COVID-19 qlobal bank sektoruna necə təsir göstərir? | Banco.az

COVID-19 qlobal bank sektoruna necə təsir göstərir?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı

Dünyada maliyyə bazarlarına nəzarət qurumları COVID-19 pandemiyasının təsirinin öhdəsindən gəlməyə çalışırlar. Son günlərdə beynəlxalq təşkilatlar böhran səbəbi ilə artan istehlak borcu və maliyyə istehlakçılarına yönəlmiş pandemiya təşvişindən istifadə edən dələduzluq halları ilə bağlı narahatlıqları xüsusilə vurğulayırlar. Tənzimləyicilər istehlakçılar üçün risklərin artdığını anlayır və çoxları buna pandemiya ilə bağlı karantinin yumşalması üzrə tədbirləri səbəb görürlər. COVID-19 pandemiyası işsizlik və yoxsulluq səviyyəsinin artmasına, bu sahəyə təsir göstərən görünməmiş qlobal tənəzzülə səbəb oldu. Bu makroiqtisadi şokun azaldılmasında isə maliyyə sektoru mühüm rol oynayır. Likvidlik problemləri ödəmə qabiliyyəti ilə bağlı problemlərə səbəb olduğu üçün borc üzrə defoltlar artmağa və bank sisteminə təzyiq etməyə davam edir. Bununla belə, G20 ölkələrinin maliyyə tənzimlənməsi islahatlarının həyata keçirilməsi sayəsində qlobal bank sistemi daha güclü mövqedədir. Bu islahatlara böhrandan əvvəlki tənzimləmə bazasının çatışmazlıqlarını aradan qaldırmağı və real iqtisadiyyatı dəstəkləyən dayanıqlı bir bank sistemi üçün idarəetmə və nəzarət bazasının təmin edilməsini hədəfləyən “Basel III: böhrandan sonra islahatların yekunlaşdırılması” qanunverilicilik toplusunun hazırlanması aiddir. Halbuki, mövcud böhranın görünməmiş xüsusiyyətlərini nəzərə alaraq, maliyyə tənzimləyiciləri və nəzarətçiləri maliyyə sabitliyini qorumaq, əsas bazarların yaxşı işləməsi və kreditlərin real iqtisadiyyata axınının təmin edilməsi problemləri ilə üzləşirlər. Bəzi inkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan ölkələrdə (EMDE) mövcud problemlər xüsusilə mürəkkəbdir. Çünki bəzi ölkələrin maliyyə sektorunda məhdud bufferləri, nəzarət imkanları və COVID-19-a qədər mövcud olan çatışmazlıqları var.

Pandemiyanın bank sektoru üçün yaratdığı risklər

Pandemiyanın trayektoriyası ilə müəyyən ediləcək böhranın qeyri-müəyyən davam etmə müddəti siyasətçilər üçün əsas dilemmadır. Belə ki, böhranın ilk aylarında əmək haqqı subsidiyaları kimi qısamüddətli yumşalma tədbirləri gəlirlərin qorunmasında çox təsirli addım hesab olunur. Lakin böhran davam edərsə resurslar tükəndikcə, bu artıq effektsiz həll yolu ola bilər. Bu səbəbdən müvafiq tədbirlər ölkənin mövcud imkanları, habelə fiskal məkanı nəzərə alınmaqla vaxtında həyata keçirilməli və zamanında cavab verə bilmə qabiliyyəti təmin olunmalıdır.

