Dünən Behnam Qurbanzadənin Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Begatech” şirkətinin baş direktoru təyin edilməsi barədə məlumat yayılmışdı.
"Banco.az" virtualaz.org saytına istinadən xəbər verir ki, B.Qurbanzadə bu xəbərin yanlış olduğunu deyib.
“Mən Beynəlxalq Bankı tərk edəndən sonra heç yerdə işləmirəm. Analitik kimi müstəqil fəaliyyətə başlamağı planlaşdırıram. Maliyyə qurumlarına, özəl sektora, sahibkarlara, ayrı-ayrı müəssisələrə məsləhətlər vermək niyyətindəyəm. Mənim Dubaya təyinat almağıma gəlincə isə bu, mətbuatın növbəti dəqiqləşdirilməmiş informasiyasıdır. Bu məlumat KİV-də gedəndən sonra bir neçə saytla əlaqə saxladım və dəqiq informasiyanı onlara təqdim etdim” - deyə B.Qurbanzadə bildirib.
Qeyd edək ki, dünən APA-nın yaydığı xəbərə görə, B. Qurbanzadə "Amrahbank"dakı vəzifəsində cəmi 1 ay işləyib. Cari ilin oktyabr ayında bu vəzifəyə təyin olunan bankir noyabr ayından etibarən özünə yeni "iş yeri" tapıb. Noyabr ayından B. Qurbanzadə baş ofisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Begatech" şirkətinin baş direktorudur. Şirkət rəqəmsal tətbiqlər sahəsində ixtisaslaşıb.
Məlumatda qeyd olunurdu ki, bununla yanaşı, B. Qurbanzadə BƏƏ-də yerləşən "Flexible Business Solutions Company" şirkətinin idarəedici tərəfdaşıdır (managing partner).
Xatırladaq ki, B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb. Adıçəkilən departament ləğv olunduqdan sonra B. Qurbanzadə tutduğu vəzifədən uzaqlaşdırılıb. Daha bir xəbərə görə, o bundan sonra "Amrahbank"da çalışıb.