Kriptovalyutaların yeni dövrün pulu, yoxsa spekulyasiya aləti olması hələ də mübahisəlidir
Elektron pullar anlayışı ilə hamı tanışdır. Bank plastik kartları, pul köçürmələri, WebMoney kimi elektron pul ödəniş sistemləri, nəhayət internet-bankinq kimi bank hesablaşma vasitələri - bütün bunlar elektron pul yığım, ödəniş, ödəmə və hesablaşma vasitələridir. Onlar bizim həyatımıza artıq birdəfəlik daxil olub. Lakin son zamanlar dünyanın maliyyə-pul sisteminə daha bir anlayış daxil olub. Bu həm elektron pul vasitəsi, həm elektron puldur. Yuxarıda sadalanan, artıq ənənəvi adlandırıla bilən sistemlərdə böyük bir cəhət var: köçürmələr, hesablaşmalar, ödənişlər real valyuta ilə aparılır, sadəcə bu proses elektron, nağdsız formatda həyata keçirilir. Bu avro, dollar, funt, frank, dinar, zlotı - demək olar ki, istənilən valyuta vahidi ola bilər. Əgər ənənəvi sistemlər yalnız konvertasiyada istifadə oluna bilən vasitədirsə, yeni kriptovalyutalar tək ödəniş sistemi deyil, həm də valyutadır. Kriptovalyutaların ən məşhuru isə ""Bitcoin""dir.
Mənşəyi məlum olmayan "MƏXFİ SİKKƏ"
Kriptovalyuta anlayışı onun adında əks olunur. Bu, rəqəmli virtual valyutadır, onun vahidi "coin" adlanır. "Coin" ingilis dilindən tərcümədə sikkə deməkdir. Bu valyuta vahidi yalnız şifrələnmiş elektron məlumatdır. Onun məxfiliyi və mühafizəsi o dərəcədə yüksəkdir ki, bu kriptovalyutaları təkrarlamaq mümkün deyil. Bu fakt "kripto" əlavəsində əksini tapıb, "kripto" yunan dilində gizli, məxfi deməkdir. Məxfi valyuta - faktiki olaraq kompüter elektron məlumat vahididir. Buradan da ən məşhur olan "Bitcoin"in adı əmələ gəlib. Bit - kompüter məlumatının ölçü vahidi, "Coin" isə sikkə deməkdir.
Maraqlıdır, "Bitcoin" dünən, ya bu gün yaradılmayıb. O, 2008-ci ildə Satoşi Nakatomo tərəfindən təsis olunub və indiyə kimi bilinmir ki, "Satoşi Nakatomo" insandır, yoxsa bir neçə proqramçının təxəllüsü? Fakt odur ki, 2009-cu ilin yanvarında 3-də ilk ""Bitcoin"" bloku yaradılıb və yanvarın 12-də ""Bitcoin""lə ilk əqd aparılıb. Lakin 2011-ci ilin ortalarına qədər ""Bitcoin""in qiyməti sıfıra yaxın idi və əqdlərin həcmi çox kiçik olub. ""Bitcoin""in sistem hərəkəti mərkəzləşmiş kompüter olmadan realizə olunan internet sistemidir. Burada sistemə hər qoşulmuş kompüter eyni "hüquqa" malikdir, çox hallarda serverləşmə yoxdur, hər kompüter başqası ilə qoşulmuş əlaqədə ola bilər. P2p sistemi adlanan belə sistemə əsaslandırılmış ""Bitcoin"" sistemi vasitəsi ilə bütün əqdlər və əməliyyatlar aparmaq mümkündür. ""Bitcoin"" yalnız "Blockchain" adlanan bazada elektron yazı kimi mövcuddur və əqdlər belə üsulla aparılır - ""Bitcoin"" müvafiq ""Bitcoin"" ünvanına sahib olana ötürülə bilər. Sonra isə texnika məsələni özü həll edir, ötürmə, hesaba yerləşdirmə və sair. Lakin ""Bitcoin""in belə üsulla, yəni qapalı kompüter sistemində fəaliyyət göstərilməsi onun dəyərini sıfıra endirir, çünki aydındır ki, əgər istənilən elektron valyuta real hesablaşmalarda, mal və xidmətlərin alınmasında iştirak etmirsə, bu, oyuncaqdan başqa bir şey deyil. Əvvəlcədən ""Bitcoin""in emissiyasının həcmi məhdudlaşdırılıb və onların məcmu sayı 21 milyondan artıq ola bilməz.
