Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal maliyyə mesajlaşma sistemi SWIFT tərəfindən açıqlanan son məlumatlara görə, ABŞ dollarının beynəlxalq əməliyyatlarda payı 2025-ci ilin dekabr ayında 50,5 faizə yüksəlib.
Banco.az xəbər verir ki, bu göstərici noyabr ayında qeydə alınan 46,8 faizlə müqayisədə kəskin artım deməkdir və 2023-cü ildə məlumatların toplanma metodologiyası yeniləndikdən sonra ən yüksək səviyyə kimi qiymətləndirilir.
Məlumatlar göstərir ki, dolların qlobal ödənişlərdəki çəkisi qısa müddət ərzində əhəmiyyətli dərəcədə artaraq beynəlxalq ticarət və maliyyə əməliyyatlarındakı mövqeyini daha da möhkəmləndirib. Analitiklər noyabr–dekabr ayları arasında müşahidə olunan bu yüksəlişi dolların qlobal maliyyə sistemində əsas aparıcı valyuta statusunun davamı kimi dəyərləndirirlər.
Digər əsas valyutalar arasında avro təxminən 22 faiz payla ikinci yerdə qərarlaşıb. Britaniya funtu üçüncü, Kanada dolları isə dördüncü pillədə yer alıb. Onlardan sonra qlobal əməliyyatlarda ən çox istifadə olunan valyutalar sırasında Yaponiya yeni və Çin yuanı gəlir.
ABŞ Prezidenti Donald Trampın siyasəti ilə bağlı bazarlarda yaranan dalğalanmalar və qeyri-müəyyənliklərə baxmayaraq, dolların qlobal rolu güclü olaraq qalır. Ekspertlərin fikrincə, mövcud qeyri-sabit beynəlxalq mühitdə belə, ABŞ dolları beynəlxalq maliyyə və ticarətdə lider mövqeyini qoruyub saxlayır.
