Çətin həmkarlarla yola getmək üçün 5 ipucu
İş yerində konfliktlərdən uzaq durmaq üçün nələri bilmək vacibdir?
İlk növbədə xatırlamaq lazımdır ki, sizin xoşunuza gəlməyən hər hansı işçi digərləri üçün əvəzolunmaz həmkar sayıla bilər. İstedadlı insanlar əksər halldarda ünsiyyətcil olmurlar. Onlar bütün şirkətə xal qazandıra, lakin eyni zamanda digər komanda üzvlərini qıcıqlandıra və ümumi əmək məhsuldarlığını aşağı sala da bilərlər.
Çətin həmkarlarla necə yola getməyiniz sizin karyeranıza və rifahınıza təsir edir. Ofisdəki sağlam psixoloji mühiti bərpa etmək üçün beş əsas strategiya mövcuddur:
1.Dostları yaxınınızda, düşmənləri isə ən yaxınınızda saxlayın.
İtalyan filosofu və siyasətçisi Nikkolo Makiavelli çox düzgün məsləhət verib. Yola getmədiyiniz həmkar düşmən sayılmaz, amma onun haqqında nə qədər çox şey bilsəniz, ortaq dil tapmaq ehtimalınız da bir o qədər artar.
Buddist hikmətli sözündə deyilir ki, kimsə səni incidir, çünki özü də əziyyət çəkir. Bu insan da sizin kimi qüsursuz deyil. Müşahidələrinizə və intuisiyanıza etibar edin, həmkarınızın şəxsi həyatı ilə maraqlanın. Bəlkə də ofisdənkənar həyatı əsl dramdır. Bir-birinizi bəyənməyiniz lazım deyil, sadəcə niyə bu şəkildə davrandığını anlasanız, münaqişəni sıfıra endirmək üçün daha çox şans əldə edəcəksiniz.
Həmçinin oxu: Niyə xoşumuza gəlməyən insanlar daha çox uğur qazanır?
2.“Düymələrinizin” harada olduğunu aşkarlayın.
Hər kəsin uşaqlıqda valideynlərindən gördüyü tərbiyə, ailə həyatı və münasibətləri ilə əlaqədar psixoloji problemləri var. Buna görə də, çətin ki, ofisinizdə xoşbəxt bir körpənin sinir sistemi və Tibet rahibinin dözümlülüyü ilə seçilən azı bir nəfər olsun. Əksər insanlar nəsə ya da kimsə keçmiş yaraları qopardan görünməz düyməyə basdıqda qəfil partlamağa hazır bomba kimidir.
Yüksək peşəkarlıq odur ki, kortəbii bir reaksiyanı strateji baxımdan düzgün bir reaksiya ilə əvəz etməyi öyrənəsən. Məkrli bir həmkarı və ya qəddar lideri günahlandırmağın mənası yoxdur: siz özünüz həssassınız, əsəb partlayışından qorunmaq üçün düzgün strategiya seçməlisiniz. Əvvəlcə zəif tərəflərinizi özünüzə etiraf etməli və özünənəzarəti itirdiyiniz zaman hansı düymələrin işlədiyini başa düşməlisiniz.
Güclü olun və hər şeyi ürəyinizə salmayın. Bu, sadəcə işdir. Bizi öldürməyən şey isə, şübhəsiz ki, daha güclü edir. Üzləşdiyiniz çətinlikləri karyeranızın zirvəsinə gedən yolda təlim kursu olaraq qəbul edin — əgər məqsədiniz zirvəni fəth etməkdirsə, hisslərə nəzarət etmək yalnız sizin xeyrinizədir.
3. Yalnız əhəmiyyət kəsb edən şeylər uğrunda mübarizə aparın.
İş münasibətlərində çətinlikləri stresli iş şəraiti yaradır. Amerika Psixoloji Assosiasiyasının (APA) keçirdiyi bir sorğunun nəticələrinə görə, amerikalıların 65%-i səhhətindəki və ya ailədəki problemlərindən xeyli qabaqda olan stressin əsas mənbəyi kimi iş yerindəki çətinlikləri göstərir. Odur ki, özünə qayğı göstərmək lazımdır. Bunun üçün də bəzi psixoloji incəlikləri bilmək faydalıdır.
İşdə həmişə şirkətin real vəzifələrini, həmçinin peşəkar məqsəd və vəzifələrinizi aydın şəkildə anlayaraq hərəkət edin. Ofis mühitində lüzumsuz stress yaradan nüansları aradan qaldırmaq üçün həmkarların hərəkətlərini və situasiyaları təhlil edin. Qeybətlərə qoşulmayın və digər insanların mübahisələrində neytral mövqedə dayanın. Ən əsası, şəxsi "düymələrinizi" manipulyatorlardan qoruyun — ofis təxribatçılarının emosiyalarınızı idarə etməsinə imkan verməyin.
Həmçinin oxu: Münaqişə vəziyyətində “Tülkü” strategiyasını necə tətbiq etmək olar?
4. Qəzəbinizi idarə edin.
İş yerində qəzəbinizin təzahür etməsindən qaçının. Əsəbilik heç kəsə yaraşmır, sağlamlığa ziyandır, qeyri-peşəkar görünür və ümumiyyətlə, nüfuza xələl gətirir — özünüz çətin həmkarlar siyahısına düşə bilərsiniz. Əgər artıq əsəblərinizi cilovlaya bilməyəcəyinizi düşünürsünüzsə, “söhbətə sonra davam edərik” tipli fikir bildirərək konflikt bölgəsini tərk edin.
5. Vəziyyəti aydınlaşdırın.
Hər nə qədər sülhsevər insan olsanız da konfliktdən yayınmaq heç də həmişə ən yaxşı yol deyil. Münaqişələrdən qaçınmaq da psixoloji gərginliyinizi artırır. Bəzən konstruktiv tərzdə, yəni tənqid etmədən, günahlandırmadan, mühakimə etmədən, məntiqi nəticəyə gələrək situasiyanı aydınlaşdırmaq və konfliktə birdəfəlik nöqtə qoymaq lazımdır.
Korporativ mühitin taktika və oyunlarına uyğun və müsbət şəkildə öz nəzər nöqtənizi bildirin. Beləcə kollektivdə müəyyən mənəvi prinsipləri olan dürüst insan nüfuzu qazana bilərsiniz.
Nigar Umaxanlı, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!