Müəllif: İlkin Manafov
Daha əvvəldə Sizə dediyimiz kimi, bilirsiniz ki, “kreditlə biznes” inkişaf etdirmək və ya borc alıb biznes qurmağı biz tam neqativ qarşılayırıq. Düşünürük ki, biznesdə problem varsa, bunun həlli yolu heç bir şəkildə əlavə pul vəsaiti cəlb etmək deyil. Bu yazıda Sizə hansı hallarda əlavə maliyyə cəlb edilməsinin doğru hesab etdiyimiz barədə danışmaq istəyirəm. Maraqlı olsa, xahiş edirəm, oxuyun.
Əziz oxucu, ilk əvvəl qeyd edim ki, dünyada elə bir biznesmen, elə bir sahibkar, elə bir biznes yoxdur ki, ona “pul” lazım olmasın. Mümkün deyil. Pul hamıya lazımdır. Hətta daha dəqiq desək, biznes uğurlu olduqca, ona dövriyyə vəsaitləri daha çox lazım olur. Pul hamıya lazımdır, pul hər zaman azdır. İqtisadiyyatın, iqtisadçıların vəzifəsi isə, odur ki, minimum pulla (resursla), maksimum nəticə əldə etsin. Biz buna görə mövcuduq…, bu olmasa… biz, iqtisadçılar, dünyaya lazım deyil. Nə isə… keçək əsas məsələyə.
Hansı hallarda pul götürməyə dəyməz?
- Biznesinizin konkret gəlir səviyyəsini bilmədən, kreditlər, borclar almaq. Bu gün belə hallar çoxdur, hansısa bir işi görə-görə sahibkar kreditə girir, pul götürür və heç bir şəkildə başa düşmür ki, pulu haradan və necə qaytaracaq;
- Kredit vermək üçün, kredit almaq. Son dərəcə istifadə olunan haldır. Bugünlərdə bir biznes “partnyorum” belə bir addım atmışdı. Birdə xəbərim oldu ki, demək olar ki, butün işlərini məhv edib. Qurban olduğumuz belələrindən qorusun;
- Sizə pul lazımdır, amma dəqiq rəqəm bilmirsiz. Belə olan halda borc almaq, bizi daha çox bataqlığa sala bilər. Almaq istədiyiniz hər bir “manatın” əvvəlcədən dəqiq təyinatı olmalıdır;
- Biznes gəlir vermir, Siz pul axtarırsınız. Əgər konkret qurduğunuz biznesin operatov rentabelliyi yüksək deyilsə, “borc-morc” almayın… təcili biznesinizi bağlayın, yeni biznes düşünün;
- Yeni açılan proyekt üçün borc almayın. Əgər borc almaq istədiyiniz layihənin konkret tarixi yoxdursa, ona görə borc almaq, böyük riskdir;
- Heç bir şəkildə, HEÇ BİR ŞƏKİLDƏ, kimdənsə ötrü, kiməsə BORC almayın. Heç vaxt.
Bəs hansı hallarda biznes üçün əlavə vəsait cəlb etmək olar? Hansı hallarda biznesinizi kreditlə inkişaf etdirmək olar?
Açıq deyim – Məncə, kreditlə biznes inkişaf etdirmək çox az hallarda uğurlu, bərəkətli ola bilər. Bu qətiyyən hansısa, dini yanaşma deyil. Sadəcə kredit biznesi “başından” böyük göstərə bilir. Əlbəttə, əlbəttə bəzi hallar var ki, o zaman kredit biznes üçün dopinq rolu oynayır.
Əgər, Sizin sabit işləyən biznesiniz varsa, operativ rentabellik 30%+-sa, əlbəttə illik faizi 9-10% kreditə girmək olar. Amma bununla belə düşünürəm ki, illik kredit borcu, aylıq dövriyyənin 20-25% çox olmalı deyil. Təkrar edirəm, bu mənim subyektiv, biznes yanaşmamdır. Üstəlik bu mənim çalışdığım sektor üçün belədir. Bəlkə başqa sahələrdə bu fərqlidir. Mən belə edirəm. Qorxuram… borca, kreditə girməkdən. Düşünürəm ki, xoşbəxt həyat üçün, rahat yatmaq üçün bu şərtdir. Məndən demək, Sizdən gərar vermək, düzdür?
P.S. Çalışdığınız sektorda, Sizin kreditiniz, rəqiblərlə müqayisədə daha az və ya ümumiyyətlə yoxdursa, bunun özü böyük rəqabət üstünlüyüdür.
Mənbə: http://www.ilkinmanafov.com/2014/11/borc-kredit-almaq-v%C9%99-ya-biznesi...