Bu basketbol komandası rekord məbləğə satışa çıxarılır | Banco.az

Bu basketbol komandası rekord məbləğə satışa çıxarılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Los Anceles Leykers 10 milyard dollara satılacaq.

Banco.az xəbər verir ki, indiyədək 17 çempionluq qazanmış, NBA-in köklü komandalarından biri olan Los Anceles Leykers rekord məbləğ – 10 milyard dollara satılacaq.

Leykers komandasının əsas səhmdarı olan Bas ailəsi dünən öz payını satmağa razı olduğunu açıqlayıb.

Bloombergin xəbərinə görə, Bas ailəsi komandanın əsas hissəsini Los Anceles Docers klubunun sahibi və “Guggenheim Partners” şirkətinin baş direktoru Mark Uolterə 10 milyard dollara satacaq.

Uolter ilk dəfə 2021-ci ildə Leykersdən müəyyən pay almışdı. Həmin alqı-satqı çərçivəsində komanda satışa çıxarıldığı halda əsas payı almaq üçün ön alım hüququ da əldə etmişdi.

NBA tarixində rekord qiymət

Əvvəlki NBA klub satışları ilə müqayisədə Los Anceles Leykersin qiymətinin çox daha yüksək olduğu görünür. Bundan əvvəl, Bill Krisholm Boston Seltiks klubunu 6,1 milyard dollara alaraq rekord qırmışdı.

Bloomberg Milyarderlər İndeksinə görə Mark Uolterin ümumi sərvəti 12,5 milyard dollardır. O, həmçinin WNBA-nın Los Anceles Sparks komandasının, yeni qurulmuş Kadillak Formula 1 komandasının və peşəkar qadın xokkey liqasının da sahibidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram