Devalvasiyadan sonra sığortalanmada azalma müşahidə olunur. | Banco.az

Devalvasiyadan sonra sığortalanmada azalma müşahidə olunur.

"AzSigorta" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Kananadzenin  müsahibəsini təqdim edirik.

- Əvvəla gəlin bazarda müşahidə olunan tendensiyalardan, o cümlədən "AzSigorta"nın I rübdə bazarda özünü necə hiss etdiyi barədə danışaq... 

- I rübün göstəriciləri ötən ilin analoji dövrü ilə müqayisədə stabil olaraq qalır. Biz faktiki olaraq, yığımların həcmini qoruya, həmçinin mənfəətimizi də stabil saxlaya bildik. Şirkət I rübü 2,8 milyon manatlıq mənfəətlə başa vurub. Qeyd edim ki, ötən ilin I rübünü biz 2,9 milyon manatlıq mənfəətlə başa vurmuşduq. Əsasən, mənfəətimizi xərclərimizin optimallaşdırılması və pərakəndə satışlarımızı artırmaqla stabil saxlaya bildik. Bununla yanaşı, şirkət müasir İT tətbiqləri və dünya praktikasının qabaqcıl həllərini aktiv şəkildə istifadə etməyə başladıq. Xüsusilə xərclərimizin tənzimlənməsi məsələsinə diqqətlə yanaşmağa başladıq. Regionlarda kifayət qədər problemlər aşkarladıq. Mərkəzdən aralıda yerləşdiyi üçün keyfiyyətin və qiymətin tənzimlənməsinin idarə olunması prosesi bir qədər çətin idi. Lakin biz bu problemin effektiv həlli yolunu tapdıq və bunu göstəricilərimizə nəzər salanda görə bilərsiniz. Maraqlıdır ki, şikayətlərin sayında artım yoxdur. Əksinə, şikayətlərin sayı 30% azalıb. Bununla yanaşı, sığorta hadisələri üzrə ödənişlərin sürəti artıb. Biz dələduzlara qarşı daha diqqətli olmağa başladıq. Bəzi insanlar peyda olub ki, onlar sığortadan öz risklərini gözə almaq üçün deyil, ciblərini doldurmaq üçün istifadə edir. Həmin şəxslər yol-nəqliyyat hadisələrini imitasiya edir və ya hadisə baş verəndən 3 həftə sonra DYP-yə müraciət edir. Biz hüquqi müstəvidə bu cür hallarda dələduzluq faktının olub-olmamasını müəyyən etməyə çalışırıq və öz müştərimizin mənafeyini qoruyuruq.

Biz başqa sığorta şirkətlərin biznesinin azalmasını müşahidə edirik ki, bu da bazarda elə də xoş olmayan dövrün mövcudluğundan xəbər verir. Bazara nəzər salanda məlum olur ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi ilə bağlı müştərilərin şikayətləri artmaqdadır. Müvafiq olaraq, dövlət qurumlarına şikayətlərin sayı da artır. Şirkətlər heç nəyə baxmayaraq, öz xərclərini azaltmaq istəyir.

Könüllü tibbi sığorta seqmentinə nəzər salsaq görərik ki, əvvəl korporativ müştərilər personalı üçün VİP məhsullar sifariş verdiyi halda, hazırda onlar maksimum xərclərini azaldıblar. Bundan başqa, onlar sığortalanan işçilərinin sayını da azaldırlar.

Biznesə gəldikdə, manatın devalvasiyasından sonra yüklərin sığortalanmasında da azalma müşahidə olunur.

Ötən il biz strategiya qəbul edərək, portfelimizdə KASKO-nun payının azaldılmasını qarşımıza məqsəd qoyduq. Əsasən azalma kreditlə verilən KASKO-da baş verdi. Geri dönüb baxanda görürük ki, bu, düzgün addım idi. Vəziyyəti daha da qəlizləşdirən odur ki, banklar kreditlər üzrə 5 illik sığorta tələb edirdi. Maraqlıdır ki, bağlanan müqavilədə göstərilir ki, tariflər müqavilənin sonunadək dəyişdirilə bilməz. Buna görə də, bu sığorta növü üzrə şirkətlər 4-5 il ərzində 140-180%-lik ziyanla işləyəcək.