""Bitcoin"" sistemlərinin üstünlüklərini və perspektivini başa düşənlər tapılaraq müvafiq şirkətlər yaradıblar ki, bununla da ""Bitcoin""in real həyata "çıxışı" təmin edilib. İlk addım kimi ""Bitcoin""in real valyutalara məzənnəsinin təyin edilməsi olub. Tez bir zamanda internetdə böyük sayda ""Bitcoin"" üzrə mübadilə xidmət mərkəzləri yaradılıb ki, burada ""Bitcoin""i dollar, avro, funt, frank və ya digər valyuta ilə alıb-satmaq təmin edilib. Sadələşdirsək, belə demək olar ki, əvvəl ""Bitcoin"" mal və ya ödəniş vahidi kimi qiymətləndirilirdi, amma sonradan tədricən onun miqyas səviyyəsi artıb və ""Bitcoin""lə alış-satış aparılmağa başlanılıb. İndi ""Bitcoin""i qəbul edən internet mağaza, xidmət mərkəzləri, mal tədarükçülərin sayı daimi artmaqdadır.
QİYMƏTLİ SİKKƏ
Ümumi nəticəsdə 2013-cü ildən ""Bitcoin""in qiyməti artmağa başlayıb, çünki ondan istifadə edənlərin sayı artırdı və istifadə olunma istiqamətləri genişlənirdi. Tədricən "Bitcoin" tək internetdə hesablaşma vasitəsi səviyyəsini ötüb və valyutanın, demək olar ki, bütün cəhətlərini özündə cəmləşdirib. Bununla da digər valyutalarla tarazlıq səviyyələri və alış-satış qiymətləri müəyyənləşməyə başlanılıb. Beləliklə, "Bitcoin"in qiyməti məzənnə anlayışına çevrilib. Dolayı məzənnə vasitəsi ilə isə "Bitcoin"i qəbul edənlərin sayı internetdə, daimi artmaqdadır. Aşağıdakı qrafikdə "Bitcoin"in son illər ərzindəki dollara qarşı məzənnəsi əks olunur:
Göründüyü kimi, indi "Bitcoin"in məzənnəsi nə az, nə çox 4 300 dollara bərabərdir. Bunun hər hansı konkret səbəbini izah etmək çətindir, əsas səbəb isə obyektivdir - "Bitcoin"ə, yeni valyutaya tələbin artması. "Bitcoin"i ödəniş vahidi kimi qəbul edən internet-mağazalar və adi mağazaların və xidmət mərkəzilərinin internet bölmələrinin sayının artması "Bitcoin"in populyarlığının həm səbəbi, həm nəticəsidir. Paradoksal olsa da, bu belədir. Çoxlu hallarda yeni bir məhsul, alət və ya malın məşhurlaşması dövründə tələbin səbəb və ya nəticə olduğunu dəqiq müəyyən etmək çətin olar ki, "Bitcoin"lə bağlı vəziyyət də eynidir. Əlbəttə ki, yuxarıda qeyd etdiyimiz internet mübadilə mərkəzlərinin və "Bitcoin"lə məşğul olan internet şirkətlərinin reklam kampaniyaları da öz rolunu oynayıb ki, nəticədə emissiya edilməyən, faktiki olaraq hədsiz miqdarda yaradıla biləcək yeni valyutanın məzənnəsi 4 min dollardan yuxarı qalxıb. Eyni zamanda bu məsələdə dünya miqyasında misli görünməmiş süni qiymət artma ehtimalını kənara qoymaq olmaz. Çünki "Bitcoin"in satışı və alışı ilə məşğul olan mübadilə mərkəzləri və "internet exchange"ləri "Bitcoin"in məzənnəsinin qalxmasında maraqlıdır. Sual başqadır: əgər bu, dünya miqyasında fırıldaqçılıqdırsa, bunun arxasında kim və ya kimlər durur?
Ödəniş vasitəsi, elektron pul və ya yeni spekulyativ investisiya aləti?
