Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ 2025-ci ilin noyabr ayında mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü rekord 10,7 milyon tona çatdıracaq.
Banco.az xəbər verir ki, Bloomberg bu barədə məlumat yayıb.
Proqnozlara görə, bu göstərici 2024-cü ilin noyabr ayı ilə müqayisədə təxminən 40% artım deməkdir. Artan tədarükün qış mövsümündən əvvəl Asiya və Avropada qaz qiymətlərinin bahalaşmasının qarşısını alması gözlənilir.
Artıq Avropada qaz fyuçersləri bir ildən çoxdur görünməyən ən aşağı səviyyələrə enib. Asiya bazarlarında da oxşar tendensiya müşahidə edilir.
Agentlik bildirir ki, ABŞ-da həyata keçirilən yeni LNG layihələri ixracın daha da artmasına şərait yaradacaq və onilliyin sonuna qədər ölkənin LNG istehsalı iki dəfə artırılacaq.
Qeyd edək ki, Avropa Birliyinin ABŞ-dan enerji resursları — LNG, nüvə yanacağı və neft — üzrə strateji idxalı artıq 200 milyard dollara yaxınlaşıb. Uzunmüddətli müqavilələrin təsiri ilə ABŞ-ın Aİ-yə LNG tədarükündəki payı 45%-dən 60%-ə yüksəlib.