Daşınmaz əmlak sığortasında artım baş versə də, müşahidələrimiz göstərir ki, fiziki şəxslərin bu sığorta növündən yararlanmağa pulu yoxdur. Ona görə də, əhali ilə işimizdə çətinliklər var. Bu, olduqca əhəmiyyətli sığorta növüdür və sadə vətəndaşın müdafiəsinə hesablanıb. Bu istiqamətdə maarifləndirici işlərimizi davam etdiririk. Hətta vətəndaşlara izah etmək çətindir ki, bu, qanunun tələbidir. Buna baxmayaraq, maarifləndirici işlərin aparılması vacibdir. Əhali və korporativ müştərilərimizlə işləməyə davam etdiyimizə görə, artım tempini qoruya bilirik.

Hazırda müşahidələrimiz onu göstərir ki, sığorta agentlərimiz avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımları artırıb. Bu həm də onunla əlaqədardır ki, bəzi şirkətlər agentlərini işdən uzaqlaşdırır və bununla da bu sığorta növündə imtina edir. Bununla bağlı başqa şərh verməyəcəyəm. Bundan başqa, müştərilər ödəniş və servisi gözə alaraq, şirkətləri seçməyə başlayıblar. Biz hamıdan çox ödəniş edirik, ədalətli və şəffaf yanaşırıq. Yəqin ki, bizi seçən müştərilər bunu anlayırlar. Sadə misal gətirim. İri şirkətlərdə sizə hər zaman ya maşını təmir etməyi, ya da kompensasiyanı almağı təklif edəcəklər. Bu, olduqca vacibdir, çünki şirkət anlayır ki, ödənilən məbləğə maşını keyfiyyətli təmir etdirmək olar və buna görə məsuliyyət daşıyır. Biz bu məsuliyyəti dərk edirik.

- Bəs ilin sonuna proqnozlarınız necədir?

- Hesab edirəm ki, 2015-ci ildə yığımlarımız 40 milyon manata çatdıra biləcəyik ki, bu da ötən illə müqayisədə 10% artım deməkdir. Biz portfelimizi yeni məhsullar, o cümlədən bazarda ilk dəfə olaraq təklif olunan məhsullar hesabına artırmağı bacaracağıq. Biz bu yaxınlarda yeni bir məhsul təqdim etdik – əşyaların itirilməsindən sığortalanma. Hesab edirəm ki, bu məhsul geniş istehlakçı kütləsi üçün olduqca maraqlı məhsuldur. Biz hamımız bilirik evin açarını və ya pasportu itirmək necə xoş deyil. Bu servisimiz itən əşyanın tapılmasında yardımçı olacaq.

- Məzənnə dəyişikliyi baş verən zaman riski üzərinə 1 illik götürən sığortaçı risklərini necə diversifikasiya edir?

- Risklərin diversifikasiyası baxımından sığorta şirkətlərinin imkanları banklara nisbətən azdır. İstənilən ölkənin sığorta bazarı məzənnə dəyişikliyi baş verəndə eyni qaydada reaksiya verir. Biz riski öz üzərimizə 1 illik götürürük. Məzənnə dəyişəndə biz ödənişi yeni tariflə etmək məcburiyyətindəyik, çünki məhsullar idxala, başqa sözlə dollara bağlıdır. Bu fərqi başqa mənbələr hesabına aradan qaldırmaq lazımdır. Heç də bütün şirkətlər şaxələndirilmiş portfelə sahib deyil və bu cür mənbələri tapmaq iqtidarındadır.

- Sığorta agentləri bazarında qarışıqlıq yaranıb. Onların böyük bir qismi iddia edir ki, bəzi şirkətlərin İcbari Sığorta Bürosunun bazasına çıxış imkanı var. Bu, həqiqətən belədir?

- Məncə haqlı rəqabət odur ki, müştəri özü seçsin hansı şirkət daha yaxşı işləyir. Məsələn, müştəri hansı şirkətin daha yaxşı işlədiyini ondan anlaya bilər ki, sığortaçı ona məhsulun üstünlüklərini daha aydın izah edə bilər, məhsulu evə çatdıra bilər, daha yaxşı tarif təqdim edə bilər, keyfiyyətli tənzimləmə təklif edə bilər. Bu cür yanaşmalar bazarı inkişaf etdirir. Müştəri yaxşı məhsulu yaxşı qiymətə ala bilir. Amma müştərinin  əlaqələrinin oğurlanması, bunun ardınca heç bir əsası olmayan "endirimlərin" təklifi bazarı sonu olmayan yola aparır. Müştəriləri başqa şirkətlərdən oğurlayan o şirkətlərdir ki, onlar müflisləşmək həddindədir və onlara təcili pul lazımdır. Sabah nəyin baş verəcəyi onları maraqlandırmır. Təəssüf ki, əhalinin sığorta savadlılığı yüksək səviyyədə deyil və haqsız rəqabətlə məşğul olan şirkətlər bundan istifadə edir. Özü də onlar bunu qanundan kənara çıxaraq edir. Bəs nə etmək olar? Burada əsas yük nəzarətçi orqanların üzərinə düşür. Biz sığortaçılar servislə məşğul olmalıyıq. Bizim üçün haqlı və ədalətli rəqabət üçün bərabər şərait yaradılmalıdır. Alıcı özü hansı məhsulun daha keyfiyyətli olduğuna qərar verməlidir. Pis dediyimiz şirkətlər yavaş-yavaş özləri bazardan gedəcək.

