“Dollar hər bir halda 2 manatı keçəcək”.
Milli valyutanın dəyəri, devalvasiya gözləntiləri, FED-in uçot dərəcəsini qaldırması ehtimalı və bu halda Azərbaycandakı məzənnə dəyişiklikləri haqqında Banco.az-a müsahibə verən iqtisadçı ekspert Samir Əliyev bildirib ki,
“Azərbaycan iqtisadiyyatı tam üzən məzənnəyə keçid üçün hazır deyil.
Manat rəsmi olaraq ikinci devalvasiyadan sonra üzən məznənnəyə keçmişdir. Təbii ki, Azərbaycanın mövcud iqtisadi vəziyyətində real üzən məzənnəyə keçid mümkün deyil. Bu gün AMB tərəfindən tənzimlənən üzən məzənnə rejimi fəaliyyət göstərir. Tam üzən məzənnəyə keçid isə manatı dəfələrlə ucuzlaşdırar və nəticədə manat dəyərini kəskin itirər. Yaxın bir neçə ildə də manatın tam üzən məzənnəyə keçməsi real görünmür.
Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaq üçün hələ də ehtiyat sərf edir. Neft fondunun vəsaitlərini satışa çıxarır və bunun hesabına bazarı dollarla təmin edir, uçot dərəcəsini qaldırır və manatla olan pul kütləsini məhdudlaşdırmaqla dollara olan tələbatı azaldır, yəni inzibati yollarla kursu saxlaya bilir.
Dolların hazırki məzənnəsi real deyil.
Manatın məzənnəsini müəyyən edərkən tədiyyə balansına istinad edilir. Tədiyyə balansında isə kəsir var və bu kəsir ötən ilin sonlarından başlayaraq müşahidə olunur. Ölkədən çıxan dollar ölkəyə gələn dollardan çoxdur. Yaranan kəsrin bir hissəsi məzənnə hesabına, bir hisssəsi idxalın məhdudlaşdırılması və məhdud satış hesabına müəyyən qədər örtülür. Real məzənnəni isə demək çətindir, lakin dolların real dəyərinin indiki səviyyədən çox yüksək olduğu doğrudur”.
FED-n uçot dərəcəsini qaldırması halında manatın məzənnəsində ola biləcək dəyişikliklər barəsində ekspert bildirib ki,
“Federal Ehtiyatlar Sistemin uçot dərəcəsini qaldırması ABŞ-ın makroiqtisadi vəziyyətindən asılıdır. Bu qərar dünya bazarında dolları bahalaşdıra, eyni zamanda neftin və qızılın qiymətinə də təsir edə bilər. Bu konteksdə baş verənlər təbii ki, öz təsirini manatda da göstərəcək. Dolların bahalaşması avro, yen kimi valyutalara dərhal təsir göstərsə də, manat tənzimləndiyi üçün bu təsir pilləli formada ola bilər. Demək istəməzdim ki, FED uçot dərəcəsini qaldıran kimi Azərbaycanda devalvasiya olacaq. Lakin bu, istənilən halda manatın dəyərini aşağı salacaq.
Proqnozlarıma əsasən ilin sonuna dolların kursunun 1.80 manata çatacağını demişdim, hələ ki o istiqamətdə gedir. Əgər neftin kəskin ucuzlaşması və FED-in uçot dərəcəsini qaldırması kimi hallar baş verməzsə, yeni ilə dolların məzənnəsinin 1,80 manata çatacağını istisna etmirəm. Təbii ki, burada hökumətin davranışları da rol oynayacaqdır. Görünən odur ki, hökumət hələ manatı kəskin ucuzlaşdırmaq da maraqlı deyil”.
Samir bəy, həmçinin qeyd etdi ki, Dolların məzənnəsi hər bir halda2 manatı keçəcək. Bunun dəqiq tarixini isə demək mümkün deyil. Dolların 2 manat olması zaman məsələsidir.