Beynəlxalq Banka dair son qərar savadsız və qanunsuzdur. Bunu hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəlikərinin könüllü restrukturizasiyası barədə qərar gündəmdən düşmür. Məsələnin iqtisadi tərəfi artıq hamıya bəllidir. Amma burada qaranlıq qalan bəzi məqamlar var ki, bir sıra suallar yaradır: “ABB borclarını ödəyə bilmir və özəlləşdirilməsi ərəfəsində dövlət onun borclarını öz üzərinə götürür ki, bankı alan tapılsın (borcu əmlakından çox olan bankı kim alar ki?). Lakin ortada bir sıra sual və məsələ var ki, onlara aydınlıq gətirməyə ehtiyac var.
Məsələn: 1) restrukturizasiya nədir? 2) ABB müflisdirmi? 3) dövlət ABB-nin öhdəliklərinə görə cavabdehdirmi? 4) qəbul edilən qərar qanunidirmi? 5) bu qərar necə icra olunacaq? 6) Dövlət bu borcu nəyin hesabına ödəyəcək? və s. Üstəgəl söhbətin hansı məbləğdən getməsi də bir sıra sual doğurur. Gəlin bir-bir hamısını araşdıraq”.
“Əlinin Vəliyə borcunu Maliyyə Nazirliyi ödəyəcək”
1. Öhdəliklərin restrukturizasiyası nədir? Borclunun ödəmə qabiliyyətində yaranmış çətinliklərin nəzərə alınması ilə borc şərtlərinin dəyişdirilməsidir. Məsələn, borcun əsas məbləğinin və ya faizlərin tam və ya qismən bağışlanması, müddətin uzadılması, faiz dərəcəsinin azaldılması və s. ABB-nin halında isə söhbət onun 3,3 mlrd. dollar məbləğində borcunun dövlətə ötürülməsindən gedir. Yəni xaricdən götürdüyü kreditlər üzrə borclu bundan sonra dövlətimiz olacaq. Müqayisə: Əlinin Vəliyə 100 manat borcu var, amma ödəyə bilmir. Maliyyə naziri gəlib Vəliyə deyir ki, Əlidən əl çək, gəl müqavilə bağlayaq ki, bundan sonra həmin borca görə qarşında mən cavabdehəm.
“Beynəlxalq Bankın 500 milyon manat borcu qaytarmağa vəsaiti yoxdur”
2. ABB müflisdirmi? Faktiki müflisdir əlbəttə. Belə ki, nizamnamə kapitalı 1,24128724806 mlrd. manat olduğu halda özünün bəyanatına əsasən ötən ili 1,74 mlrd. manat zərərlə başa vurub. Yəni zərər nəinki onun kapitalını tam yeyib, 0,5 mlrd. manat məbləğində borcun qaytarılması üçün ümumiyyətlə vəsaiti yoxdur. Mülki Məcəllənin 59.5-ci maddəsində isə deyilir: “Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər”. Lakin dövlətimiz onu ləğv etmək istəmədiyi üçün formal olaraq ABB müflis deyil. Belə ki, hər hansı şəxs yalnız məhkəmə qərarı əsasında müflis elan oluna bilər. ABB-yə dair isə belə qərar yoxdur. Təbii, borclarını ödəyə bilmədiyi qaçılmaz təqdirdə əvvəl-axır müflis elan olunacaqdı. Lakin dövlət onun borclarını öz üzərinə götürərsə, təbii, ABB müflis elan olunmayacaq. Buna görə də formal olaraq ABB müflis deyil, ödəmə qabiliyyətini itirmiş bankdır. Yuxarıdakı misala qayıtsaq, əlbəttə, Əli ödəmə qabiliyyətini itirib, amma haqqında məhkəmə qərarı olmadığı üçün müflis deyil, maliyyə naziri Əlinin borcunu üzərinə götürərsə, təbii, Əli müflis elan olunmayacaq da.
Dövlət Beynəlxalq Bankın öhdəliklərini ona görə üzərinə götürüb ki...