Banklar 2008-ci il böhranındakı rolları ilə müqayisədə, hazırda pandemiyanın yaratdığı risk şəraitində dünya iqtisadiyyatını çökməkdən xilas etmək üçün görünməmiş trilyonlarla dollar təşviq proqramının yayılmasına kömək etməkdə əsas funksiyanı daşıyırlar. Hökumətlər və mərkəzi banklar pulun böyük hissəsini təmin etsələr də, borc verənlərdən ən çox ehtiyacı olan şirkətlərə və istehlakçılara dəstəyin təmin edilməsi üçün "köçürmə mexanizmi" rolunda çıxış etmələri istənilir. Belə ki, bankların onlara yeni yaranan etimadı qoruya bilmə bacarığı, koronavirusa və onun vurduğu ziyana qarşı durma qabiliyyətindən çox asılıdır. Başqa sözlə, bankların və bütövlükdə maliyyə sisteminin sabitliyinin həqiqi sınağı hələ qarşıdadır. Aviaşirkətlərdən tutmuş pərakəndə satışa qədər qlobal iqtisadiyyatın böyük bir payı qazanclarının demək olar ki, yoxa çıxmağının şahidi olur. Əlavə olaraq, bir çox şirkət və istehlakçının borc öhdəliklərini yerinə yetirə bilməyəcəyi, bunun da banklar üçün bir sıra ağrılı kredit itkisinə, nəticədə gəlirliliyə təsir edəcəyi və balanslarında boşluğun yaranmasına səbəb olacağı proqnozlaşdırılır. Bununla yanaşı, pandemiya zamanı mərkəzi bankların iqtisadiyyatı dəstəkləmək üçün təqdim etdiyi ultra aşağı faiz dərəcələri kredit verməkdən əldə olunan mənfəətə əlavə təzyiq göstərəcəkdir.

Belə ki, “Standard &Poor's” reytinq agentliyi aprel ayının əvvəllərində keçən il 195 milyard dollar qazanc gətirən ABŞ bank sənayesinin növbəti 12 ayda 15 milyard dollar itirə biləcəyini proqnozlaşdırmışdı. Həmçinin, Berenberg analitikləri ABŞ və Avropada bankların bu və gələn il gəlirlərində orta hesabla 30 faiz azalma ilə üzləşə biləcəklərini söyləyirlər. Digər tərəfdən, “McKinsey” pandemiyadan bərpa ssenarisinə əsasən Avrozonanın ümumi daxili məhsulunun 2020-ci ildə 11% enəcəyi, Avropa banklarının maliyyə böhranları və suveren borc böhranlarından sonra daha çox tənəzzülə uğramasını proqnozlaşdırır. Bankların kredit riskinin artması halında, gəlirləri 40% aşağı düşə bilər. Hətta 2024-cü ilə qədər bankların pandemiyadan əvvəlki gəlirlilik səviyyəsinə qayıda bilmələri mürəkkəb hesab olunur və bu baxımdan kapital inyeksiyaları qaçılmaz görünür.

Ümumilikdə, pandemiyanın bank sektoru üçün yaratdığı riskləri yüksək və orta təsir dərəcəsinə görə aşağıdakı qaydada qruplaşdırmaq mümkündür:

Yüksək təsir dərəcəsinə malik risklər

Valyuta riski- Xarici valyuta aktivləri və öhdəlikləri uyğun olmayan bir çox bank, son dövrlərdə valyuta məzənnələrinin yüksəldilməsi ilə yanaşı xarici valyuta aktivlərində gözlənilən defoltlar səbəbindən ciddi valyuta riskinə məruz qala bilər.

Kredit riski- İqtisadi fəallığın azalması, aşağı dəyərli kompensasiya, daha yüksək kreditlərin alınması və daha çox mənfi təsirə məruz qalan sekorların müştərilərinin kredit reytinqlərinin aşağı düşməsi nəticəsində artan defoltlar bu riskə səbəb ola bilər. Dəyərsizləşmə səbəbindən kredit portfelinin gözlənilən azalması bankların kapital adekvatlığı əmsalı (CAR), kredit-əmanət əmsalı (LDR) və qeyri-işlək kredit əmsalı (NPL) kimi müəyyən nisbətləri qarşılamaq qabiliyyətinə təsir göstərə bilər.

Likvidlik riski- Kredit ödəmələrindən pul vəsaitlərinin daxilolmalarının azalması, əmanətçilərin nağd pul vəsaitlərini öz maliyyələşdirmə ehtiyaclarını ödəmək və ya etibarlı keyfiyyət vəd edən bank xidmətləri baxımından pullarını çıxarmaq istəyinin artması bankların likvidliyinə təsir göstərə bilər.

