Banklar reputasiyasını qorumaq üçün gəlirlərini manipulyasiya edir | Banco.az

Banklar reputasiyasını qorumaq üçün gəlirlərini manipulyasiya edir

Əksər bankların cari ilin birinci rübünə olan nəticələri artıq hamıya məlumdur.  Rəqəmlər bankların əksəriyyətinin zərərdə olmasını və ya gəlirliyinin azalmasını göstərir. Banklardakı mövcud vəziyyəti və gəlirliyin azalma səbəbini iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə etdik.

Ekspert bildirir ki, 2014-cü ildən başlayaraq, xüsusi ilə  2015-ci ilin devalvasiyalarından sonra banklar ciddi çətinliklər ilə üzləşib: "iqtisadiyyat staqnasiyaya uğradı və paralel olaraq da, banklar kreditləşmə siyasətinə yenidən baxmaq məcburiyyətində qaldı. Çünki həm ölkə biznesi, həm də vətəndaş kredit qabiliyyətini itirmişdi. Belə bir şəraitdə problemli kreditlərin həcmi sürətlə artırdı və bankların kapitallaşma mənbələrində də problem meydana çıxmışdı. Əlavə mənbələrdən daha sərfəli şərtlər və faizlər ilə vəsait cəlb edilməsi mümkünsüz hal alırdı, çünki davamlı olaraq beynəlxalq reytinq agentlikləri Azərbaycan banklarının kredit reytiqini azaldıldırdı ki, bu da banklar üçün son nəticədə daha səmərəli vəsait cəlbini məhdudlaşdırırdı." 

Həmçinin Rəşad bəy bildirir ki, ötən müddət ərzində bankların kredit portfeli sürətlə kiçilib:

Biz sadəcə 2015-ci ilin sonu və 2017-ci ilin ilk iki ayını daxil etməklə, son 14 ay üzrə müqayisə etsək, bu müddət ərzində bankların kredit portfelinin 21 milyard manatdan 16 milyarda qədər azaldığını görərik, ümumi azalma 5,8 milyard manat həcmində və yaxud 27% olub. Bu çox ciddi göstəricidir. 

"Bu Azərbaycan bank sektorunun, Azərbaycan iqtisadiyyatının həcminin nəzərə alınması, bankların ümumi portfelinin nəzərə alınması fonunda kifayət qədər ciddi göstəricidir və banklar demək olar ki, kreditləşmə həyata keçirmir. Hər hansı bir bankın 3-5 min manat kredit verməsi və ya müştərinin əməkhaqqı kartının hansısa bankda olması müqabilində kredit verilməsi, bankların hazırkı xərclərini qarşılamaq üçün yetərli deyil" - ekspert bildirir:

2014-cü ilə qədər bank sektorunun gəlirlərinin ümumi analizi göstərir ki, bank sektorunun gəlirlərinin hər yüz manatından 74-75 manatı, yəni 75%-ə qədəri faiz gəlirləri hesabına formalaşıb.

"Hazırda isə qeyd etdiyimiz səbəblərdən bankların kredit portfelinin daralması və kreditləşmənin azalması bankları həmin gəlirlərdən məhrum edib. Eyni zamanda, toksit aktivlər səbəbindən bankların mərkəzləşdirilmiş yığımlarının Mərkəzi Bank tərəfindən arıtırılmasından irəli gələrək, vəsaitlərin daha çox qisminin dövriyyədən kənar qalmasına gətirib çıxardır. Banklar bu vəsaitdən istifadə edə bilmir, maliyyə ilini  zərələ başa vurmalı olur. Bu göstəricilər qeyri adi deyil, əvvəlcədən proqnozlaşdırılan idi qeyd etdiyimiz kimi, 2015-ci ilin əvvəlindən biz bunu dəfələrlə nəzərə  çatdırmışdıq.

Ən sərfəli kredit üçün müraciət et

Banklar, öz fəaliyyətlərinin mənfəətlə başa vurduğunu göstərirlər, bu banklarda əslində effektiv audit əməliyyatları təşkil olunarsa, aydın olur ki, bu banklar da bir çox hallarda müxtəlif manipulyasiya məqsədli mənfəət nümayiş etdirir. Çünki açıqlanan zərərlər həm də onun reputasiyasının aşağı düşməsinə gətirib çxıardır, kreditorlar artıq  riski hiss edərək bankın qarşısında onun öhdəliklərini yerinə yetirmə tələbi qoyurlar. Vəsaitlər, xüsusi ilə də xaricdən cəlb olunan vəsaitlərin çəkilməsi sürəti daha da artır. Hansı ki, Azərbaycanın bank sektoru ilə bağlı yaranmış problem xarici kreditorları narahat etməyə başlamışdır" - Rəşad bəy əlavə olaraq bildirdi: 

Kredit reytinqinin aşağı düşməsi istər-istəməz bankın cəlb etdiyi kreditlərin və əmanətlərin faizlərinin artmasına gətirib çıxarır, beynəlxalq maliyyə qurumlarından cəlb etdiyi vəsaitlərin bahalı olmasına səbəb olur. Banklar da ən müxtəlif formalarda çalışırlar ki, bunun ictimailəşməsinin qarşısını alsınlar. 2015-ci ildə  biz deyirdik ki, bankların toksit aktivlərinin həcmi 20-25%-in üzərində olduğunu deyirdik. Hər hansı bir bankla fərdi müzakirələr aparan zaman onlar bizə bildirir ki, həqiqətən portfelin böyük bir qismi geri dönməyəndir, yəni kredit ödəmə qabiliyyətini itirmiş şəxslərdədir. Amma hesabatlar yayımlananda, Mərkəzi Bankın hesabatlarında bu rəqəm 7-8% olaraq, ortaya çıxırdı. Bizdən daha geniş imkanlara malik və eyni zamanda, bankların hesabatların müqavilə çərçivəsində ala bilən Moodys agentliyi açıqlama yaydı ki, əslində Azərbaycanda bank sektorunda problemli kreditlərin həcmi rəsmi rəqəmlərddn üç dörd dəfə  çoxdur.  Təxmindən bizim proqnozlaşdırdığımıza uyğun bir göstərici ortaya çıxdı.  Belə bir şəraitdə bankların gəlirlə işləməyi mümkünsüzdür.

Bu prosesin sonu nəticədə, bir-iki il ərzində 10-12 bankın bağlanmasına gətirib çıxaracaq. Bu istiqamətdə ilk təşəbbüs oldu. Böyük ehtimalla əksər banklarda konosildasiya, birləşmə prosesi baş verəcək. 

Ekspert hesab edir ki, bankların sayının azalması davam edəcək və sonda rəqabətə davamlı 20 bank bazarda qalmış olacaq. 

Könül Soltanova, Banco.az üçün