Bankların resurslarının az olması böyük problem yaradır. | Banco.az

Bankların resurslarının az olması böyük problem yaradır.

Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən həftə kreditlərdən danışdı. Hamının gözlədiyi, əksəriyyəti narahat edən mövzuya toxundu. Amma təəssüf ki, cənab E.Rüstəmovun çıxışı heç də ürəklərə su səpmədi. Hər kəs kredit faizlərinin həddən artıq yüksək olduğunu, faizləri salmaq üçün təkliflər verdiyi bir vaxta MB sədri faizlərin narahatlıq doğurmadığını dedi: “Bəli, bu gün Azərbaycanda bank faiz dərəcələri yüksəkdir. Amma bu elə də böyük problem yaratmır. Bu gün Azərbaycanda istehlak kreditlərinin dərəcəsi 17%, biznes kreditlərinin isə 14-15%-dir. Azad iqtisadi bazardır, tələb var, təklif var. Əgər bu gün banklar bu faizlərlə kredit verirsə, deməli, buna tələbat var. Tələbat olan yerdə isə təklif də olur”.

Lakin E.Rüstəmov biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyədək azala biləcəyini vurğuladı: “Ölkədə istehlak kreditlərinə yüksək tələbat var və bu seqment güclü inkişaf dövrünü yaşayır. Biz öz növbəmizdə daim vəziyyətin monitorinqini aparır, hətta bankların əhalini kreditləşdirdikləri istiqamətlərlə maraqlanırıq. Bunlar təmir, toy mərasimlərinin keçirilməsi, texnikanın alınması və digərləridir. Bu bazarda tələb təklifi üstələyir. Ümid edirəm ki, gələcəkdə yuxarıda sadalanan bütün tədbirlər ona gətirib çıxaracaq ki, istehlak kreditləşməsi bazarı təklif bazarı olacaq. Onun ardınca təklif bazarı bu cür biznes kreditlərinin seqmenti olacaq və gələcəkdə onlar üzrə faiz dərəcələri birrəqəmli səviyyəyədək azala bilər”.

Biznes kreditlərinin faizləri niyə yüksəkdir? Onlara əlçatanlıq hansı səviyyədədir? Faizləri ucuzlaşdırmaq, biznes kreditlərinə əlçatanlığı artırmaq üçün hansı addımların atılmasına ehtiyac var? 

İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, kredit bazarında istehlak kreditlərinin payının getdikcə artması tendensiyası müşahidə olunur: “Ölkə üzrə verilən kreditlərin təxminən 40 faizini istehlak kreditləri təşkil edir. Halbuki iki il öncə bu, 30 faiz idi. Bu tendensiya təkcə Azərbaycanda yox, keçmiş SSRİ ölkələrində müşahidə edilir. 

Biznes kreditlərinin payının azalması, faizlərinin yüksək olması hökuməti narahat edir və bunun da əsası var. Məsələ ondadır ki, biznes kreditləri istehsalı stimullaşdırır. İstehsalın stimullaşması ölkə iqtisadiyyatının inkişafı üçün vacib şərtlərdən biridir. İstehlak kreditlərinin payının artması isə xüsusilə Azərbaycan kimi ölkələrdə arzuolunmaz hallara gətirib çıxarır. Bəzi ölkələrdə bu normal sayıla bilər. Tutaq ki, Almaniya vətəndaşı istehlak kreditini götürüb gedir öz ölkəsinin istehsal etdiyi hər hansı əşyanı alır. Amma biz idxaldan asılı olduğumuz üçün verilən istehlak krediti hər hansı xarici sahibkarın biznesini stimullaşdırmaq üçün yarayır. Bir sözlə, deyə bilərik ki, Azərbaycanda istehlak krediti idxalı stimullaşdırır, nəinki istehsalı”. S.Əliyev qeyd etdi ki, Azərbaycanda kredit faizlərinin yüksək olmasının bir səbəbi də bankların istehlak kreditlərinə qaçmasıdır. Ekspertin sözlərinə görə, istehlak kreditləri bir qayda olaraq bank sektorunda qiymətləri bahalaşdırır: “Təbii olaraq istehlak kreditləri biznes kreditlərindən daha bahadır, çünki ona çəkilən xərc daha çoxdur. Buna görə də istehlak kreditlərinin payı artdıqca ölkə üzrə kredit faizləri də artır. Ən pisi odur ki, banklar da biznes kreditlərindən daha çox istehlak kreditlərinə meyl edirlər. Çünki istehlak kreditləşməsi ən etibarlı kreditləşmədir. Vətəndaş onu öz əməkhaqqından verir, nə qədər ki, iş yerini itirməyib onu qaytarmaqla bağlı problem çıxmır. Amma tutaq ki, kənd təsərrüfatı ən riskli sahədir və banklar onu maliyyələşdirməkdə maraqlı deyil. Yəni biznesdə risk yüksək olduğuna görə banklar maraqlı olmurlar onu maliyyələşdirməyə. Getdikcə də bu sahədə təklif azalır. 

Əslində qazanmaq baxımından biznes kreditləri daha sərfəlidir. Çünki böyük həcmdə pul verirsən, böyük həcmdə də faiz götürürsən. Eyni zamanda da bu krediti verərkən daha az xərcin çıxır. Yəni bir var 1 milyonu bir nəfərə verəsən, bununla bir nəfər məşğul ola, bir də var 1 milyonu yüzlərlə adama verəsən onlarla adam bu işlə məşğul ola, daha çox xərc çəkilə. Ona görə də o xərc istehlak kreditləri faizinin üzərinə gəlir. Amma reallıq onu göstərir ki, banklar onsuz da az olan kredit resurslarını hansısa şirkətə biznes krediti şəklində verib batırmaqda maraqlı deyillər. İstehlak kreditləri çox adama verildiyi üçün qayıtmama ehtimalı daha azdır. Yəni tutaq ki, min nəfərdən yüzündə problem yaşanarsa doqquz yüzü normal qaytara bilər”. 

Həmsöhbətimizin sözlərinə görə, burada diqqət çəkən bir məsələ odur ki, artıq istehlak kreditlərinin faizlərində azalma müşahidə edilir: “Düzdür, bu, elə də böyük rəqəmlə ifadə edilmir, amma bu, biznes kreditlərinin ucuzlaşmasına az da olsa təsir göstərə bilər. Bizdə ən böyük problem bankların resurslarının az olmasıdır. Bu səbəb bankların şərtləri ağırlaşdırmasına gətirib çıxarır və nəticədə sahibkarlar üçün əlçatanlıq azalır”.
kaspi.az

Ən sərfəli kredit üçün müraciət et