Kiber təhlükə-Uzaqdan işləmə şərtlərinin və rəqəmsal xidmətlərin tətbiqi, yeni hücum üsulları ilə uzaqdan giriş zəifliklərindən istifadə etməyə çalışan kiber təhdidlərlə bankların İT şəbəkəsinin hücum səthini genişləndirir.

Orta təsir dərəcəsinə malik risklər

Gəlirlilik riski-Aşağı işgüzar aktivliyin, yüksək dəyərsizləşmənin və mümkün əməliyyat və dəyər itkilərinin birləşdirilmiş təsiri mənfəət səviyyəsinin aşağı düşməsinə və kapital itkisinə səbəb ola bilər.

Fəaliyyət riski-İşin icrası və prosesin idarəedilməsində səhvlər və işçilərin iş tənzimləməsindəki dəyişikliklər səbəbi ilə sistem səhvləri və işdəki fasilələrin yarada biləcəyi təhlükələr artır.

Banklar təkcə digər sektorlarla deyil, həm də əvvəlki böhranlarla müqayisədə daha çox zərərə məruz qalırlar. Xüsusilə, son vaxtlarda qismən bərpa olunmasına baxmayaraq, bank səhmlərinin qiymətlərinin azalması 2008-ci ildə LehmanBrothers-indağılmasından sonrakı dövrlə bərabər səviyyəyə gəlib çatıb. Eyni hal standart kredit defolt mübadiləsi (CDS) səviyyəsinin artmasına da aid edilir. Bu hadisələrə uyğun olaraq, Covid-19-un bank mənfəətinə təsiri ilə bağlı narahatlıqları əks etdirən uzunmüddətli bank reytinqlərinin proqnozu pisləşməyə başlayıb.

Risk əsaslı aktivlər (RWA) də kapitalın tükənməsi, aşağı kredit reytinqi və bazar dəyişkənliyinin artması səbəbindən əhəmiyyətli dərəcədə artacaqdır. Bu isə öz növbəsində böhran vəziyyətindən qorunmaq üçün tələb olunan kapital norması olan Birinci Səviyyəli Ümumi Kapital (CET1) nisbətini əhəmiyyətli dərəcədə endirəcəkdir. Qeyri-bərabər dərəcədə təsirlənən və ya kapitallaşma problemi olan fərdi banklar bərpa tədbirlərinə ehtiyac duya bilər, lakin kapital cəlb etmək çətinliyi ilə üzləşə bilərlər. Banklar artıq kapitalın ümumi səviyyəsinin azalmasını qarşısını almağa çalışırlar. Bir çoxları kapitalın qorunması və dəyişən xərclərə daha ciddi nəzarət etmək üçün dividentləri dayandırırlar. Maliyyə bazarlarına nəzarət qurumları isə yeni sərt kapital tələblərinin tətbiq edilməsini təxirə salmaqla banklara dəstək verirlər.

Məlumdur ki, hökumətlər və mərkəzi banklar, II Dünya Müharibəsindən bəri görünməyən geniş miqyasda, mərkəzi bank təminatlı kreditlərdən tutmuş ABŞ aviasiya sektoru da daxil olmaqla sənayelər üçün zəmanət və kreditlərə qədər fiskal və monetar stimullaşdırma proqramlarına başlamışlar. Banklar digər sektorlara dəyən zərəri və itkini absorbsiya edə bilsələr də, siyasətçilər tərəfindən verilən qərarlar bank sektorunun özünə uzun müddətli ziyanın dəyməsinə səbəb ola bilərlər. Banklar tərəfindən hazırda tətbiq edilən aşağı faiz dərəcələri isə əmanətçilərin öz depozitlərini banklardan çəkməkləri ilə nəticələnə bilər.

