"Elə dizaynerlər tanıyıram ki, öz işlərini ortaya çıxarmaqdan utanırlar" - MÜSAHİBƏ | Banco.az

"Elə dizaynerlər tanıyıram ki, öz işlərini ortaya çıxarmaqdan utanırlar" - MÜSAHİBƏ

Banco.az-ın bu dəfəki müsahibi Kapital Bank-ın Marketinq departamenti Marketinq kommunikasiyaları şöbəsinin Baş mütəxəssisi Murad Nağıyevdir

 

  • İxtisasca fərqli sferada təhsil almısınız. Dizayner kimi fəaliyyətə başlayanda fərqli sahəni bitirməyiniz problem yaradıbmı?

Bəli, ixtisasım yaradıcılıq sahəsinə tam əks bir ixtisasdır. Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinin Enerji təchizatı ixtisası üzrə təhsil alsam da, elə o zamanlardan dizayn sahəsinə marağım var idi. Dizayn və yaradıcılığa olan həvəsim məni bu sahədə özümü sınamağa məcbur etdi. Sizdən də gizlətməyəcəm, valideynlərim bunu hələ də bilmir. Hardasa, 2007-ci il idi. Birinci kursa yenicə başlamışdım. Qəbul imtahanında ən yüksək bal topladığıma görə məni qrup rəhbəri təyin etmişdilər. Qrup rəhbəri ola-ola dərsdən qaçıb, Azərbaycan bazarında ən tanınmış bir agentliyə getdim. Ofisə daxil olanda baş menecer qadın məni qarşıladı və nə istədiyimi soruşdu. Kreativ iş mühiti görərkən biraz həyəcanlıydım. Öz-özümə dedim ki, bunlara görəsən nə təklif etsəm, məni bura heç olmasa təcrübəçi kimi işləməyə çağırarlar. Bir növ onlarla mərcə girmək istədim. Onlara rədd edə bilməyəcəyi təklifi etdim. Dedim ki, “Agentlik olaraq yəqin ki, işləriniz çoxdur. Müştərilər işləri təhvil verməyə tələsdirir. Mən isə sizə köməyə gəlmişəm. Heç bir maaşsız, heç bir şey gözləmədən. İşləri söz verdiyiniz vaxtdan da tez təhvil vermək istəməzdiniz? Mərcə girirəm ki, söz verdiyiniz vaxtda təhvil verəcəksiniz”. Cavabında menecer mənə gülümsəyərək zarafatla -”Səndən enerjini aldım. Mənimlə gəl” dedi (Gülümsəyir) və düşünmədən məni içəri dəvət elədi, digər işçilərlə tanış etdi və beləcə mənim ilk agentlik, ofis işi ilə tanışlığım başladı. Bir aydan sonra da işə qəbul edildim. Doğrusu, Akademiyada təhsil ala-ala, həm də qrup rəhbəri olaraq dərsdən qaçmağımla əlaqədar bir çox problemlər yaşayırdım. Əsas problemlər imtahanlar vaxtı yetişəndə başlayırdı. Amma özümü xoşbəxt hiss etdiyimə görə bu problemlər mənə problem kimi görünmürdü.

 

  • Dizayn sahəsinə maraq necə yarandı? Sizi bu sahəyə cəlb edən nə idi?

Dizayn sahəsinə marağımı əslində yuxarı siniflərdə hiss etmişdim. Həmin ərəfələrdə UNİCEF Azərbaycan, Təhsil Nazirliyi və SPACE telekanalının birgə layihəsi olan “Bir dəqiqəlik qısa filmlər” müsabiqəsi keçirilirdi. Həmin müsabiqədə qalib olmuşdum və mənə o dövrlərin ən sürətli masaüstü komputerini hədiyyə etmişdilər.

Məktəb yay tətilində Bakıda olurdum və boş zamanım çox olurdu. Bundan əlavə, sahəyə olan ehtiyacın artdığını anladığım üçün dizayn məni daha da cəlb etməyə başladı. Çox vaxt gecələr internetdə dərsliklər axtararaq (o vaxtlar nə Youtube, nə də indiki qədər resurslar var idi) bu sahəni öyrənməyə və inkişaf etdirməyə çalışırdım. Bu sahədə təkmilləşməyimin bir digər səbəbkarı əmim oğlu Zaur Nağıyevdir, hansı ki, web dizayn üzrə yetərincə yaxşı işlərə imza atıb.

 

  • Bank sektorunda işləməyin nə kimi üstünlük və çətinlikləri var? Bu sferada işləmək sizə nə kimi təcrübələr qazandırdı?

Bir çox şirkətlərdə çalışandan sonra qərar verdim ki, bankda, marketinq departamentində çalışmaq mənim üçün çox faydalı olacaq, çünki komanda olaraq digər departamentlərlə birgə bank məhsullarını hazırlamaq, digər banklardan əsas üstünlüklərimizi təyin etmək, məhsulun vizual formasını daha kreativ və aydın formada hazırlayıb, insanlara təqdim etmək, onun satışını təşkil etmək mənimçün də maraqlı səslənirdi.

Dəmək olar ki, hər yeni kampaniyada təcrübələr qazanırsan. İnsanların kütlə olaraq nələri istədiyini, nələrə ehtiyaclarının olduğunu görürsən. Vizual görüntünü sadə, anlaşılan hazırlamağı məhz bankda öyrəndim. Çünki bank olaraq bizim hər yaş kateqoriyasından müştərilərimiz var. Məsələn, 50 yaşlı nənəni bizim kreativ poster və digər dizaynlarımız çaşdıra bilər. Vizual görüntüləri elə hazırlayırıq ki, insanlar baxan kimi ilk mesajı ala bilsinlər. Onları səhv istiqamətə yönləndirməmək əsas vəzifəmizdir.

Bankda işləməyin çətinlikləri ilk vaxtlarda səhərlər yuxudan durub saat 9-da işdə olmaq idi. Başqa heç bir çətinliklə üzləşməmişəm.

 

  • “Müştəri hər zaman haqlıdır” fikri dizayn sahəsində nə dərəcədə özünü doğruldur? Bu fikir bank sahəsində nə dərəcədə özünü əks etdirir?

Bu fikirlə razı deyiləm. Öz adımdan deyə bilərəm ki, çox zaman müştərilər elə düşünür ki, pul ödəyirsə demək onların dediyi düzdür və onların dediyi kimi olmalıdır. Amma yenə də onlara qulaq asıram, bir çox hallarda onların fikirlərinin yalnış olduğunu əsaslandırandan sonra mənimlə razılaşırlar. Amma hərdən bəziləri olur ki, sadəcə çox mübahisə etməyə ehtiyac yoxdur.

 

  • Sizcə cəmiyyət dizaynın formalaşmasında rol oynayır ya əksinə dizayn insanların zövqünü formalaşdırır?

Məncə bu vəhdət təşkil edir. Hər ikisi bir-birini formalaşdırır. Elə düşünürəm ki, hər şey ehtiyacdan yaranır. Cəmiyyətin ehtiyacı olanları hamı görmür. Onu görənlər isə bu ehtiyacdan yola çıxaraq nələrsə ortaya çıxarır və nəticədə həm zövq inkişaf edir, həm də cəmiyyət o zövq üzərindən formalaşır.

Amma bizim kimi yaradıcı insanlardan çox şey asılıdır. Çünki insanların başları digər məsələlərə - məişət problemləri, siyasətə və s. qarışıb. Biz isə onların ehtiyaclarını nəzərə alaraq zövqün və dizaynın inkişafı üzərindən yola çıxırıq. Nəticədə yeni məhsullar, yeni vizuallar ortaya çıxır.

 

  • İndiyədək reallaşdırdığınız ən çox zəhmət tələb edən layihəniz hansı olub?

Demək olar ki, bütün böyük layihələr çox zəhmət tələb edib. Amma ən çox yadımda qalan banklardan biri üçün hazırladığımız mobil tətbiq idi. Elə olurdu ki, gecələr səhərə qədər işləyirdik. Nəticədə çox gözəl bir iş ortaya çıxmışdı.

Təəssüf ki, mobil tətbiq hazır olandan 2 ay sonra həmin bank iflasa uğradı və hazırladığımız həmin məhsul da hər yerdən silindi. Düzünü desəm, bu xəbəri eşidəndə çox pis olmuşdum.

Ən sərfəli kredit üçün müraciət et

 

  • Hər bir ixtisas insanda müəyyən bacarıq və vərdişlər formalaşdırır. Dizayner olmağınız sizə hansı bacarıq və ya vərdişləri qazandırdı?

Bəli, razıyam. Elədir. Bu sahə məndə fərqli düşünməyi, fərqli baxış tərzini, insanların arasında olmağı, insanların nələr istədiyini, nələrə ehtiyaclarının olduğunu və ən əsası səbrli olmağı öyrətdi. Buna baxmayaraq, bəzən elə müştərilər olur ki, adamı özündən çıxara bilir.

 

  • Sizcə hal-hazırda dizayn sahəsində Azərbaycan dünya təcrübəsi ilə nə dərəcədə ayaqlaşa bilir? Hansı çatışmazlıqlar var?

Elə düşünürəm ki, hal-hazırda ayaqlaşa bilirik. Çünki indi yollarımız açıqdır. O mənada açıqdır ki, dünyada nələrin baş verdiyini, yeni trendləri artıq rahatlıqla izləyə bilirik. Öz layihələrimizi beynəlxalq saytlarda digər yaradıcı adamlar ilə paylaşmaq şansımız olur. Paylaşanda görürük ki, biz heç də onlardan geri qalmırıq.

