Bankçılıq nəhəngi qızıl və gümüşün qiymət proqnozunu açıqlayıb | Banco.az

Bankçılıq nəhəngi qızıl və gümüşün qiymət proqnozunu açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Citi” qızıl və gümüş qiymətləri ilə bağlı yeni proqnozunu bölüşüb.

Banco.az xəbər verir ki, ABŞ-ın bank nəhəngi “Citigroup” 2023-cü il üzrə qızılın orta qiyməti proqnozunu 7,9 faiz artıraraq 2050 dollara çatdırıb.

2075-2100 dollar diapazonunun qızıl qiymətindəki yüksəlişin davam etməsi üçün əhəmiyyətli bir problem olaraq qalacağını ifadə edən “Citi” vurğulayıb ki, fiziki tələb sabit qaldığı müddətcə investor axını 2023-cü ilin ikinci yarısında qiymətin daha da yüksəlməsinə imkan verəcək.

Bank hesabatında gümüşün unsiyası üçün də qiymət proqnozlarına yenidən baxıb. 0-3 aylıq qiymət proqnozunu 24 dollardan 28 dollara yüksəldən “Citi” 6-12 aylıq proqnozunu isə 28 dollardan 30 dollara yüksəldib.

“Citi” 2023-cü il üçün gümüşün orta qiymət proqnozunu isə 25 dollardan 27 dollara çatdırıb.

Qeyd edək ki, ABŞ-dan gələn iqtisadi məlumatlarla dolların mövqeyi zəiflədiyi üçün bu vəziyyət qızılın unsiya qiymətini dəstəkləməyə davam edir. Ötən cümə axşamı qızılın unsiyası 2048 dollara yüksələrək 13 ayın ən yüksək həddinə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram