Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov 2015-ci ildə KASKO sığorta üzrə sığortaçıların sığorta haqlarının cüzi artımını proqnozlaşdırır.
“2014-cü ilin yanvar-noyabr ayları ərzində KASKO sığorta üzrə sığortaçıların sığorta haqları ötən ilin analoji dövrü ilə müqayisədə 33,4% - 34,5 mln. manatadək azalıb. Bu azalma ilin əvvəlindən avtokreditləşmə qaydalarının sərtləşdirilməsi və Azərbaycana avtomobillərin idxalının 40% azalması ilə əlaqədardır”, - deyə O.Bayramov məlumat verib.
Qiymətləndirmələrə görə, 2015-ci ildə bu sığorta növü üzrə sığortaçıların sığorta haqlarının artımı müşahidə olunacaq. “Çox olmasa da, müəyyən artım müşahidə olunacaq”, - deyə o əlavə edib.
O.Bayramov vurğulayıb ki, 2014-cü ilin 11 ayı ərzində KASKO sığorta üzrə sığortaçıların ödənişləri 2,9% artıb.
interfax.az