Pandemiyanın rəqəmsal bankçılığa təsiri

Bankçılığın bəzi hissələri digərlərinə nisbətən daha davamlı, çevik olmasına baxmayaraq kredit itkilərinin şiddəti bankların fərdi strategiyalarını müəyyənləşdirəcək və bütövlükdə bu sektorun xərcləri azaltması ilə bərabər texnologiyaya investisiya qoyması zərurətini yaradacaq ki, bu da çağırışlarla kombinə ediləcəkdir. Örnək olaraq, “McKinsey” şirkətinin aprel ayında apardığı Avropa müştəri sorğusu son bir ayda müştəri davranışının və ehtiyaclarının necə dəyişdiyini göstərir: rəqəmsal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə qalxır, nağd pul istifadəsi azalır, müştərilərin 30-40 faizi məsləhət almağa daha çox ehtiyac duyduğunu bildirib, həmçinin 20-40 faizi böhranın aradan qaldırılmasında kömək edəcək bank məhsullarına daha çox üz tutmağa başlayıb. Nəticədə banklar bu artan ehtiyacları ən yaxşı şəkildə qarşılaya biləcəyi təklif və istiqamətlər üzərində düşünməyə başlayıblar. Bununla yanaşı, tədarük zəncirləri pozulub və Avropa ölkələrinin ixrac həcmi 30 faiz azalıb. Bu ayrı-ayrı ölkələrin xüsusilə ərzaq və tibbi təchizat kimi kritik sektorlarda daha çox özünü təmin etməsi üçün bir stimul yaradıb deyə bilərik. Belə olduğu halda da, dövlətlər yerli şirkətləri milli iqtisadiyyatdakı boşluqları doldurmağa təşviq etdikləri üçün banklar həm kapital, həm də əməliyyat xərcləri baxımından zəruri maliyyələşmənin çoxunu təmin etməli olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Pandemiya böhranı rəqəmsal xidmətlərə keçidi təmin edən proqramlar ilə işləyən banklar üçün bir sınaq olmağa başlayıb, çünki rəqəmsal qarşılıqlı əlaqə müştərilərin əsas seçiminə çevrilir. Rəqamsal aktivlərə artan ehtiyac bir çox banklar üçün çətinliklər yaratmağa başlayıb, digər tərəfdən isə daha yetkin banklar bu dövrdə sektorda üstünlük əldə edə bilərlər. Sözü gedən vəziyyət banklardan prioritetlərini yenidən nəzərdən keçirmələrini və müştərilərinin etimadını qorumaq üçün yeni xidmətlərintətbiqinə başlamağa cəhd etmələrini tələb edir. Bankların filial şəbəkələrinin saxlanması xərclərinin azaldılması və həmin vəsaitlərin investisiyaların dəstəklənməsi istiqamətində istifadə edilməsinin daha səmərəli imkanlar yarada biləcəyi də son hadisələrdə bir daha sübut olundu. Belə ki, ilkin istiqamət müştərilərin istəklərinin təhlil edilməsi və buna uyğun yeni xidmət növlərinin formalaşdırılmasıdır. Likvidlik ilə bağlı yaşanan problemlər bankların hansı müştəriyə xidmət edə biləcəyini müəyyən etmək üçün qabaqcıl analitik bacarıqlarını gücləndirmələrini və bundan sonra onlar üçün fərdi təklif formalaşdırmalarını təşviq etdi.

Bundan başqa, rəqəmsal satış və xidmətə keçidə və fiziki xidmətlərinin paylanmasının yenidən nəzərdən keçirilməsinə fokuslanmaq zərurəti yaranmışdır. Bir neçə ildə arta biləcək rəqamsal bankçılığın müştəri qəbulunun pandemiya dövründə cəmi bir neçə ay ərzində inkişafının təmin edilə biləcəyi müşahidə olundu. McKinsey tərəfindən Fransa, İspaniya, İtaliya, Almaniya, Portuqaliya və İngiltərədəki pərakəndə bank müştəriləri üzrə aprelin ortalarında aparılan sorğu göstərir ki, bütün ölkələrdə onlayn bank istifadəsində ən azı İtaliyada 7%, ən çoxu isə Portuqaliyada 19%-ə qədər artım müşahidə olunub. İspaniya və İngiltərədəki hər beş müştəridən biri isə ilk dəfə mobil xidmətlərdən istifadə etdiyini bildirib. Ümumilikdə, Avropa ölkələrində rəqəmsal bank xidmətlərindən istifadənin 10-20% artdığı məlum olub. Eyni zamanda, risk xərclərinin və azalan gəlirlərin kəskin təsirini aradan qaldırmaq və müasir rəqəmsal imkanlardan yararlanmaq üçün öz ehtiyatlarından daha səmərəli qaydada istifadə edilməsi məqsədilə banklar növbəti iki-üç il ərzində xərcləri 25-35 faiz artırmağa səy göstərməli, risk və kapital idarəetməsini ikiqat gücləndirməlidirlər.

