Son günlərdə manatın dəyərdən düşməsi, dollarla krediti olan vətəndaşlar arasında böyük sarsıntı və çaşqınlığa səbəb olub.
Banco.az olaraq bu barədə araşdırma etmək qərarına gəldik.
Banklarımız dollarla krediti olan əhaliyə qarşı hər hansı güzəştlər tətbiq edirmi? Borcluların məlum vəziyyətinin yumşaldılması məqsədilə hansı tədbirlər görülür?
Araşdırmamızın nəticəsini diqqətinizə çatdırırıq.
ASB Bankdan bildirdilər ki, dollarla krediti olan müştərilərə fərdi qaydada yanaşılır və bankın güzəşti kredit müddətinin uzadılmasından ibarətdir. Bank, kreditləri onsuz da aşağı faizlərlə təqdim etdiyindən (10%), faizlərlə bağlı hər hansı güzəşt tətbiq olunmur.
Nikoil Bankda isə hal-hazırda güzəştlər paketi hazırlanır. Fevral devalvasiyasından sonra da, bu bank belə bir paket hazırlayaraq, müştərilərin öhdəsinə buraxmışdı. Paketdə həm kredit müddətinin uzadılması, həm də faiz dərəcəsinin endirilməsi nəzərdə tutulub. Mövcud bazar araşdırıldıqdan və müştərilərin imkanları müəyyən olunduqdan sonra güzəştlər paketi bank müştərilərinin ixtiyarına buraxılacaq.
Bank of Bakudan bildirdilər ki: “Həm müddətin artırılması, həm də eyni zamanda faizlərin azaldılması ilə bağlı planlarımız var. Bu haqda müştərilərimizə qısa zaman ərzində məlumat veriləcək.”
Unibankda da, mövcud məsələylə bağlı rəhbərlik səviyyəsində müzakirələr gedir.
Kapital Bank isə, ancaq manatla kredit verdiyindən belə məsələ ilə qarşılaşmayıb.
Dəmir Bank hazırda məsələnin müzakirəsi ilə məşğuldur. Yanvar ayında özündə bir neçə ssenarini əhatə edən paket bank müştərilərinə təqdim olunacaq.
Paşa Bankdan verilən məlumata görə, bank hər bir müştəriyə fərdi qaydada yanaşır və bundan sonra da yanaşacaq. Bazar vəziyyətdən asılı olaraq, kreditlərin yenidən strukturlaşdırılmasını, ödəniş müddətinin uzadılmasını təklif edə bilər.
Bank BTB-də hazırda bu məsələ ilə bağlı proqram hazırlanması üzrəində işlər gedir. Güman olunur ki, tətildən sonra güzəştlərin tətbiqinə başlanılacaq.
AccessBank- “Bank hər zaman olduğu kimi müştərilərə individual yanaşma, aylıq ödəmə yükünün maliyyə imkanlarına uyğunluğu və loyallıq prinsiplərinə sadiq qalaraq, ABŞ dolları ilə kredit götürmüş müştərilərin müraciətləri əsasında restrukturizasiya tədbirləri həyata keçirir. Sözsüz ki, bura kredit müddətinin uzadılması, üzən qrafikin tətbiqi, güzəşt müddətinin verilməsi, faiz dərəcələrində və cərimələrdə güzəştlər və s. aiddir.
Müvəqqəti çətinliklərə baxmayaraq, müştərilərimizlə illər ərzində qurduğumuz əməkdaşlığın hələ uzun müddət davam edəcəyinə əminik”.