Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2025-ci ildə həm paytaxtda, həm də bölgələrdə daşınmaz əmlak qiymətlərində artım gözlənilir.
Ekspertlər bildirirlər ki, paytaxt ərazisində daşınmaz əmlak bazarında qiymət artımına təsir edəcək əsas amillərdən biri iqtisadi inkişaf və əhalinin tələbatında baş verən dəyişikliklərdir. Xüsusilə istirahət zonalarına yaxın ərazilərdə əmlak qiymətlərinin daha sürətlə yüksəlməsi proqnozlaşdırılır.
Bu barədə Banco.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, qiymətin dəyişməsiAzərbaycanın iqtisadiyyatının inkişafı ilə bağlıdır:
"Məsələnin ikinci tərəfi manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, kommunal xidmətlər və enerji daşıyıcılarının qiymətlərinə görə xərclərin artmasındadır. Əlbəttə, bu, tikinti şirkətləri və sahibkarların qiymətləri dəyişməsinə səbəb olur. Son bir neçə il ərzində Qarabağda bərpa işlərinin başlaması tikinti bazarında aktivliyin artmasına səbəb olub.Ümumiyyətlə, tikinti materiallarının qiymətlərinin artımına səbəb olan amillərdən biri də, tikinti materiallarına tələbatın atmasıdır. Ukrayna-Rusiya müharibəsi də ölkəmizdə tikinti materialları və daşınmaz əmlak bazarına böyük təsir göstərir. Daşınmaz əmlaka maraq artdıqca yeni yaşayış və qeyri-yaşayış binalarının tikintisi də çoxalır. Nəticədə tələbat artır, bu da qiymətlərə təsirsiz ötüşmür”.
Vüqar Oruc qeyd edib ki, 2025-ci il ilkin tikinti bazarında qiymətlərin ötən illə müqayisədə 12-15% artacağı gözlənilir. Bu, tikinti materiallarının dəyərinə də təsir edəcək.
Mütəxəssislərin qənaətinə görə, daşınmaz əmlak bazarının sabitliyi qlobal iqtisadi amillərdən asılıdır. Xarici iqtisadi proseslər birbaşa və ya dolayı yolla yerli bazara təsir göstərərək qiymətlərin dəyişməsinə səbəb olur.