Çin iqtisadi artımın və texnoloji tərəqqinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb | Banco.az

Çin iqtisadi artımın və texnoloji tərəqqinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin prezidenti Şi Cinpin Yeni il təbrikində iqtisadi artımın və texnoloji tərəqqinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.

Banco.az xəbər verir ki, Çin Dövlət Prezidenti Şi Cinpin 2026-cı ilə dair müraciətində Çin xalqına iqtisadi artımın və texnoloji inkişafın davam etdiriləcəyi ilə bağlı etimad mesajı verib.

Dövlət mediasında yayımlanan Yeni il müraciətində Şi 2026–2030-cu illəri əhatə edən 15-ci Beşillik İnkişaf Planına güclü başlanğıc verilməsinin vacibliyini vurğulayıb.

2025-ci ilin 14-cü Beşillik İnkişaf Planının yekunlaşdığı il olduğunu xatırladan Şi, Çin tərəfindən bu plan çərçivəsində qarşıya qoyulan hədəflərə nail olunduğunu və modernləşmə prosesində mühüm irəliləyişlərin əldə edildiyini qeyd edib. O, qarşıdakı beş il ərzində də iqtisadi artımın və texnoloji tərəqqinin davam etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Şi çıxışında “İqtisadi gücümüz, elmi və texnoloji potensialımız, müdafiə qabiliyyətimiz və ümumi milli gücümüz daha yüksək səviyyəyə çatıb” ifadəsini işlədib.

Çinin innovasiya potensialının dünyada ən sürətlə inkişaf edənlər sırasında yer aldığını bildirən Şi süni intellekt, çip istehsalı, kosmos və aviasiya, eləcə də hərbi texnologiyalar sahəsində əldə olunan nailiyyətlərə diqqət çəkib.

Şi həmçinin bildirib ki, Çin iqtisadiyyatının 2025-ci ildə qarşıya qoyulan 5 faiz artım hədəfinə çatacağı və ümumi daxili məhsulun 140 trilyon yuan, yəni təxminən 20 trilyon dollar səviyyəsinə yüksələcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram