Tamara Mustafayeva, Banco.az
Bilindiyi kimi son günlərdə #StopHateforProfit (Qazanc naminə Nifrətə Son ver) həştəqi ilə Facebook şirkətinə qarşı etiraz kampaniyası başladılıb. Sözügedən kampaniya məşhur sosial media platformasının nifrət saçan və irqçi postları silmək üçün kifayət qədər səy göstərmədiyini iddia edir. İndiyədək bir çox böyük şirkət kampaniya çərçivəsində Facebook və onun sahib olduğu digər sosial media platformalarında reklam yerləşdirməyi dayandırdıqlarını açıqlayıblar.
Unilever, Coca-Cola və Starbucks kimi Facebook platformasında reklam yerləşdirməyi dayandıran şirkətlərin sırasına bir neçə gün əvvəl Ford, Adidas və HP də qatılıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Microsoft şirkəti də "uyğun olmayan məzmun" səbəbilə may ayında artıq Facebook və Instagram-da reklam yerləşdirmədiyi dayandırdığını açıqlayıb.
Bununla yanaşı, Reddit və Twitch kimi digər sosial media platformaları da Facebook şirkətinə təzyiq göstərməyə davam edirlər.
Bəs bu boykot tədbirləri Facebook şirkətinə zərər vura bilərmi?
Facebook şirkətinin qazancının böyük bir qisminin reklam gəlirlərindən əldə edildiyini nəzərə alsaq, yəqin ki, sualın cavabı hərkəsə məlum olar.
İnam itkisi
Ekspertlər inam itkisi və əxlaqi dəyərlərin nəzərə alınmamasına dair düşüncənin şirkətin "məhvinə" səbəb olacağını iddia edirlər. Xatırladaq ki, ötən cümə günü Facebook şirkətinin səhmləri 8% geriləyib ki, bu da şirkətin sahibi Mark Zuckerberg-in 6 milyard dollar itirməsi deməkdir.
Bununla belə, sözügedən boykotun Facebook üçün uzun vədəli risk faktoru yaradıb yaratmamasını proqnozlaşdırmaq elə də asan olmayacaq. Xüsusilə də nəzərə alsaq ki, bu sosial media şirkətlərinin üzləşdiyi ilk boykot deyil.
Belə ki, 2017-ci ildə bir çox böyük şirkət reklamlarının irqçi və homofobik videolarla göstərilməsindən sonra YouTube platformasında reklam yerləşdirməyi dayandıracaqlarını açıqlamışdılar. Lakin hazırda bu boykot demək olar ki, xatırlanmır. YouTube isə boykot qərarından sonra qaydalarında bəzi dəyişikliklər edərək yoluna davam etdi.
Facebook şirkətinə qarşı hazırki boykotun ona düşündüyünüzdən daha az zərər verəcəyinə inanmaq üçün başqa səbəblər də mövcuddur. Gəlin, nəzər salaq.
Daha aşağı büdcə ilə daha çox reklam verən şirkətlər var
İlk olaraq nəzərə alaq ki, şirkətlərin əksəriyyəti reklamları dayandırmağı iyul ayı üzrə nəzərdə tutub. Bununla yanaşı, daha da mühüm olam məqam isə şirkətin reklamlarının böyük bir qisminin daha kiçik və orta sahibkarlıq müəssisələrindən gəlməsidir və hazırda bu tipli müəssisələrin böyük əksəriyyəti sözügedən boykota qatılmayıb. Onu da qeyd edək ki, CNN telekanalının xəbərinə görə, Facebook böyük büdcəli 100 şirkətin reklamlarından 4.2 milyard dollar qazanıb ki, bu da öz növbəsində reklam gəlirlərinin 6%-i deməkdir.
Digital Whiskey reklam agentliyinin strategiya departamentinin sədri Mat Morrion bildirir ki, Facebook-da reklam yerləşməməyin maddi itkilərinə tab gətirəcək kiçik şirkətlər çox azdır. O, həmçinin qeyd edir ki, daha böyük vəsait tələb etdiyi üçün televiziya kanallarında reklam yerləşdirə bilməyən bu tip firmalar daha ucuz alternativ olduğu üçün Facebook kimi platformalara xüsusi əhəmiyyət verirlər.
Facebook şirkətinin sahibi Mark Zuckerberg isə məsələ ilə bağlı bəzi addımlar atmağa hazır olduğunu bildirib. Ötən cümə günü şirkət rəsmiləri nifrət tərkibli postların nəzərə alınacağını açıqlayıb. Bu həftə daha yeni addımların atılması gözlənilir.
Bununla belə sözügedən boykotun payız aylarına qədər davam etməsi və daha çox şirkətin qatılması halında bu ilin Facebook üçün çətin olacağı güman edilir.
Həmçinin oxu: Facebook və Vikipediya əməkdaşlığa başladı
Bizi sosial şəbəkələrdən izləyin!!