Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan, ortaq rifah və iqtisadi artım baxımından eyni baxışı bölüşən, çox strateji münasibətlərə malikdir. Bu münasibətlərin mərkəzində isə 2025-ci ildə yaxın zamanda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi – CEPA dayanır. Bu saziş çoxsaylı əməkdaşlıqlar üçün möhkəm təməl yaradan güclü katalizatordur.
Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Amna Aldahak Al Shamsi bu gün Bakıda keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masasında deyib.
O bildirib ki, BƏƏ ərzaq təhlükəsizliyi sahəsində proaktiv və çoxşaxəli yanaşmanı təşviq edir, innovasiyaları, yüksək texnologiyaları və təsirli beynəlxalq əməkdaşlığı dəstəkləyir:
"Bu gün masa ətrafında keçirdiyimiz görüşlərdə və artıq başlanmış biznes görüşlərində formalaşdırmaq və inkişaf etdirmək istədiyimiz əməkdaşlıq da məhz buna xidmət edir.
BƏƏ iqlim baxımından çətin, quraq bir coğrafiyada yerləşsə də, biz kənd təsərrüfatı reallığımızı ən müasir texnologiyalar, yüksək texnoloji həllər və süni intellekt vasitəsilə transformasiya etməyə çalışırıq. BƏƏ-nin bir çox sahədə təşviq etdiyi bu yanaşma aqrar-ərzaq sektoruna da şamil olunur.
BƏƏ-nin 2051-ci ilədək Milli Ərzaq Təhlükəsizliyi Strategiyası mövcuddur. Bu strategiya yerli səviyyədə daha dayanıqlı ərzaq istehsalının yaradılmasını, eyni zamanda beynəlxalq əməkdaşlıqlar vasitəsilə qlobal miqyasda daha dayanıqlı ərzaq təchizatı zəncirinin formalaşdırılmasını hədəfləyir".
"Bu əməkdaşlıqdan gözlədiyimiz əsas nəticə, AZPROMO-dakı həmkarlarımızla birlikdə izləyə biləcəyimiz, irəliləyişini qiymətləndirəcəyimiz strukturlaşdırılmış bir yol xəritəsinin hazırlanmasıdır. Bu yol xəritəsində konkret mərhələlər müəyyənləşdiriləcək, bugünkü müzakirələrdən doğan təşəbbüslərin icrası və inkişafı qiymətləndiriləcək. Beləliklə, bu gün başlayan dialoqların yaxın gələcəkdə real nəticələrə və praktik icraya çevrilməsini təmin edəcəyik. Hər iki ölkə bu əməkdaşlığın qurulmasına və reallaşdırılmasına sistemli şəkildə yanaşır.
Biz bu müzakirələrin nəticəsi olaraq hökumətlərarası və bizneslərarası əməkdaşlığın gücləndirilməsini təmin edəcəyik. BƏƏ-dən olan nümayəndə heyəti olduqca genişdir: hökumət nümayəndələri, milli şirkətlər, özəl sektor, pərakəndə ticarət və ərzaq sənayesi təmsilçiləri bu heyətdə yer alır", - nazir qeyd edib.
"Biz bunu real layihələrə çevriləcək çoxsaylı əməkdaşlıqlar üçün başlanğıc nöqtəsi kimi görürük. Hökumətin rolu bu dialoqu asanlaşdırmaq, lazımi dəstəyi təmin etməkdir. Məhz buna görə strukturlaşdırılmış yol xəritəsi çox vacibdir ki, müzakirələri konkret fəaliyyət planlarına, real təsirə və biznes imkanlarına çevirə bilək.
Azərbaycanla davam edən ikitərəfli münasibətlərimiz və bu masa ətrafında toplanmış birgə təcrübə bu imkanların yaradılması, hər iki ölkə üçün ortaq rifahın və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın və BƏƏ-nin güclü tərəflərindən yararlanaraq uzunmüddətli, səmərəli və davamlı bir tərəfdaşlıq qurmaq niyyətindəyik", - nazir fikrini yekunlaşdırıb. (Trend)
