Banklarda xarici vətəndaşların əmanətlərinin həcmi azalır | Banco.az

Banklarda xarici vətəndaşların əmanətlərinin həcmi azalır

Azərbaycan banklarına nəinki yerli, habelə xarici vətəndaşlar da əmanət yatırır. Lakin son zamanlar xarici vətəndaşların əmanətlərini Azərbaycan banklarından geri çəkməsi halları müşahidə olunur.

Müstəqil iqtisadçı ekspert Rəşad Həsənov düşünür ki, xaricilərin Azərbaycan banklarından əmanətlərini geri çəkməsi bu sektorda həyata keçirilən islahatlar və son zamanlar yaxın bölgəmizdə baş verən olaylarla bağlı ola bilər: "Xaricilərin Azərbaycan banklarından əmanətlərini geri çəkməsi tendensiyası varsa, böyük ehtimalla bu, bir neçə səbəbdən qaynaqlanır. Xaricilərin bu addımı regionda cərəyan edən geosiyasi vəziyyət, eyni zamanda Azərbaycanda bank serktorunda aparılan yeni islahatlarla bağlı ola bilər.

Xaricilərin əmanətlərini geri çəkməsinə səbəb olan digər amil son iki ildə Azərbaycanın bank sektorunda həyata keçirilən islahatlardır. Ola bilsin, bu məsələdə xarici əmanətçilər vəziyyəti tam təhlil edə və son nəticəni əvvəlcədən proqnozlaşdıra bilmədiyindən, çıxış yolu olaraq vəsaitlərini geri çəkməkdə görür. Bundan başqa, son dövrlər xarici vətəndaşların Azərbaycanda işləməsi ilə bağlı da hiss olunan ciddi dəyişikliklər vardır. Xüsusən də, Miqrasiya Xidmətinin ortaya qoyduğu son addımları, ölkədə fəaliyyət göstərən xarici vətəndaşların viza məsələsi, onların xərclərinin rüblük olaraq min manata qədər çoxaldılması fonunda qanunsuz əsaslarla əcnəbilərin ölkəmizdə fəaliyyət göstərməsi çətinləşir. Bu halda, ölkədən getməklə, onlar təbii ki, öz vəsaitlərini də geri aparır. Xaricdə kreditin ucuz olması, eyni zamanda, əmanətlərin çox aşağı faizlə cəlb olunması xariciləri ölkəmizə cəlb etmişdi. Hazırda isə Mərkəzi Bank əmanətlərin sığortalanan hissəsinin həcmini 3 faiz aşağı salaraq, 9 faizə endirib. Belə olduqda ümumi risklərini dəyərləndirən hər hansı bir xarici əmanətçi təbii ki, son olaraq çıxış yolu kimi öz vəsaitini geri çəkərək digər yerlərdə saxlamaqda görür. Bununla əlaqədar da hazırda yaranmış durumla üzləşmişik".

Ən sərfəli kredit üçün müraciət et

Ekspert Yaşar Əsədov isə baş verən tendensiyanın Azərbaycan bank sektoruna təsir edəcəyini düşünmədiyindən danışdı: "Ümumiyyətlə, bütövlükdə götürdükdə görürük ki, kapital, adətən, sakitlik axtarır. Kapital bu və ya digər ölkəyə onun sahibinə gəlir gətirmək üçün investisiya olunur. Ukrayna ilə bağlı olaraq, Rusiyadan xaricilərin investisiyalarını geri götürmələrini müşahidə etdik. Bu aylar ərzində Rusiyadan böyük həcmdə kapital axını baş verdi. Belə bir xaos kütləvi şəkil alırsa, deməli, həmin ölkənin gələcəyi investorlara sabit görünmür. Yəni proqnozlaşdırdıqları gəlirləri götürə bilməyəcəklərini proqnozlaşdırdıqlarından buna gedirlər. ABŞ-ın iqtisadi vəziyyəti hazırda elə bir haldadır ki, gündəlik bu ölkəyə 3-4 milyard dollar həcmində investisiya daxil olmasa, sistemin dayanıqlığını təmin etmək mümkün olmayacaq. Dünyada çox az sabit regionlar qalıb ki, investorlar ora əminliklə öz kapitallarını yatırır. Belə regionlar arasında Avropanın ən qərb hissəsi də var. Lakin güman etmək olar ki, Qərbi Avropada da vəziyyət gərginləşə bilər. Dünya ekspertləri ehtimal edir ki, investisiya oazisinin ancaq ABŞ-da cəmləşdirilməsi üçün bir çox ölkələrdən xaricilərin əmanətlərini çıxarması məsələsi qəsdən edilir. Xaricilərin Azərbaycan banklarından əmanətlərini çıxarmasının Azərbaycan bank sektoruna mənfi təsirinin olacağına inanmıram. Güman etmirəm ki, xaricilərin burada Azərbaycan iqtisadiyyatına az və ya çox dərəcədə təsir edə biləcək qədər əmanətləri olsun. Hökumətin hərəkətləri bunu deməyə əsas verir ki, onlar bank sektoruna ciddi diqqət yetirirlər və inanmıram ki, tarazlığın pozulmasına imkan verilsin".

Mənbə: movqe.az

Ən sərfəli krediti almaq üçün müraciət et