Müəllif:Mehin Qasımova,Banco.az
Artan rəqabət və xammal qiymətlərinin əhəmiyyətli dərəcədə artması bütün dünyada şirkətləri iflasa sürükləməkdə davam edir.
Banco.az xəbər verir ki, təxminən 10,000 işçisi olan Çin elektrik avtomobil istehsalçısı "Neta Auto" iflas etdiyini elan etdi.
Çin mediasının məlumatına görə, şirkət bir neçə ay əvvəl müflis olmaq üçün müraciət etsə də, əvvəlcə bu tələb rədd edilib. Son hadisələrin rəsmi iflas prosesinə səbəb olduğu bildirilir.
Tailand hökuməti ilə razılaşmaya əsasən, Neta 2025-ci ilə qədər 19 000 elektrik avtomobili istehsal etməli idi. Lakin şirkət indiyədək cəmi 4 000 ədəd istehsal edib. İstehsalın bu azalması onun iflasına səbəb olub.
Mütəxəssislərin fikrincə, Neta Auto-nun iflası sadəcə bir şirkətin çöküşü deyil. Bu, həm də Çinin elektrikli avtomobil bazarında şiddətli rəqabətin və qlobal tənzimləyici təzyiqlərin avtomobil sənayesi üçün yeni bir dövr açdığına işarədir.