Həbs olunanlar arasında Beynəlxalq Bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları var
Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları - Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov həbs olunublar.
Məlumata görə, Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən şəxslərə qarşı da müvafiq tədbirlər görülməsi bundan sonra da davam etdiriləcək.