Dünən “Baku Business Factory” (BBF) fəaliyyətə başlamasının ikinci ildönümünü qeyd etdi.
BBF gənclərin biznes təşəbbüslərini dəstəkləyən təşkilat təşkilatdır və fəaliyyətə başladığı vaxtdan startaplar, frilanserlər və bu ekosistemdə fəaliyyətdə olan digər təşkilatlarla yaxın əməkdaşlıq içində olaraq ekosistemin inkişafına öz töhfəsini verməyə çalışıb.
Şirkət 2 il ərzində BBF tərəfindən seçilən layihələrə investisiya, ofis və ofis avadanlıqları, mentorluq, biznes mövzusunda müxtəlif təlim xidmətləri göstərilib. Bu xidmətlər xaricində eyni sektorda fəaliyyət göstərən başqa şirkətlərlə də əməkdaşlıqlar edilərək müxtəlif layihələrə imza atılıb.
Ə.Müslümov Apa.az- a müsahibəsində deyib ki, fəaliyyətinin ilk ilində olduğu kimi ikinci ildə də “Baku Business Factory”nin ən çox əhəmiyyət verdiyi məsələlərdən biri Azərbaycan prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələnməsi yönündə atdığı addımlara dəstək vermək olub. Bu səbəbdən təşkilat biznes layihələrini seçərkən mərkəzdə yerləşən layihələrin bir-birindən fərqlənməsinə diqqət yetirir. Bunun nəticəsi olaraq, hazırda BBF-in xidmətlərindən istifadə edən 20 layihə bütün 4 əsas iqtisadi sektoru, yəni istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarını əhatə etməklə 14 ayrı biznes fəaliyyəti növünü əhatə edir.
BBF-in direktoru qeyd edib ki, layihələrə ayrı-ayrı nəzər saldıqda mərkəzdə kifayət qədər uğurlu sayılan çoxlu sayda startapların olduğunu görmək mümkündür. Dəstəklənən layihələr arasından “MrBee” ölkə daxilində yüksək keyfiyyətli bal istehsal edərək onun onlayn vasitələrlə satışını təşkil edir, eyni zamanda həmin balın ixracını həyata keçirir. “Keepface” öz mobil və web platforması vasitəsilə məşhurları və reklam verənləri birləşdirərək sosial şəbəkələr üzərindən influenser marketinq xidmətləri göstərir. “Obanatur” şirkəti ölkə ərazisində sağlam qidaların rahatlıqla çatdırılması üçün sərfəli metod təklif edir. “Banco.az” artıq bütün ölkədə tanınan bank portalıdır. “Quizmindup”ın mükəmməl test və işəgötürmə platforması artıq dünyanın müxtəlif ölkələrində özünə çoxlu alıcı tapıb. “Alkredit.az” kredit götürmək istəyənlər üçün əvəzedilməz resursdur. “BrandCream” komandası dizayn sahəsində artıq sözünü deyib. “Eventwex”in bilet emissiyası və satışı üçün təklif etdiyi həll bu sahədə ən irəlidə olan şirkətlərlə rəqabət edə biləcək gücdədir. “Invex Team” öz mühəndisləri ilə gələcəyə yol açır. Və bunlar kimi mərkəzdə yerləşən digər startapların da hər biri BBF-lə sıx əməkdaşlığın nəticəsi olaraq son bir ildə işlərini xeyli irəliyə götürə biliblər.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
Təbriklər!