Bizdə "pulu yastıq altında saxlamaq" psixologiyası var. Bu amil maliyyə sektorunun təmsilçisi kimi sığortaçılara da təsirsiz ötüşmür. Sizin üçün bu amil hansı çətinliklər yaradır və bununla necə bacarmaq olar?

Ən sərfəli kredit üçün müraciət et

- Bunun yalnız Azərbaycan xalqının problemi olduğu ilə razı deyiləm. Ruslarda bu cür vərdişə malikdir. Məsələn, Avropada devalvasiya baş verəndə, insanlar banklardan əmanətlərini geri çəkir və yastıq altına qoyur. Bunun əsas səbəblərindən biri insanların sabahkı günə, bazarın dayanıqlığına olan inamsızlıq və s. Əsas problemlərdən biri isə insanların investisiya ilə bağlı maarifləndirilməsidir. Hökumətin və maliyyə bazarının marağındadır ki, insanlar investisiyanın idarə edilməsi ilə bağlı maarifləndirilsinlər.

- Qayıdaq avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına. Bu məhsul üzrə şirkətiniz bazar payı nə qədərdir?

- Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası bazarının təxminən 10-14%-i təxminən "Azsigorta"nın payına düşür. Öz portfelimizdə isə bu məhsulun payı təxminən 30%-dir. Bizi bu rəqəm qane edir və biz bu məhsulu Maliyyə Nazirliyinin müvafiq strategiyası hazırlanmayanadək inkişaf etdirməyəcəyik. Maliyyə Nazirliyi bu sahənin inkişafı üçün kifayət qədər iş görüb. Əsas addımlardan biri İcbari Sığorta Bürosunun yaradılması idi. Maliyyə Nazirliyinin atacağı növbəti addım  mərkəzləşdirilmiş tənzimləmədir. Yəni, bu mərkəzləşdirilmiş bazada biz görəcəyik ki, hansı şirkət nə qədər və nə cür ödəniş edir, dəymiş zərəri necə qiymətləndirir və s. Ümid edirəm ki, bu ilin sonuna qədər bu məsələ həllini tapacaq. Bundan sonra isə, biz artıq 2-3, hətta 4 illik strategiyamızı hazırlaya biləcəyik. Hazırda isə biz görürük ki, bu sığorta növü gəlirli deyil.

Artıq rəsmi səviyyədə də bir neçə dəfə fikir səslənib ki, bəzi icbari sığorta növləri, o cümlədən avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tarifləri artırmaq lazımdır. Bu, nə qədər realdır və nə vaxt baş verə bilər?

- Düşünürəm ki, tarif artımı tez bir zamanda baş verməyəcək. Bu, olduqca güclü sosial addımdır. Rusiya praktikasından çıxış edərək deyə bilərəm ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılması avtomobilçilərə xeyir gətirmədi. Xoşbəxtlikdən, sığorta sahəsində dələduzluğun səviyyəsi Azərbaycanda Rusiyadakından qat-qat aşağıdır. Buna görə, müvafiq olaraq, zərərlilik bizim ölkədə daha aşağıdır. Təkrar edirəm ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hazırda o qədər də gəlir gətirmir. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının gəlirli olduğunu iddia edən şirkətlər yəqin ki, müştərilərinə ödənişlərini tam etmirlər.

"AzSigorta" qiymətli kağızlar bazarında olduqca aktivdir ki, bunu digər sığortaçılar haqqında demək mümkün deyil...

- Bəli, bizim 15 milyon manatlıq ipoteka kağızlarımız var idi, lakin, təəssüflər olsun ki, Maliyyə Nazirliyi bunu bizim kapitala daxil etmədi. Bizim öz siyasətimizə yenidən baxdıq və portfelimizin 20-30%-ni dövlət qiymətli kağızlarında yerləşdirməyi planlaşdırırıq. Bu, bizim investisiya siyasətimizin tərkib hissəsidir.

- Bir az da təkrarsığorta bazarındakı perspektivlər və tendensiyalardan danışaq...

