Dünya bazarında neftin qiymətinin ucuzlaşması ən çox Azərbaycanın bank sektoruna təsir edib. Ona görə də son günlər ən çox müzakirə edilən mövzulardan biri kommersiya banklarının vəziyyəti və bank sektorunda müşahidə edilən problemlərdir.
Banklardakı əsas problemlərdən biri kimi maliyyə çatışmazlığı göstərilir. İstehlak kreditlərinin getdikcə azalması, əhalinin əmanət yerləşdirməyə maraq göstərməməsi və bank gəlirlərinin daha çox yüksək faiz əsasında formalaşması isə yaranmış vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən bankların bəzisi xidmət şəbəkəsini kiçiltmək və ixtisarlar aparmaq məcburiyyətində qalır. Eksperlər isə yaxın bir ildə Azərbaycanda bankların sayının kəskin şəkildə azalacağını bildirirlər. Onların sözlərinə görə, bunun səbəbləri bir sıra bankların lisenziyasının geri alınması, onların birləşdirilməsi, eləcə də statuslarının dəyişdirilməsi ilə bağlı olacaq.
Ekspert Samir Əliyevin fikrincə, bankların sayının azalması müsbət prosesdir və bu, bəzi bankların reytinqinə müsbət təsir edə bilər:
“Mən düşünmürəm ki, bankların reytinqində onların konsoldasiyası məsələsi xüsusi rol oynaya bilər. Düzdür, bankların konsoldasiyası müsbət haldır. Çünki araşdırmalar da göstərir ki, Azərbaycan üçün 43 bank çoxdur. Bankların sayının azaldılmasına ehtiyyac var. Düşünürəm ki, onların sayı 30-dan az olmalıdır. 20-25, ən uzağı 30 olsa daha optimal olar. İndi biz müşahidə edirik ki, banklar çox əziyyət çəkir. Buna görə bankların sayının azaldılması normaldır. Bu onların özlərinin güclənməsi, eləcə də göstərdikləri xidmətlərin keyfiyyətinin artırılması baxımından müsbət rol oynayır. Konsoldasiya gedərsə banklar güclənər və bu ayrı-ayrı bankların reytinqinə müsbət təsir göstərər”.
Qeyd edək ki, bir müddət öncə “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin reytinqini “stabil”dən “neqativ”ə dəyişib. İqtisadçı eksper Pərviz heydərov deyir ki, beynəlxalq təşkilatlar Azərbaycanın bank sektoruna verdiyi qiymət təbiidir:
“Hazırda Azərbaycanın bank sistemində rəsmi olaraq statistik rəqəmlərə görə aktivlərin vəziyyəti və s. göstəricilərə görə vəziyyət qənaətbəxş görünsə də, heç də arzuolunan deyil. Ona görə ki, devalvasiyadan sonra əhali əmanətlərini dəyişdi – ümumən əhalinin bank sistemindəki əmanətlərinin 70 faizi dollarladır. İndi bankların özündə dollar artıqlığı yaranıb. Manatla kredit verilməsi prosesi mart ayından dayanıb. O cümlədən, bu ilin əvvəlindən bankların nizamnamə hesablarının 50 milyon manata çatdırılması haqqında müvafiq tələb vardı. Həmin tələbi bir neçə bank yerinə yetirmədi, amma bununla bərabər Mərkəzi Bank onların bağlanması haqqında qərar qəbul etmədi. Hələ fevralın 21-i manatın ucuzlaşdırılmasından sonra bankların vəziyyətinin stabilləşdirilməsi üçün Mərkəzi Bank ard-arda bir neçə addım atdı. Bu mənada həmin o beynəlxalq təşkilatların da Azərbaycanın bank sektoruna verdiyi qiymət təbiidir”.
Federal Rezerv Bankı uçot dərəcəsini dəyişdirmədi. Hesab olunur ki, bu qərar valyutaya təsir edəcək — dollar bahalaşmayacaq, manat isə öz mövqesini gücləndirəcək. Samir Əliyevin sözlərinə görə, bu qərar birbaşa olmasa belə, banklara da öz təsirini göstərəcək:
“Azərbaycanda bir dəfə devalvasiya olub və bank sektoru hələ də onun vurduğu zərbənin altından çıxa bilmir, fəsadlarını yaşayır. Əgər uçot dərəcəsi qalxsaydı, bu manata birbaşa yox, dolayı təsir göstərərdi – neftin qiymətinin ucuzlaşması Azərbaycana mənfi təsir göstərir, manat üçün təyziq yaradır. Sonra dolların bahalaşması ona gətirib çıxarardı ki, bir sıra ölkələrin, o cümlədən Azərbaycanla ticarət tərəfdaşı olan ölkələrin valyutası devalvasiya edərdi. Belə vəziyyətdə Azərbaycan da məcbur olub devalvasiyaya gedərdi. Bu baxımdan ikinci devalvasiya riski artardı ki, bu da bank sektoruna mənfi təsir göstərdi”.
Ekspertlərin sözlərindən göründüyü kimi, ilin sonuna qədər 15-20 bank bağlana bilər. Bu sahədə ixtisarlar, filialların bağlanması da istisna edilmir. Bu prosesin qarşısını isə yalnız neftin bahalaşması ala bilər.
Mənbə: sputnik.az