının dəstəyi ilə Ukrayna hökuməti 2026-cı il üzrə bərpa və yenidənqurma prioritetlərinin icrasına yönəlmiş mühüm addımlar atıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
