Bankir olmaq istəyirəm! | Banco.az

Bankir olmaq istəyirəm!

Son zamanlar bankda işə düzəlmək və bankda çalışmaq barədə çoxlu suallar alıram. İnsanlar əsasən də gənclər və tələbələr ölkəmizin ən dinamik inkişaf edən və prestijli sahəsi sayılan bank sahəsində işləməyi çox istəyirlər.

Ancaq nədən başlamağı və nəyi necə etməyi bilmirlər və ya tam bilmirlər. Anlaşılan məsələdir ki, hal-hazırda ən inkişaf edən sahələrin önündə bank və maliyyə sahəsi gəlir. Və bu sahədə çalışan insanlar fəxrlə öz iş yerləri və vəzifələri haqqında danışırlar və cəmiyyətdə böyük hörmətlə qarşılanan insanların önündə gedirlər.

Bankir olmaq bir çox gənclərin arzusu olsa da heç də hər kəs buna nail ola bilmir. Bankir olmaq o qədər yüksək bir göstəricidir ki hətta ailələrin qurulmasında və qız tərəfinin oğlan evinə hə və ya yox deməsində oğlanın bankda çalışması halında cavabın daha çox hə olması ehtimalını artırır. Artıq bank sahəsi bir prestij etalonuna çevrilib. Odur ki gənclərimiz bu sahəyə bu və digər səbəblərə görə can atır.  

Qərara gəldim ki, gəncləri maraqlandıran əsas sualları bir yerə toplayıb onların hamısına bu məqalədə bacardığım və bildiyim qədəri ilə cavablandırım. Məqalədə çalışacağam konkret misallar üzrə izahlar verim və ölkəmizdə tətbiq olunan təcrübə ilə bağlı və real həyatda olan hadisələri izah edim.

Ən çox verilən suallardan biri odur ki, gənclərimiz banklara (demək olar hamısına) CV göndərirlər lakin ya heç cavab gəlmir ya da ki bir iki bank əlaqə saxlayır. Bunun bir neçə səbəbi ola bilər.

Birinci səbəb - banklarda vakant yerlər azdır, lakin bu işə qəbul olunmaq istəyənlər isə minlərlədir. Bu baxımdan göndərilən CV-lərdən yalnız seçilmişlər ilə əlaqə saxlanılır və digərlərinə çox zaman cavab verilmir. Bu fiziki baxımdan da mümkün deyil. Nəzərə alsaq ki, bankların işə qəbul işləri ilə maksimum 3-4 nəfər məşğul olur. (HR departamentində işə qəbul şöbəsinin işçilərinin sayı əsasən 2-4 arası olur) minlərlə insana cavab yazmaq texniki cəhətdən hələlik mümkün deyil.

İkinci səbəb o ola bilər ki sizin CV bankın korporativ emailinə heç çatmasın. Bu baxımdan tövsiyə olunur ki, tanınmış email göndərmə xidmətlərindən istifadə edəsiniz (gmail.com, mail.yahoo.com və digərləri)

Üçüncü səbəb  isə sizin bacarıqlarınızın həmin vakansiyaya uyğun olmamasıdır. Banklar vakansiya üçün çox zaman ən azı təcrübəsi olan şəxslərə ehtiyac duyur və təcrübəsi olmayanlara işi öyrətmək üçün vaxt sərf etməyi istəmir. Bu baxımdan əgər elanda həmin sahə üzrə təcrübə tələb olunursa və sizin bu sahədə heç bir təcrübəniz yoxdursa bu zaman seçilməmənizin səbəbi də bu ola bilər.

Dördüncü və mənim fikrimcə ən geniş yayılmış səbəb isə namizədin CV-sinin çox bərbad vəziyyətdə olmasıdır. Bu CV məsələsi əslində ayrıca bir geniş məqalənin mövzusu olsa da çalışacağam qısa şəkildə CV hazırlamaq barədə məsləhətlər verim.

Sizin CV-niz sizin bankla ilk təmasınızın ilk tanışlığın bir nümunəsidir. Bu baxımdan ən yadda qalan ilk tanışlıq olur və daha sonra insan haqqında yaranan fikri dəyişmək çox çətin olur. Bu baxımdan CV ilə bağlı aşağıdakı 4-5 məsləhəti nəzərə alın və sizin CV-nizi diqqət edilməsi şansı artacaq.