Real sektoru dəstəkləyən və maliyyə sisteminin adekvat likvidliyinin qorunmasını təmin edəcək hansı addımlar atıla bilər?

  Böhran "likvidlik mərhələsindən" keçib "ödəmə qabiliyyəti mərhələsinə" gəldiyi üçün hökumətlərin effektiv iflas və yenidən qurulma sistemləri, dövlət zəmanəti və digər dəstək, özəl sərmayə, sənayeyə aid dövlət səhmdar inyeksiya proqramları da daxil olmaqla bir sıra siyasi qərar vermə alətlərini nəzərdən keçirmələri və aktivlərin idarə edilməsi təşkilatlarının yaradılması kimi həlli yollarının dəyərləndirmələri zərurəti yaranmış ola bilər. Müvafiq qurumların bankların kapital bufferlərdən pandemiya nəticəsində yaranan zərərləri absorbsiya etmək və real iqtisadiyyatda əsas maliyyə xidmətlərini saxlamaq üçün istifadəsi məqsədə müvafiqdir. Həmçinin, banklar tərəfindən böhranın təsiri aydın olana qədər kapitalın paylanmasını müvəqqəti olaraq məhdudlaşdırılmalı (məsələn, dividend ödənişləri, səhm satınalmaları, eksklüziv bonus ödənişləri) və bufferlər müvafiq müddət ərzində yenidən qurulmalıdır. Bundan başqa, bütün banklarda adekvat likvidlik təmin edilməlidir. Bu baxımdan banklar likvidlik stres testinin, monitorinq limiti/həddi dəyərləri, likvidlik dərəcəsi nisbəti (LCR) kimi nəticələri və s. barədə gündəlik hesabatları diqqətlə analiz etməli və nəzarətdə saxlamalıdır. Likvidlik stres göstəriciləri müntəzəm olaraq yoxlandığı halda, hər hansı bir likvidlik kəsirinin həcmini və təsirini müəyyənləşdirmək üçün mütəmadi təhlil aparılması zəruridir. Aktivlərin təminatlı maliyyələşdirilməsinə/satışına təsir edən amillər (bazara çıxış daxil olmaqla) təhlilə daxil edilməlidir. Eyni zamanda, banklar uzaq məsafədən bankın əsas fəaliyyət istiqamətlərinin icrasını, bankın fəaliyyətinin süphəsiz davamlılığını və müştərilərə xidmət səviyyəsinin mümkün səviyyədə dəyişməməsini təmin etmələri zəruridir.

Aparılan təhlillər nəticəsində iqtisadçılar beynəlxaq səviyyədə fiskal və monetar siyasətin birgə tətbiqində monetar siyasətə daha az rol verməklə kombinativ həyata keçirilməsini tövsiyə edirlər. Korporativ sektorda firmaların artan borclanmasının səbəblərini nəzərə alsaq, əsasən bankların likvidlik bufferləri onlara müəyyən kapital limitləri qoyduğu halda faiz dərəcələrinin aşağı salınması və ya aktivlərin kəskin alışları, likvid vəsaitlərin çatışmazlığı probleminin effektiv həlli yolları hesab oluna bilməz.

