“Bankların mənfəət vergisindən azad olunması doğru deyil” | Banco.az

“Bankların mənfəət vergisindən azad olunması doğru deyil”

Bu mərhələdə bankların mənfəət vergisindən azad edilməsi doğru olmazdı.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının sədri, “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev indiki şəraitdə banklar mənfəət vergisindən azad ola bilərmi sualına cavab olaraq belə deyib: “Şübhəsiz ki, bütün mərhələlərdə bu cür mənfəət vergisi üzrə tətillərin verilməsi müsbət haldır. Lakin eyni zamanda biz unutmamalıyıq ki, büdcə gəlirləri də təmin edilməlidir. Bunun üçün də bu mərhələdə banklar üçün belə tətil verilməsi yəqin ki, doğru olmazdı. Bilirsiniz, mənim fikrimcə, banklara təkcə vergi ödəyicisi kimi baxmaq düzgün deyil. Banklar vergi ödəyiciləri yaradan bir xüsusi qurumlardır. Banklar eyni zamanda həm özləri vergi ödəyicisidir, lakin daha çox yeni vergi ödəyiciləri və vergi ödəyicilərinə dəstək olan bir qurumdurlar. Bu gün Azərbaycan bank sektoru 5-10 il əvvəlki bank sektoru deyil. Bu aktivlərinin həcmi 30 milyarda yaxınlaşmış və Azərbaycan büdcəsini Neft Fondunun transfertlərini çıxdığımız zaman 5-6 dəfə üstələyən bir həcmə malik bir sektordur. Yəni, bu olduqca ciddi və böyük iqtisadi münasibətlər sisteminin tərkib hissəsidir”.

Ən sərfəli kredit üçün müraciət et

Z.Nuriyev əlavə edib ki, indiki mərhələdə banklar üçün daha çox zəruri olan qanunvericilik aktlarında  müvafiq təkmilləşmələrin, dəyişikliklərin aparılması, bankların fəaliyyəti üçün zəruri olan müvafiq qanun layihələrinin təcili qəbul edilməsi və tətbiqinin həyata keçirilməsidir.  Onun fikrincə, bu addımlar iqtisadiyyatın maliyyələşdirilməsinin sürətlənməsinə xidmət edəcək.

 

Ən sərfəli krediti almaq üçün müraciət et