3. Dövlət ABB-nin öhdəliklərinə görə cavabdehdirmi? Ümumən xeyr. Belə ki, Mülki Məcəllənin 98.4-cü maddəsinə uyğun olaraq səhmdar, səhmdar cəmiyyətinin öhdəlikləri üçün cavabdeh deyil. Yalnız iki istisna var. Əvvəla, ABB-də dövlətimizin payı 50%-dən çox olduğu üçün Mülki Məcəllənin 950.1-ci maddəsinə əsasən ABB-dəki fiziki şəxslərin əmanətlərinin qaytarılmasına görə məsuliyyət daşıyır. Bir də dövlət ABB-nin hər hansı borcuna görə ayrıca zəmanət verdiyi hallarda həmin borca görə məsuldur (necə ki, hər hansı zamin cavabdeh olur borcluya görə). Vəssalam! Buna görə də dövlətimiz ABB-nin xarici borclarını üzərinə götürməyib ABB-ni müflis də edə bilərdi. Bu halda fiziki şəxslərin əmanətləri (elə də böyük məbləğ deyil!) bankın hesabına qaytarılacaqdı və dövlətin üzərinə heç bir yük düşməyəcəkdi. Bankın digər borclarının əksəriyyəti isə sadəcə batacaqdı. Lakin bunun iki mənfi nəticəsi olacaqdı: 1) dövlətimizin beynəlxalq nüfuzu və reytinqinə xələl gələcəkdi (SOCAR və digər dövlət şirkətlərimizin xarici kreditorları da borcların dərhal bağlanmasını tələb edəcəkdi); 2) bank sistemimizə etimad tam sarsılacaqdı.
4. Niyə dövlətimiz tələb olunan vəsaiti (3,3 mlrd. dollar) ABB-yə yerləşdirmə yolu ilə problemi həll etmir? Ona görə ki, hazırda dərhal bu qədər vəsait sərf etmək istəmir. Üzərinə götürdüyü borcları isə tədricən qaytaracaq
5. Niyə dövlətimiz ABB-nin borclarının ödəniş anı gəldikcə ona pul yerləşdirmək istəmir? Ona görə ki, ABB-ni tezliklə özəlləşdirmək istəyir. Özəlləşdirmədən öncə isə bank tam təmizlənməlidir.
“Bankın restrukturizasiyası haqqında qərar qanunsuzdur”
6. Öhdəliklərin könüllü restrukturizasiyası haqqında qərar qanunidirmi? Xeyr, qanuni deyil! Bəli, “Banklar haqqında” Qanunun VIII-I fəslində bankın öhdəliklərinin könüllü restrukturizasiyası imkanı və proseduru təsbit edilib. O cümlədən orada deyilir ki, bu barədə qərar bankın Müşahidə Şurası tərəfindən qəbul edilir, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bəyənildikdən sonra isə məhkəmənin qərarı ilə təsdiq olunur. Nə ABB-nin Müşahidə Şurasının, nə də Nəsimi rayon məhkəməsinin qərarları dərc olunmayıb. Buna görə də həmin qərarların nə dərəcədə qanuna uyğun olmasına qiymət verə bilmərik. Yalnız ABB-nin dərc etdiyi məlumata (https://www.ibar.az/…/international-bank-of-azerbaijan-ann…/) və restrukturizasiya planına (https://ibar.az/…/xarici-borcun-res…/restrukturizasiya-plan/) əsasən isə bunları deyə bilərik. Əvvəla, belə qərarın qəbulu üçün mütləq ABB-nin səhmdarlarının ümumi yığıncağı toplanmalı idi. Belə ki, Mülki Məcəllənin 99.3-cü maddəsində deyilir: “Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır”. ABB-nin xalis aktivləri göstəricisi mənfidir. Buna görə də belə qərarı yalnız səhmdarların ümumi yığıncağı verə bilərdi. Şəkk etmirəm ki, qərar yekdilliklə qəbul ediləcəkdi. Kim istəməz ki, faktiki müflis olmuş şirkətinin borcunu başqası üzərinə götürsün?! Bununla belə, qanunun formal tələbinə riayət olunmalı idi, amma olunmayıb: səhmdarların ümumi yığıncağı çağırılmayıb.
