Görülən bütün tədbirlərə baxmayaraq, ölkədə istehlak kreditlərinrin həcminin artması müvafiq dövlət qurumlarını bu istiqamətdə daha sərt siyasət yürütməyə vadar edir. Öncə xatırladaq ki, cari ilin əvvəlində Mərkəzi Bankın müəyyən etdiyi "Banklarda kreditlərin verilməsi qaydaları"nın tələblərinə əsasən, təminatsız kreditlər borcalanın uzunmüddətli maliyyə hesabatları və kredit tarixləri əldə edilməklə verilməlidir. Sadə vətəndaşlar üçün tələb olunan maliyyə hesabatları qismində əməkhaqqı və ya onların rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdən aldığı gəlirlər barədə arayış çıxış edir. bundan sonra avtomobillərin kreditlə satış qaydaları sərtləşdirildi. Ardınca istehlak kreditlərinin reklamlarına son verildi.
İstənilən nəticənin hasil edilməməsi fonunda Mərkəzi Bank kommersiya banklarında istehlak kreditlərinin artım dinamikasını bir qədər də aşağı salmağı nəzərdə tutan yeni tədbirlər görməyə hazırlaşır. Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov bu xüsusda bildirib: "Bildiyimiz kimi, Mərkəzi Bank bu ilin əvvəlindən istehlak kreditləşməsi ilə bağlı müəyyən tənzimləyici addımlar atıb. Nəticə də bundan ibarətdir ki, artıq istehlak kreditlərinin artım dinamikası aşağı düşüb. İpoteka kreditlərini istisna etsək, istehlak kreditləri ilin əvvəlindən təxminən 10% artıb. Yəqin ki, biz ilin sonuna qədər əlavə tənzimləyici addımlar atacağıq. Biz bu addımların banklarda istehlak kreditləşməsinin dinamikasına bir qədər də azaldıcı təsir göstərəcəyini gözləyirik”.
Rəşad Orucov qeyd edib ki, əsas tədbirlərdən biri insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsi olacaqdır. Bu tələbdən sonra hər bir şəxs sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə biləcək: "Yəni, insanların gəlirləri onların borc yükünə uyğun olmalıdır. Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını konfortlu şəkildə ödəsinlər. Əsas tələb bu istiqamətdədir. Hər bir şəxs kredit götürərkən aylıq gəlirlərinə və onun hər ay borcların ödənilməsinə nə qədər yönəldə biləcəyinə baxılacaqdır. Məsələn, vətəndaşlar aylıq gəlirinin 50%-dək hissəsini bütün borclarının ödənilməsinə yönəldə biləcəklər. Mərkəzi Bankda hazırda müxtəlif variantlara baxılır. Ən normal göstərici 40-50 fazidir”. Bundan başqa bankdan başqasını adına kerdit götürmək təcrübəsiən də son qoyulması nəzərdə tutulur.
Tətbiqi gözlənilən yeni tələbdən sonra hər bir şəxsin götürdüyü kredit və ya kreditlər üzrə aylıq borc yükü sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər olacaq. Məsələn, 500 manat maaş alan bir şəxsin tələb etdiyi kredit və ya kreditlər üzrə aylıq cəmi ödəniş 250 manatı ötərsə ona kredit verilməyəcək. Krediti olan müştərinin adına qohum və dostlarının kredit götürməsi çətinləşəcəyindən verilən kreditlər azalacaq. Kommersiya banklarından birindən adının açıqlanmasını istəməyən mənbə məsələ ilə bağlı "marja”ya bildirib: "İndi əksər müsbət reytinqli müştərilərin 2-3 krediti var. Bu kreditlər özü və ya başqası üçün götürülüb. Belə müştərilərin adına olan kreditlər üzrə ümumi aylıq ödənişi az qala maaşını keçir. İş yerindən arayış təqdim edə bilməyənlər normal iş yeri olan və banka arayış təqdim edə bilən qohum və dostlarının adına kredit götürə bilirlər. Mərkəzi Bank maaşa bağlı olaraq borc yükünə məhdudiyyət tətbiq edərsə bankların ciddi problemləri olacaqdır”. Mənbənin sözlərinə görə, müsbət reytinqli müştərinin başqası üçün kredit götürməsi onun adına kredit olmadığı və ya adına kredit olduqda isə cəmi aylıq ödənişləri maaşının yarısına çatmadığı hallarda mümkün olacaq.
Qeyd edək ki, bəzi kredit təşkilatlarının nümayəndələri müştərilərin borcla yüklənməsinin artdığını, hətta çoxlarının ödənişləri yerinə yetirməkdə çətinlik çəkdiklərini söyləyirlər. Məhz Mərkəzi Bank insanların borcla yüklənməsinin və nəticədə onların kredit tarixçələrinin korlanmasının, ödəmə vaxtı keçmiş kreditlərin daha da artmasının qarşısını almaq üçün müvafiq addımı atmaq niyyətindədir. həhəlik isə cəmi kredit verilişlərinin təxminən 42 faizi istehlak kreditlərinin payına düşür. Bu isə olduqca yüksək rəqəm sayılır. Əhalinin kreditlərə görə ödədəiyi faizin həcmi isə 1 milyard dollardan artıqdır.
movqe.az