 Banklara strateji və biznes modelleri üzrə əsas tövsiyələrdən biri onların kredit müştərilərinin hərtərəfli təhlilini aparmaq, hər bir müştəri kateqoriyasının baş verənlərin təsirinə olan həssaslıq səviyyəsini qiymətləndirmək və ssenarilər əsasında riskə əsaslanan risk azaltma strategiyasının hazırlanmasıdır. Həmçinin, rəqəmsal xidmət çeşidlərinin artırılması və əsas müştərilər üçün xüsusi kömək xətlərinin formalaşdırılması, böhrandan daha çox təsirlənən əsas sektorlardan olan müştərilərə məsləhət xidmətlərinin təklif edilməsi də bura aiddir. Eyni zamanda, əməliyyat riski ssenarilərinin təhlili, planlaşdırması, siyasəti və prosedurlarını son hadisələrə uyğun yenilənməsi aparılmalıdır. İstehlakçılara dərhal dəyə biləcək zərərlər riski və böhranın sürətlə dəyişən təbiəti nəzərə alınmaqla hüquqi tənzimləyicilər və bank sektoru arasında sıx dialoq çox vacibdir. Bundan başqa, müştərilərin hüquqlarının qorunması məqəsidlə baş verə biləcək fırıldaq halları ilə bağlı onların mütəmadi məlumatlandırılmasını təmin etmələri hazırki dövrdə daha əhəmiyyətlidir.

Aparılan təhlillərə görə, Avropa üçün cari vəzifə iki aspektə malikdir: birincisi, firma səviyyəsində pandemiya ilə əlaqəli yaranan pul axını kəsirinin vaxtında ölçülməsi üçün alətlər; ikincisi, təsirlənmiş şəxslərə, firmalara və banklara vəsaitlərin səmərəli yönəldilməsi üçün istiqamətlər tapmaq. Firmalara birbaşa və hədəfli şəkildə çatmağın sınanmış və etibarlı yolu Almaniyada yaxşı qurulmuş Kurzarbeit sxemləri ola bilər. Belə sxemlərdə nağd pul çatışmazlığı olan firmalar əmək haqqı hesabının bir hissəsini müvəqqəti xaric edə bilərlər. Bu sxemə görə, işçilər, məsələn, tam iş günü əvəzinə yarı gün işləyir, 60%-ni və adi əmək haqqının 84% -ni alırlar, çünki sosial təminat fondları tərəfindən maliyyələşdirilən milli işsizlik sığortası sxemi əmək haqqının azaldılmasının 60% -ni əhatə edir. Bənzər meyarlara cavab verən başqa alternativ sxemlər də qəbul edilə bilər. Məsələn, firma səviyyəsində nağd pul axını çatışmazlığı, əlavə dəyər vergisi (ƏDV) ödəmələrindən hesablana bilər. Əvvəllər ödənilmiş ƏDV ödənişlərini meyar kimi istifadə edərək, bir firmanın likvidlik çatışmazlığını qiymətləndirmək olar. Çatışmazlıq məbləği sonra firmaya dövlət tərəfindən dəstəklənən bir kredit kimi təklif edilə bilər.

Yekun

Pandemiyanın yaratdığı böhran ilə mübarizədə bu günə qədər qlobal miqyasda həyata keçirilən 1415 tədbirin yarısından çoxu bank sektoruna yönəldilib  və bu kateqoriyada isə demək olar ki, görülən işlərin üçdə ikisi tənzimləyicilər və idarəedicilər tərəfindən kredit davamlılığını qorumaq üçün həyata keçirilən prudensial tədbirlərdir. Prudensial kateqoriyada izlənilən əsas tədbirlər bunlardır: kreditlərin ödənilməsinin müvəqqəti dayandırılması (bütün prudensial tədbirlərin 18%-i), kreditlərin restruktrizasiyasına dəstək (10%), qeyri-işlək aktivlərin nisbətinin(NPA) təsnifat və ya təminatını zəiflətmək (müvafiq olaraq 7% və 6%) və mövcud kapital buferlərinin azaldılması və ya təxirə salınması (6%).

Bu böhran dövrü bankların mədəni dəyərlərini yenidən nəzərdən keçirmələri üçün də əlverişli vaxt ola bilər. Nəzarət əsaslı dəyərlərdən intellektual nəzarət ilə dəstəklənən güclü dəyərlərə keçid Avropa banklarını qeyri-sabit bir gələcəkdə sürətli bərpa olunmasına istiqamətləndirə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et