Digər tərəfdən, ABB-nin məlumatında deyilir: “Restrukturizasiya planının xarici kreditorların yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur”. Əvvəla, “Banklar haqqında” Qanunun 57-11.11-ci maddəsinə əsasən sadəcə kreditorların deyil, tələblərin ən azı 2/3 hissəsinə malik olan kreditorların razılığı tələb edilir. Digər tərəfdən, həmin maddənin özü belə Mülki Məcəllənin 522.2-ci maddəsinə ziddir. Həmin maddədə deyilir: “Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur”. Yəni Məcəlləyə əsasən qərar 2/3 səs çoxluğu ilə deyil, yekdil qəbul edilməlidir. Xatırladıram ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsinə müvafiq olaraq Mülki Məcəlləsi digər məcəllə və qanunlardan üstün hüquqi qüvvəyə malikdir, buna görə də “Banklar haqqında” Qanunun sözügedən maddəsi əhəmiyyətsizdir. Bir sözlə, ABB-nin bütün kreditorlarının razılığı tələb olunur. Şübhə etmirəm ki, qərar elə yekdil olacaq. Kim istəməz ki, ona borclu olan şəxsin borcunu mənsub olduğu dövlət üzərinə götürsün?! Bununla belə, qərarın özü qanuna ziddir.
7. Öhdəliklərin restrukturizasiyası necə həyata keçiriləcək? Əvvəldə qeyd etdiyimiz kimi, bankın saytında restrukturizasiya planı dərc edilib. Planı ABB hazırlayıb, Palata bəyənib, Nəsimi rayon məhkəməsi isə təsdiq edib. Bu sənədi qanunvericiliyimizdən bixəbər olan, dilimizi isə pis bilən hansısa ingilisdilli hazırlayıb. Sənəddə nə demək istədiklərini yalnız məsələdən ümumən məlumatı olanlar təxmin edə bilər. “Banklar haqqında” Qanunda nəzərdə tutulan terminlər belə fərqli təsbit edilib: “kreditor” əvəzinə “iddiaçı”, “tələb” əvəzinə “iddia”, “kreditorların ümumi yığıncağı” əvəzinə “iddiaçıların toplantısı” və s. və i.a. Bu plan açıq-aşkar ingilis dilində olan hansısa sənədin tərcüməsidir, özü də həmin sənədin əhatə dairəsi daha genişdir. Buna görə də planda yersiz müddəalar çoxdur. Əslində isə plan çox sadə olmalı idi: kreditorlar ABB-yə qarşı tələblərindən imtina edir, dövlət isə ABB-nin öhdəliklərini qəbul edir. Buna görə uzun-uzadı, yersiz müddəalara ehtiyac yox idi. Uzağı 3-4 səhifədə yazmaq olardı.
8. Dövlət bu borcu nəyin hesabına ödəyəcək? ABB-nin dərc etdiyi plana əsasən 31 borc öhdəliyi dövlətə keçəcək. Bəzi öhdəliklərin icra vaxtı artıq çatıb (deməli, ABB ödənişləri gecikdirir), bəziləri isə bu və növbəti illərdə çatacaq (sonuncu 2025-ci ildə). Cəmi borc 2,145580061 mlrd. dollar və 0,114013243 mlrd. avro təşkil edir, sonuncunu da dollara çevirəndə (0,124274434dollar) cəmi borc 2,269854495 dollar təşkil edir. Buna görə də sual yaranır ki, bəs niyə mətbuatda söhbət 3,3 mlrd. dollardan gedir? Böyük ehtimalla əlavə 1 mlrd. dollar Neft Fondumuzun ABB-dəki əmanətidir. Yəni faktiki Fondun ABB-dəki pulu batıb. Ümumən aydındır ki, mövcud iqtisadi durumda və dövlət büdcəsinin halında (vergi orqanları vergi yığmaq üçün min cür oyundan çıxır) dövlət üzərinə götürdüyü bu öhdəliyi büdcədən, yəni vergilər hesabına ödəyə bilməyəcək. Vergilərin artırılmasının isə yeri heç yoxdur, onsuz da sahibkarlar boğulur. Buna görə də açıq-aşkardır ki, bu borcları Neft Fondu ödəməli olacaq. Bir neçə dövlət şirkətimiz də başımıza belə oyun açsa, Neft Fondunun ehtiyatları tükənəcək.
9. Niyə məhz 3,3 mlrd. dollar? Aydın məsələdir ki, ABB özəlləşdirilməyə hazırlanır deyə təmizlənir. Bəyan edilib ki, ötən ilin nəticələrinə görə bankın zərəri 1,74 mlrd. manat təşkil edir. Yəni təxmini 1,02 mlrd. dollar. Bəs onda niyə dövlət bu məbləğdən iki dəfə çox vəsaiti ABB-yə bağışlayır? Bankın özəlləşdirilməsindən daha çox gəlir qazanmaq üçün? ABB-nin reputasiyası elə gündədir ki, inanmıram ki, səhmini nominal dəyərdən baha alan olsun.
© Fins.az