Debet kartlar kredit kartlardan nə ilə fərqlənir? | Banco.az

Debet kartlar kredit kartlardan nə ilə fərqlənir?

Bütün bank kartları şərti olaraq iki yerə ayrılır: Sizin pullarınızın bank hesabında yatdığı kartlar və sizə bankın pullarından borc kimi istifadə etmək imkanı verən kartlar.

Birincilər debet, ikincilər isə kredit kartı adlanır.

Debet kartları

Debet kartları istənilən növ istifadəçi üçün rahat ödəniş vasitəsidir. Hesabınızda məhz sizin həmin hesaba daxil etdiyiniz qədər vəsait olur. Hansı bankın kartından istifadə etməyinizdən asılı olaraq, banklar həmin kartdakı hesaba hətta faizlər də əlavə edə bilər. Lakin bu zaman mahiyyət etibarı ilə kartınızdakı pul xüsusi növ əmanətə çevrilmiş olacaqdır.

Debet kartları əsasən işləyən əhaliyə öz əməkhaqqısını almaqdan ötrü verilir. Bu vəsaitlərin hərəkətini daha şəffaf edir və insanlarda yeni texnologiyalardan istifadə etmə vərdişi yaradır.

Debet kartını əldə etmək üçün istənilən bank filialına öz şəxsiyyətinizi təsdiq edən sənədlə yaxınlaşmağınız kifayətdir. Bu zaman kartın verilmə şərtləri ilə də tanış olmağınız tövsiyə olunur. Belə ki, bir çox müəssisələrdə debet kartı üçün illik xidmət haqqı alınır, həmçinin ilkin mədaxil məbləği ilə bağlı müəyyən şərtlər olur (məsələn, min 200 AZN və ya min 50 AZN). Lakin kartların tamamilə pulsuz verildiyi və heç bir digər şərtin irəli sürülmədi banklar da vardır.

Kredit kartları

Kredit kartlarını almaq isə daha çətindir

Bundan ötrü siz öz gəlirlərinizi təsdiq edən sənədlər təqdim etməli olacaqsınız. Bu, ilk növbədə, sizin iş yerinizdən arayış, təqaüd kitabçası və s ola bilər. Siz öz ödəmə qabiliyyətinizi sübut etməlisiniz. Bu zaman sizə kredit limiti yəni sizin bankdan borc ala biləcəyiniz maksimum məbləğ müəyyən ediləcək.

Bir müddət öncəyə qədər banklar kredit kartlarının, o cümlədən, hissə-hissə ödəniş kartlarının verilişi şərtlərini asanlaşdırmışdı. Hazırda isə Mərkəzi Bankın sərt təlimatatlarından sonra kredit kartları arayışsız verilmir.

Nağd kreditlərdə olduğu kimi kredit kartlarında da siz öhdəlik daşıyırsınız. Kartın növündən asılı olaraq, siz istifadə etdiyiniz məbləği müxtəlif şərtlərlə geri qaytara bilərsiniz. Məsələn, bəzi kartlar vardır ki, siz istifadə edilən məbləği dərhal deyil, yalnız müddətin sonunda bütünlüklə geri qaytarmaq imkanına maliksiniz və aylıq olaraq, sadəcə faizləri ödəyirsiniz. Həmçinin kartdan istifadə etdiyiniz məbləği annuitet qaydasında aylıq ödədiyiniz kartlar da vardır. Əgər qaydalara riayət etməsəniz, borcunuz üzərinə əlavə cərimələr və penyalar hesablanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Kredit kartları öz istifadəsinin rahatlığı ilə seçilir. Siz istənilən zaman kredit kartı ala bilər, lakin məbləği dərhal çıxarmaya da bilərsiniz. Məbləği istifadə etməyənə qədər həmin məbləğə faizlər hesablanmır.

Hər hansı bir səbəbdən pula ani ehtiyacınız olduqda artıq banka getmək zərurəti qalmadan, kartınız vasitəsilə pul çıxarmaq imkanınız olacaq. Bununla da, o, nağd kreditlərdən daha üstündür. Çünki nağd vəsait sizə təqdim edildiyi andan onun üzərinə faizlər hesablanır. Kredit kartlarında isə faizlər yalnız sizin istifadə etdiyiniz məbləğə hesablanır.

Məsələn limitiniz 2000 AZN-dir, sizə təcili 150 AZN lazım olub və siz onu kartdan çıxardınız. Ödəməli olacağınız faizlər 150 AZN-ə hesablanır.

Həmçinin kartlarda verilən kreditlərin qiyməti daha ucuz olur, yəni faizlər daha aşağıdır.

Overdraft debet kartları

Debet və kredit kartları arasında ortaq həlqə rolunu isə overdraft icazəsi olan kartlar oynayır. Overdraft debet kartıdır, daha çox əməkhaqqı və ya təqaüd kartlarında tətbiq edilir. Müştəriyə balansındakı məbləğ bitdikdən sonra da əməliyyat aparmaq imkanı verir. Onun xərclədiyi məbləğ növbəti ay əməkhaqqısından və ya təqaüdündən tutulur. Adətən, banklar overdraftı ödənişsiz təqdim edirlər. 

Məsələn, hazırda pensiya kartlarının hamısında 100 AZN-ə qədər overdraft nəzərdə tutulub, lakin onlar bu məbləği yalnız nağdsız ödənişlərdə istifadə edə bilərlər.

Lakin heç də bütün banklar təqdim etdiyi overdraft xidmətində belə bir məhdudiyyət nəzərdə tutmur. Overdraft xidmətində balansdan əlavə xərclənmiş pulu geri ödəmək üçün müəyyən müddət nəzərdə tutulur. Müştəri həmin müddət limitini pozduqda, ona ciddi cərimələr tətbiq edilir.

Könül Soltanova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et