Müəllif:Mehin Qasımova,Banco.az
Avropa Kosmik Agentliyi (ESA) tarixində ilk dəfə olaraq büdcəsinin bir hissəsini müdafiə yönümlü layihələrə ayırmağa hazırlaşır.
Banco.az xəbər verir ki, bu barədə qərar Agentliyin təsdiqlədiyi yeni qətnamədə əksini tapıb.
Qətnamədə bildirilir ki, ESA-nın hökumətlərarası mexanizmi artıq müdafiə sahəsində layihələrin həyata keçirilməsi üçün səlahiyyət və maliyyə təminatına malikdir.
Agentliyin iştirakçı ölkələri qarşıdakı üç il üçün 22,1 milyard avroluq rekord büdcə qəbul ediblər. Müqayisə üçün, 2024-cü ildə ESA-nın xərcləri təxminən 17 milyard avro təşkil edirdi.
Büdcəyə ən böyük töhfəni Almaniya, Fransa və İtaliya veriblər.
Qeyd edək ki, ESA illərlə yalnız mülki layihələr həyata keçirib.
Agentliyin əvvəlki proqramları — Galileo naviqasiya sistemi və Kopernik peyk şəbəkəsi — “qəti olaraq dinc məqsədlərə” xidmət edirdi. Bu yanaşma 1975-ci ildə təşkilatın təsis Konvensiyasında da təsbit edilib.