- Bizim təkrarsığorta növü üzrə lisenziyamız var və biz onu yüksək qiymətləndiririk. Təkrarsığortanın problemi sığortaçının hansı müdafiəni almağından ibarətdir. Ona da qeyd edim ki, hazırda biz ən güclü obliqatora malikik. Bu sahədə biz həmkarlarımızla aktiv şəkildə əməkdaşlıq edirik, kimin ki, təkrarsığorta lisenziyası yoxdur, biz onların biznesi qəbul edirik. Biz riskləri diqqətlə analiz edir və qiymətləndiririk ki, şirkətin yüksək səviyyəli dayanıqlığını təmin edək.

Bildiyiniz kimi, mən dünyanın ən iri sığorta şirkəti olan "Allianz"da işləmişəm. Dünyada təkrarsığortaçıların siyasəti ondan ibarətdir ki, risklərlə bölüşmək lazımdır. Biz "PASHA Holding"lə aktiv şəkildə əməkdaşlıq edirik və niyyətimiz budur ki, həmkarlarımız bizim və bazarın risklərini görə bilsin, risklərin qiymətləndirilməsində iştirak etsin.

- Yaxın perspektivdə şirkət nizamnamə kapitalını artırmağı düşünürmü?

- Hələ ki, buna ehtiyac görmürük. Bizim stabil gəlirimiz var və universal, yəni həyat sığortası ilə məşğul olmayan şirkətlər arasında gəlirliliyə görə, biz TOP-a daxilik.

- Həyat sığortasından söz düşmüşkən, "AzSığorta" bu sığorta növü ilə məşğul olmaq üçün lisenziya almağı planlaşdırırmı?

- Dövlətimiz həyat sığortaçılarının sayını artırmağı lazımi bilsə, biz böyük məmnuniyyətlə bu işlə məşğul olarıq. Bir neçə il bundan öncə biz lisenziya almaq üçün müraciət etmişdik, lakin bizə lisenziya verilmədi. Bu, olduqca maraqlı sığorta növüdür. Əhaliyə yığım, pensiya sığortasının, investisiya məhsullarının cəlbedici tərəflərini izah etmək lazımdır. Könüllü həyat sığortası bütün dünyada sığorta sahəsinin drayveri rolunu oynayır. Təəssüf ki, Azərbaycanda bu sahənin inkişafı ləng gedir.

- Bazara diqqət yetirsək görərik ki, kifayət qədər sayda şirkət ölüm-dirim mübarizəsi aparır. Artıq replikalar da səslənir ki, konsolidasiya qaçılmazdır. Sualım konkretdir: "AzSığorta"ya konsolidasiya prosesi maraqlıdırmı?

- Bizə bu proses maraqlıdır. Bununla yanaşı, şirkətlərin adını çəkməyəcəyəm, amma həmkarlarımızla bu istiqamətdə əməkdaşlığı müzakirə etmişik. Gəlin bunu strateji əməkdaşlıq adlandıraq. Düşünürəm ki, bu sualı iki hissəyə bölmək lazımdır. Birinci sual,    yəni kifayət qədər böyük zərərlə işləyən şirkətlər barəsində olan hissəni Maliyyə Nazirliyi cavablandırmalıdır. Onların gəlirli şirkət olması şansı artıq yoxdur. Hazırda bu qəbildən olan şirkətlərin sayı dörddür. Üstəgəl birinin ("Era Trans" - red.) lisenziyasını ləğv etdilər. Hazırda Maliyyə Nazirliyi nə qədər inamlı işləsə, istehlakçılar üçün bir o qədər az problem yaranacaq.

İkinci sual isə birbaşa olaraq konsolidasiyaya aiddir. Biz bu cür müzakirələrin aparılmasında maraqlıyıq. Çünki bu proses nəticəsində bizim müəyyən məsələlərdə qənaət etmiş olarıq, üstəgəl hansısa şirkəti müflisləşmədən qurtararıq. Mənim inteqrasiya sahəsində kifayət qədər böyük təcrübəm var və bu variant Rusiya bazarında aktiv şəkildə istifadə olunur. Konsolidasiyanın təşəbbüskarı qismində adətən zəif şirkətlər çıxış edir. Bizim şirkət bu istiqamətdə isə dialoqa açıqdır.

Hazırda biz aktivə şəkildə zəifləyən şirkətlərin işçilərini daha yaxşı şərtlər əsasında şirkətimizə cəlb edirik. Bu, sağlam prosesdir. Şirkətlərin alışı bizim 2015-ci il üzrə strategiyamıza daxil deyildi, lakin təkrar edirəm ki, biz dialoqa açığıq. 

 

 

 

apa.az