Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin xarici investorlara bəzi şəhərlərdə xəstəxanalar açmağa və biotexnoloji fəaliyyətlər aparmağa icazə verəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyi, Milli Səhiyyə Komissiyası və Milli Sağlamlıq Məhsulları Administrasiyası tərəfindən açıqlanan yeni qaydaya əsasən, Pekin, Tianjin, Şanxay, Nansinq, Sucou, Fucou, Quangcou, Sincan və Hainan əyalətlərində xarici investorlara məxsus xəstəxanaların fəaliyyət göstərməsinə icazə veriləcək.
Xarici investorlar həmçinin Pekin və Şanxay şəhərlərində, Quanqdonq və Haynan əyalətlərində biotexnologiya sektorunda fəaliyyət göstərə, insan kök hüceyrəsi və gen diaqnostikası texnologiyalarında tədqiqat və tətbiqlər apara, milli səviyyədə etibarlı kütləvi istehsal və bazar lisenziyaları üçün müraciət edə biləcəklər.
Digər tərəfdən, Çin Ticarət Nazirliyi və Milli İnkişaf və İslahat Komissiyası xarici sərmayə qoyuluşunun qadağan olunduğu sektorların yer aldığı “mənfi siyahı”nın yenilənmiş variantını dərc edib.
Sonuncu dəfə 2021-ci ildə yenilənən “mənfi siyahı”nın yeni versiyasında bütün istehsal sektorlarında xarici investisiyalara qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Yeni siyahıda məhdudiyyətlərə məruz qalan sektorların sayı 31-dən 29-a endirilib.
Pekin, Şanxay, Sincan və Haynandakı azad ticarət pilot zonalarında bulud hesablamaları, internet məlumat mərkəzləri, məzmun çatdırılması şəbəkələri və internet xidmət provayderləri kimi əlavə dəyərli telekommunikasiya xidmətlərinə xarici investisiya məhdudiyyətləri də aradan qaldırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!