Təəssüf ki, bəzi çatışmazlıqlar da mövcuddur. Buna misal olaraq yeni nəsil dizaynerlər bir çoxu trendləri izləmədiklərinə, digər ölkələrdə keçirilən tədbirlərə və beynəlxalq müsabiqələrə qatılmadıqlarına görə çox uğurlu işlər ortaya qoya bilmirlər. Hər zaman o fikrin tərəfdarı olmuşam ki, bir sənəti öyrənirsənsə, onu mükəmməl öyrənməlisən. Yarımçıq öyrənib işə başlayıb, pul qazanmaq insanı irəli aparmaq əvəzinə geri salır.

 

  • İnsanların zövqü müxtəlifdir. Məhsulu dizayn edərkən və ya hər hansı kampaniya həyata keçirərkən daha çox nəyi nəzərə alırsınız: vizual görüntünü yoxsa verdiyi mesajı?

Müqayisə üçün istərdim aşağıdakı iki poster dizaynının üzərindən gedək.


Sizcə hansı daha aydın, oxunaqlı və konkretdir? Belə baxanda hər ikisində də eyni məlumatlar yer alıb. Sloqan, tarix, keçirildiyi məkan, loqo və sayt. Amma 1-ci dizayna baxdıqca baxmaq istəyirsən. İkinciyə baxarkən isə bilmirsən hardan başlayıb hardan qurtarasan.

Baxın, mən də belə amilləri nəzərə alıram. Vizual görüntü sadə, oxunaqlı, verilən mesajların ardıcıllığı və ən əsası qarışıq olmaması mənim üçün əsas prioritetlərdəndir. Hətta belə bir deyim də var: “Sadəlik gözəllikdir”. Həqiqətən sadəlik gözəllikdir.
Bir sözlə vizualda əsas şey verilən mesajla vizualın sadəliyi arasında vəhdətin olmasıdır.

 

  • Bir çox şirkətlər məhsulu reklam edərkən müxtəlif üsullardan istifadə edirlər. Bu işdə dünya təcrübəsində şüuraltı reklam daha çox üstünlük təşkil edir. Siz bu haqda nə düşünürsünüz?

Bu məsələ mənim yaralı yerimdir (Gülümsəyir). Bəli, dünya təcrübəsində sublimal mesajlar vasitəsilə məhsulu reklam etmək çox uğurlu alınır. Amma çox təəssüf ki, bizim ölkəmizdə bu reklam üsulu çox effektiv olmur. Öz təcrübəmdən deyə bilərəm ki, bu bizim ölkə üçün hələ ki, real görünmür. Çünki bir neçə dəfə sınadıq, çox zəif nəticə gördük. Bundan sonra anladım ki, bizim insanlar belə şeyləri sevmir.

 

  • Sahəniz üzrə bir sıra tanınmış işlərə öz imzanızı atmısınız. Peşəkar dizayner kimi inkişaf etmək üçün bu sahəyə marağı olan şəxslərə nə tövsiyə edərdiniz?

Tövsiyəm ancaq o ola bilər ki, öz üzərlərində daim işləsinlər. Lazımdırsa kursa getsinlər, nə sualları, çətinlikləri varsa soruşsunlar. Hazır etdikləri işləri paylaşmaqdan qorxmasınlar. Çünki bəzi dizaynerlər tanıyıram ki, öz işlərini ortaya çıxarmaqdan utanırlar, birdən kimsə gülər, onlara lağ edərlər. Onu da qeyd etmək istərdim ki, Facebook sosial şəbəkəsində yaratdığım bir qrup vardır. Adı isə “Web Design Azerbaijan”-dır. https://www.facebook.com/groups/wdaz.azerbaijan/

Web design, UI/UX dizaynla maraqlananlar, öz işlərini paylaşmaq istəyən, müzakirələr və çətinliklərlə üzləşən dizayner dostlarımız bu qrupa böyük məmnuniyyətlə qoşula bilərlər.

Və son bir söz demək istəyirəm. Məncə bu ən önəmlisidir. Demək istəyirəm ki, yaratmaq üçün sevmək lazımdır. Burda yalnız işə olan sevgidən söhbət getmir. O öz yerində. Kimisə sevsinlər. Sevməyi bacarsınlar. Sevginin verdiyi ilhamı heç nə verə bilməz (Gülür).

 

  • Son olaraq gələcək planlarınız nələrdir və peşəkar karyeranızda nələri inkişaf etdirmək istərdiniz?

Planlar həddindən artıq çoxdur. Düşünürəm ki, bəlkə də gələcəkdə dizayn və yaradıcılıq mənim üçün bir hobbiyə çevrilsin. Bu hobbi üzərindən bugünə qədər öyrəndiklərimi və təcrübələrimi birləşdirib biznes ideyalarımı həyata keçirmək istəyirəm.

Düşünürəm ki, ölkəmizdə bu sahədə çox boşluq və ehtiyaclar mövcuddur (Gülümsəyir).

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et