Büdcə gəlirləri proqnozları üstələyib | Banco.az

Büdcə gəlirləri proqnozları üstələyib

Maliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul (ÜDM) 2,1% artaraq 28 milyard 743 milyon manat təşkil edib. İlin ilk yarısında qeyri-neft sektoru üzrə ÜDM keçən ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 16 milyard 173,9 milyon manata çatıb. Əhalinin gəlirlərinin artım sürəti mövcud inflyasiyanı 2,9 dəfə üstələyib. Banklara qoyulan əmanətlərin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8% artaraq iyun ayının 1-nə 6,6 milyard manata çatıb.

Büdcə gəlirləri proqnozları üstələyib 

2014-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin mədaxili 9 milyard 338,8 milyon manat, xərcləri 8 milyard 723,8 milyon manat olub, nəticədə 615 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Dövlət büdcəsinin mədaxili 9 milyard 192,6 milyon manat proqnoza qarşı 9 milyard 338,8 milyon manat və ya 1,6% çox olub. Vergilər Nazirliyi mədaxil proqnozunu 103,6% icra etməklə dövlət büdcəsinə 3 milyard 578,6 milyon manat vəsaitin ödənilməsini təmin edib ki, bu da proqnoza nisbətən 123,7 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 262,1 milyon manat və ya 7,9% çoxdur.

Dövlət Gömrük Komitəsi proqnoza 100,2% əməl edərək büdcəyə 732,8 milyon manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% və ya 92,9 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərdən daxilolmaları 96,9 milyon manat təşkil edib. Sair daxilolmalardan nəzərdə tutulan 18,5 milyon manata qarşı büdcəyə 46,7 milyon manat və ya proqnoza nisbətən 2,5 dəfə çox vəsait daxil olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert edilən vəsaitin həcmi isə 4 milyard 883,8 milyon manat təşkil edib.

Xərclərin 95 faizə qədəri icra olunub

2014-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 94,7% və ya 8 milyard 723,8 milyon manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 30,3%-i və ya 2644,9 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% və ya 334,3 milyon manat çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Funksional təsnifata uyğun olaraq 2014-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 24,5% (154,2 milyon manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 23,1% (28,7 milyon manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 19,5% (22,4 milyon manat), təhsil xərclərinə 7,6% (44,5 milyon manat), səhiyyə xərclərinə 7,6% (19,6 milyon manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 7,3% (31,5 milyon manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 6,8% (227,2 milyon manat), nəqliyyat və rabitə xərclərinə 6,3% (2,2 milyon manat) çox vəsait yönəldilib.

2014-cü ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1 milyard 057,2 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 2 milyard 315,8 milyon manat vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 37,1 milyon manat vəsait sərf edilib.

Dövlət büdcəsinin xərcləri cari ilin aprel-iyun ayları üzrə 4 milyard 349,5 milyon manat icra olunub. Dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların əsaslandırılmış xərc sifarişləri öz maliyyə təminatını tapıb.

İcmal büdcə

2014-cü ilin altı ayında icmal büdcənin gəlirləri 11 milyard 537,4 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 280,8 milyon manat və ya 2,5% çoxdur. İcmal büdcənin xərcləri 9 milyard 913,1 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 94,9 milyon manat və ya 1% çoxdur.