  1. CV-nin başlığında Curriculum Vitae və s. Bunun tipli sözlərə yer verməyin.
  2.  CV-nizi hazırladıqdan sonra qrammatik cəhətdən düzgün olmasına diqqət edin. Əgər siz bankda PR şöbəsinə müraciət edirsinizsə və CV-də sözlərdə qrammatik səhvlər varsa bu artıq sizin müsahibəyə belə çağırılmağınıza əngəl ola bilər.
  3. CV-nizdə yalanlara yol verməyin. Hansısa faktı və ya hadisəni bir az bəzəyə bilərsiniz ancaq əgər rus dili biliyiniz “privet” və  “poka” –dan o yana getmirsə o zaman rus dili hissəsində “Yaxşı” və ya “Əla” yazmağa ehtiyac yoxdur. Bunun əvəzində rus dilini inkişaf etdirməyə çalışın.
  4. Çalışın CV-də öz şəklinizi yerləşdirəsiniz. Banklarda işləmək üçün xarici görünüş və səliqəlilik çox vacib məqamlardan biridir. Bu baxımdan çalışın ən yaxşı şəkillərinizdən birini seçib CV-də yerləşdirəsiniz. Ancaq şəkilin formatı və məzmununa diqqət edin.

“Bəzi xanımlar şəhərin tanınmış yerlərində yerləşən WC-lərdə ayna qarşısındakı dodaqlar şişirdilmiş halda çəkdirdikləri  Selfi-ləri öz CV-sinə yerləşdirir ki, bu da düzgün deyil. Eyni zamanda bəylərimiz də bəzən yeyib içmək məclislərində bir əlində viski, digərində siqaret olan şəkillərini CV-də yerləşdirirlər”

Ən sərfəli kredit üçün müraciət et

Bu da sizin qeyri ciddi biri olduğunuz haqqında ehtimal yarada bilər. Təcrübədə rastlaşdığım bir şəkilli CV haqda deyim sizə: “Bir cavan oğlan öz dostu ilə toyların birində divanda əyləşmiş halda şəkili yerləşdirmişdi CV-yə və elə şəkilin üzərdin də Paint proqramı vasitəsilə qeyd etmişdi ki, sağdakı mənəm”

  Yəni bu tipli qohum-əqrəba ilə olan şəkilinizi deyil də daha ciddi olan şəkilinizi CV-yə yerləşdirin.

  1. CV niz mütləq qaydada tanınmış proqramlar tərəfindən oxunan formatlarda olmalıdır. Bunlar əsasən MS Word və ya PDF formatında ola bilər. Həmçinin müxtəlif kreativ CV-lər hazırlamaq da olar,  Praktikada video və ya Power-Point formatında hazırlanmış CV-lərə də rast gəlmək olur, yaradıcılıq tələb edən ixtisaslara belə CV-də göndərmək olar.
  2. CV-də olan məlumatların düzgünlüyünə fikir verin. Əsasən də əlaqə vasitələrini qeyd etməyi unutmayın.
  3. Bəzən CV göndərərkən xanımlarımız və bəylərimiz qeyri adi və məzəli “e-mail”-lərdən istifadə edirlər. Misal üçün vorovskoy_paren, bombaoglan2011, sladkaya777, milashka_21,  və s. Tipli emaillardan CV-lər göndərilir. Çalışın daha ciddi email adlarından istifadə edəsiniz ki qarşı tərəf sizi ciddiyə alsın.
  4. Çalışın CV-niz digərləri ilə eyni formatda olmasın. Mən hər gün bir neçə CV alıram və onların formatı hamısı demək olar eyni format olur. Bu baxımdan çalışın digərlərindən fərqlənin. Eyni bir şablondan istifadə etsəniz, belə onu dəyişməyə çalışın.
  5. Əgər CV-nizi Azərbaycan dilində hazırlayırsınızsa o zaman Azərbaycan əlifbası və Azərbaycan şrifti ilə yazmağı unutmayın. Bir sıra insanlar CV-sindən “chat” və sosial şəbəkələrdə yazdığı şriftlərdən istifadə  edir ki, bu da sonda qeyri ciddiliyə gətirib çıxarır. Misal üçün “ş” hərfi əvəzində “w” hərfi və s. Bu çox vacib məsələdir çünki sözləri düzgün yazmasanız sözlər səhv anlaşıla bilər. Bir xanım CV-də şəxsi avtomobilinin olduğunu qeyd etmək istəmişdir, ancaq həmin hissədə bu cür yazılmışdı - “sexsi masinim var”.  Bu avtomobilin hansı marka olduğunu bilmədim, amma hər insana öz maşını cazibədar olduğundan xanımı az da olsa başa düşdüm.

 Düşünürəm ki, yuxarıda CV ilə bağlı qeyd etdiklərimizi nəzərə alsanız CV-nizin qəbul olunması və seçilməsi şansı çox yüksək olacaqdır. Əlbəttə ki, burada sizin şəxsi keyfiyyətləriniz və bacarıqlarınız əsas rol oynayacaq. CV haqqında düşünürəm bu qədər bəs edər.

Gəncləri narahat edən digər məsələlər ilə bağlı suallara cavab almaq üçün isə məqalənin ikinci hissəsini gözləyin.id

Fərid İslamov / Banco.az

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et