Çılpaq İqtisadiyyat | Banco.az

Çılpaq İqtisadiyyat

Qısa müddət əvvəl Readit.az saytı öz kitabxanasına daha bir maraqlı və məlumatlarla zəngin kitabın qısa məzmununu əlavə etdi. Bu kitab Çarlz Uilan tərəfindən yazılan "Çılpaq İqtisadiyyat" kitabıdır. Bu yazıda sizi qısaca kitabla tanış etmək istərdik.

Qeyd etmək istərdik ki, Readit layihəsinin “Daha Ağıllı ol!” kitabının satışı hələ də davam edir. Oxucular bu kitaba online ödəniş etdikdə www.readit.az saytından əlavə olaraq 5 kitabın qısa məzmununa online giriş hüququ qazanacaqlar. => Daha ətraflı

"Çılpaq İqtisadiyyat" iqtisadiyyatın hər bir aspektinin digərinə necə təsir etdiyini izah edən bir çox bölmələrdən ibarətdir. Uilan dövlətin bazarlara, həmçinin iqtisadiyyata müdaxilə etməməli olduğunu düşünür. Müəllif oxucuya Bill Qeyts kimi insanların niyə varlandıqlarını və bu zənginliyi necə qoruyub saxladıqlarını izah edir, Dünya Bankının necə işlədiyini və niyə vacib olduğunu açıqlayır. Kitabın ən əhəmiyyətli xüsusiyyətlərindən biri odur ki, burada həddindən artıq riyaziyyat və ya qrafiklərə yer verilməyib; o hamının başa düşə biləcəyi aydın bir dillə yazılıb.

Kitabın əvvəlində Uilan azad bazar iqtisadiyyatından bəhs edir. Azad bazar iqtisadiyyatı insanların öz mənafeləri üçün hərəkət etdikləri, beləliklə, cəmiyyət üzvlərinin əksəriyyətinin həyat standartının yüksəldiyi bir iqtisadiyyat formasıdır. Müəllifin kitabda bəhs etdiyi əsas anlayışlar cəmiyyətin həyat keyfiyyətini artıran yeniliklərə yol açan müxtəlif təşviqlərin olduğunu ifadə edir.

Təşviqlər iqtisadiyyatin ayrılmaz bir hissəsidir. İnsanlar mənfəət əldə etdikləri vaxt daha çox işləyirlər. Eyni qayda ilə, işçilərin fəaliyyəti üçün müəyyən təşviqlər mövcud olmadıqda, məhsuldarlıq aşağı düşür. Məsələn, dövlət tərəfindən maliyyələşdirilən müəssisələr birbaşa şəxsi mənfəətdən asılı olmayan sistemlərdir. Düzgün təşviqləri və onların istifadəsini öyrənmək iqtisadiyyatın əsas məqsədlərindən biridir.

Ən sərfəli kredit üçün müraciət et

Uilan "əlavə təsir" (fərdi xərclər ilə bəzi davranışların sosial xərcləri arasındakı boşluq) termini ilə ifadə edilən vəziyyəti də nəzərdən keçirir. Boşluq böyük olduqda, fərd digər insanları daha yaxşı işləməyə sövq edir. Hökumətlər hər hansı bir fəaliyyəti qadağan etmək əvəzinə, vergiləndirməklə ona daha çox və asan nəzarət edə bilərlər. Bəzi səviyyələrdə bütün bazar fəaliyyətlərində bu cür boşluqlar olur.

Müəllifin fikrincə, hökümət tərəfindən idarə edilən sənaye müəssisələri azad rəqabətdən məhrumdur, bu isə əməkdaşların, həmçinin, vətəndaşların ziyanındadır. Hökümət iqtisadiyyata ancaq vergi vasitəsilə təsir etmək gücünə sahibdir.

İqtisadi kapitalla yanaşı, insan kapitalı da iqtisadiyyatın ayrılmaz tərkib hissəsidir. İnsan kapitalı təhsil, intellekt, xarizma, yaradıcılıq, iş təcrübəsi, sahibkarlıq bacarığı, hətta beysbol oynama qabiliyyəti də daxil olmaqla, fərdin daxilindəki konkretləşmiş bacarıqların cəmini ifadə edir. Bazarda bəzi qabiliyyət və bacarıqlara digərlərindən daha çox ehtiyac duyulur. Beləliklə, fərdin bacarığı nə qədər unikal və nadirdirsə, ona o qədər çox tələb olur. İnsan kapitalı məhsuldarlıqla birbaşa əlaqəlidir. Məhsuldarlıq artdıqca, zənginlik də artır. Uilanın fikrincə, amerikalıların zənginliyinin əsas səbəbi onların məhsuldarlığıdır.

Kitabda həmçinin, ticarət və qloballaşma kimi məsələlərə də toxunulur. Ticarət müasir iqtisadiyyat üçün xüsusilə, əvəzsizdir. Əgər hər hansı bir bazarda insanlar istehsal edə bilmir və ya digərlərinin istehsal etməsinə imkan vermirsə, həmin bazar çökməyə məhkumdur. İnsanların öz fərdi səylərini ən yaxşı bacardıqları işlərə fokuslaması məhsuldarlığın, beləliklə də, zənginliyin və rifahın artmasına imkan verir. Müəllifin fikrincə, yoxsul ölkələrin bu vəziyyətinin səbəbi həmin ölkələrdə məhsuldarlığın aşağı olmasıdır.

Çılpaq iqtisadiyyat kitabı iqtisadiyyatın aydın və əyləncəli təsvirini verən bir kitabdır. Oxucular bu kitab vasitəsilə, inkişaf etmiş ölkələrdə kapitalizmin rolunu, həmçinin qüsurlarını öyrənəcəklər.

Qısa məzmunu tam oxumaq üçün bura keçid edin => Çılpaq İqtisadiyyat