“Dələduzluq hallarının sayının artması ümumilikdə elektron ticarətin inkişafı ilə bağlıdır” | Banco.az

“Dələduzluq hallarının sayının artması ümumilikdə elektron ticarətin inkişafı ilə bağlıdır”

“Kaspersky” azərbaycanlı internet istifadəçiləri arasında sorğu keçirib*. Araşdırma nəticəsində məlum olub ki, sorğuda iştirak edənlərin 87%-i onlayn fırıldaqçılıqla şəxsən qarşılaşıb; respondentlərin yarıdan çoxu (57%) lotereya uduşu təklifi alıb; 21%-i özünü bank işçisi kimi təqdim edən və maliyyə məlumatlarını təsdiq etməyi istəyən şəxslərlə ünsiyyətdə olub; sorğu iştirakçılarının 21%-i az tanınan saytlarda “çox cəlbedici endirimlərlə” alış-veriş edərək sonda əliboş qalıb.

Baş verən halların 88%-də fırıldaqçılar şəxsi telefon nömrələrinə zəng edib və ya mesaj göndəriblər, 83% hallarda isə məktublar respondentlərin və ya onların yaxınlarının elektron poçt ünvanına gəlib. Çox vaxt dələduzlar özlərini bank və maliyyə qurumunun (27%), yaxud da tanınmış brendin əməkdaşı kimi (27%) təqdim ediblər. 65% hallarda respondentlə şəxsən əlaqə saxlanılmayıb.

Fırıldaqçılar daha çox uduşlar (34%), investisiya təklifləri (25%) və ya “asan qazanc” viktorinalarında  iştirak (14%) haqqında mesajlarla insanların diqqətini cəlb etməyə çalışıblar. Dələduzlar müraciətlərində SMS-dəki şifrə və ya kart məlumatını təqdim etməyi (36%), kartdan karta pul köçürməyi (21%) və şəxsi və/və ya ödəniş məlumatlarını (21%) göndərməyi xahiş ediblər.

“Araşdırmamızın nəticələri göstərdi ki, pandemiya və ümumi özünütəcrid dövrü dələduzluğun inkişafı üçün münbit zəmin yaradıb. Bu gün dünyada sosial mühəndisliyin köməyi ilə istifadəçiləri aldatmaq üçün artıq bütöv bir sənaye mövcuddur. Bu təhlükə azərbaycanlılar üçün də getdikcə daha geniş vüsət alır. Bununla bütün bazar iştirakçıları ilə birlikdə mübarizə aparmaq, o cümlədən, istifadəçilərin maliyyə savadlılığı artırmaq lazımdır”, - deyə “Kaspersky”-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

AccessBank-ın Kartlar Departamentinin rəhbəri Sevinc Əliyevanın fikrincə, dələduzluq hallarının sayının artması ilk növbədə ümumilikdə elektron ticarətin inkişafı ilə bağlıdır:“Dələduzluq yolu ilə pul vəsaitlərinin mənimsənilməsi ödəniş kartına dair məxfi məlumatların və kart istifadəçisi tərəfindən SMS bildiriş formasında əldə olunan birdəfəlik şifrənin ələ keçirilməsi ilə baş verir. Bundan əlavə, son vaxtlar fırıldaqçıların bank adından kart istifadəçiləri ilə əlaqə saxlaması və ödəniş kartına aid müəyyən məlumatların açıqlanmasına dair tələblər irəli sürməsi ilə bağlı hallara daha çox rast gəlinir. Belə bir şəraitdə banklar fırıldaqçılıqla daim mübarizə aparır və müştərilərin məxfi məlumatlarının üçüncü şəxslərə açıqlanmamasının vacibliyini vurğulayırlar.  Maarifləndirmə kampaniyaları vaxtaşırı SMS bildirişlər, bankın rəsmi saytında və sosial şəbəkə səhifələrində məlumatların yerləşdirilməsi yolu ilə təşkil edilir”, - deyə S.Əliyeva qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

“Kaspersky” telefon və internet dələduzluğuna qarşı əsas təhlükəsizlik qaydalarını xatırladır:

tanımadığınız şəxslər tərəfindən nəsə təklif etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;

SMS, elektron məktub və ya messencer mesajlarındakı şübhəli linklərə keçid etməyin;

CVV və SMS-də gələn birdəfəlik şifrələri və ya “push” bildirişləri heç vaxt və heç kimlə paylaşmayın;

guya bankdan zəng gələrsə, dəstəyi asın və kartın arxasında göstərilən nömrə ilə banka birbaşa özünüz zəng edin;

fərdi istifadəçilərə fişinq mesajlarını və saytlarını tanıya bilən Kaspersky Internet Security müdafiə həllini yükləmək, şirkətlərə isə Kaspersky Automated Security Awareness Platform-un köməyilə əməkdaşlarının rəqəmsal savadlılığını artırmaq tövsiyə olunur.

* Sorğu ERA Marketing Center şirkəti tərəfindən 2021-ci ilin payızında keçirilib. “Face-to-face” (üzbəüz) üsulu ilə Bakı, Gəncə və Sumqayıt şəhərlərinin kiberdələduzluqla qarşılaşan sakinlərinin fikri öyrənilib. Sorğuda ümumilikdə 18 yaşdan yuxarı 500 insan iştirak edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et