Hazırda "Bitcoin"lə məşğul olan şirkətləri, "Bitcoin"i ödəniş vasitəsi kimi qəbul edən şirkətləri, mübadilə mərkəzilərini və "Bitcoin" üzrə internet birjaları internetdə asanlıqla tapmaq olar və onların sayı bütün ölkələrdə kifayət qədərdir. Onu nəzərə almaq lazımdır ki, bu valyuta internetdə dövriyyədədir, burada heç sərhəd rol oynamır. Hazırda dünyanın aparıcı ölkələrinin maliyyə nəzarəti üzrə tənzimləyiciləri
"Bitcoin"lə əməliyyatlar üzrə normativ-hüquqi bazasının hazırlanması, təkmilləşməsi ilə məşğuldur. Bundan əlavə tənzimləyici orqanlar "Bitcoin" platformalar şirkətlərinin fəaliyyətinə xüsusi diqqət yetirir. Bu sahədə, məsələn, ABŞ-ın Qiymətli kağızlar üzrə Komissiyası müvafiq şirkətlərə nəzarət edir və hətta vaxtaşırı fırıldaqçılıq əlamətlərini aşkar edərək onları cəzalandırır. Avropa İttifaqında və Böyük Britaniyada da tənzimləyici orqanlar "Bitcoin"lə əməliyyatları nəzarət altında saxlamağa çalışır. Qeyd etmək lazımdır ki, ABŞ-da bu cür fırıldaqçılıq halları müəyyən olunduqdan, o cümlədən, qiymətli kağızların "Bitcoin"lə satılıb-alınması üzrə bəzi fırıldaqçılıq faktları aşkarlandıqdan sonra "Bitcoin" və onunla əlaqəli digər maliyyə alətlərinin tənzimlənməsi ən yüksək səviyyədə müzakirə olunur.
Ümumilikdə, dünyanın əksər ölkələrində "Bitcoin"lə əməliyyatları üzrə heç bir məhdudiyyətlər yoxdur, amma əgər yaxın zamanlarda bu valyuta hər hansı keyfiyyət baxımından yeni "addım atsa" gözləmək olar ki, tənzimləyicilər vahid bir tənzimləmə standartı qəbul edə, "Bitcoin"i ya adi valyuta, ya qiymətli kağız, ya elektron pul, ya digər bir maliyyə aləti ilə eyniləşdirə bilərlər. İstənilən halda "Bitcoin" demək olar ki heç nədən yaranıb, faktiki olaraq arxasında heç bir maliyyə aktivi dayanmır, vahid mərkəz tərəfindən emissiya və ya idarə edilmir, amma tələbin təsiri altında internet birjalarında 4 min dollardan artıq qiymətə məxsusdur.
Ən sadə nəzər nöqtəsindən baxsaq, indi "Bitcoin" daha çox internet birjalarında kotirivka və ticarət edilən bir elektron investisiya və spekulyasiya alətinə oxşayır. Cədvəldən göründüyü kimi onun qiyməti kəskin dəyişib, dünya maliyyə sistemi və pərakəndə iştirakçılar "Bitcoin"i məhz spekulyativ alət kimi qəbul edir. Spekulyativ alətin yaradılması üçün isə çox şey lazım deyil - adı, birja, mühafizə səviyyələri, likvidlik, real pula çevrilə bilməsi kifayətdir, bütün bunlar isə "Bitcoin"də var.
Spekulyativ maliyyə alətin mövcudluğu üçün arxasında real, material aktivin olması heç də zəruri deyil. Məsələn, fond birjada hansısa məşhur indeksinin dəyişməsi üzrə fyuçerslərin arxasında hansısa material aktiv dururmu? Yox, amma bunlar derivativ bazarının ən likvid alətlərindən biridir. "Bitcoin" də həmçinin. Buna görə əgər "Bitcoin"də investisiya və spekulyativ alətinin əlamətləri qalsa, əməliyyatlarda ödəniş vasitənin əldə edilməsi deyil, gəlir əldə edilməsi məqsədi möhkəmlənsə, böyük ehtimalla gözləmək olar ki, dünyanın əksər maliyyə tənzimləyiciləri "Bitcoin"i emissiya edilməyən qiymətli kağızla eyniləşdirəcək. Hələlik hər şey buna doğru gedir...
Vahab Rzayev, APA Analitik Mərkəzi