Çin şirkəti "Anta Sports" "Puma"nın ən böyük səhmdarı olacaq | Banco.az

Çin şirkəti "Anta Sports" "Puma"nın ən böyük səhmdarı olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin şirkəti "Anta Sports" "Puma"nın ən böyük səhmdarı olacaq.

Banco.az xəbər verir ki, "Anta Sports" tərəfindən yayımlanan açıqlamada Çin şirkətinin Fransa mənşəli Pino ailəsinə məxsus investisiya şirkəti "Artemis" ilə "Puma"nın 29,06 faiz səhmini ümumilikdə 1,51 milyard avroya satın almaq üçün razılığa gəldiyi bildirilib.

"Anta Sports" sözügedən pay üçün hər səhmə 35 avro təklif edib. Bu məbləğ Almaniya birjasında ticarət olunan "Puma" səhmlərinin 26 yanvar tarixli bağlanış qiymətindən 62 faiz yüksəkdir.

Açıqlamada qeyd olunub ki, satınalma başa çatdıqdan sonra "Anta Sports" "Puma"nın müşahidə şurasında təmsil olunmağı planlaşdırır. Həmçinin bu satınalmanın "Puma"nın beynəlxalq rəqabət qabiliyyətini artıracağı və brend tanınırlığını genişləndirə biləcəyi vurğulanıb.

Qərb brendlərinin satın alınması sahəsində təcrübəli olan "Anta Sports" 2019-cu ildə "Wilson" və "Salomon" kimi brendlərin sahibi olan "Amer Sports"u satın almaq üçün yaradılan konsorsiuma da liderlik etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram