Müəllif: Tamara Mustafayeva, Banco.az
BƏƏ-nin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb.
Banco.az xəbər verir ki, “Bloomberg News”in mənbələrə istinadən yaydığı xəbərə görə, “Abu Dhabi National Oil Company” (Adnoc) müəssisədə baş vermiş ziyanın qiymətləndirilməsini həyata keçirir. Bildirilir ki, Ruwais Refinery gündə 922 min barel neft emal etmək gücünə malikdir.
ABŞ və İsrailin Irana hücumundan sonra Yaxın Şərqdə başlanan toqquşmalar İran Körfəzi regionunda enerji infrastrukturlarında bir sıra fasilələrə səbəb olub. Səudiyyə Ərəbistanı ötən həftə ən böyük neft emalı zavodunu bağlayıb, Qətər isə pilotsuz uçuş aparatı hücumlarından sonra dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracı müəssisəsini fəaliyyətini dayandırmağa məcbur olub.
“Adnoc” məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
“Abu Dhabi Media Office”nin məlumatına görə, “United Arab Emirates” səhər saatlarında Ruvays Sənaye Bölgəsində yerləşən bir müəssisəyə pilotsuz uçuş aparatı ilə edilən hücumdan sonra baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər gördüyünü açıqlamışdı. Həmin ərazidə həmçinin gübrə zavodu, kimya müəssisələri və elektrik stansiyası da yerləşir. Yaxınlıqda iri neft ixracı terminalı da mövcuddur.
Bizi sosial şəbəkələrdən izləyin!!
