“Xarici valyuta ilə olan kreditlər hansı məzənnə ilə ödənilməlidir?” - iqtisadçı ekspert Samir Əliyev ilə bu məsələnin hüquqi deyil, iqtisadi və məntiqi əsaslarını araşdırmağa çalışdıq, bu da təbiidir, çünki məsələnin hüquqi tərəfi ilə bağlı hüquqi elitada yekdil bir fikir yoxdur.
Samir Əliyev: “Gəlin, bu məsələnin hüquqi tərəfinə deyil, onun fəlsəfəsinə və məntiqinə baxaq”.
Məntiq ondan ibarətdir ki, sən hansı valyuta ilə krediti götürmüsənsə, həmin valyuta ilə də krediti geri qaytarmalısan. Siz, hansı valyuta ilə banka əmanət yatırımsınızsa, bank da həmin valyuta ilə əmanətinizi geri qaytarmalıdır.
Ekspert bildirir ki, o vəziyyətin mürəkkəbliyini yaxşı anlayır. Onun hansısa bankın əmanətçisi və ya kredit müştərisi olmaması məsələyə daha soyuqqanlı yanaşmağa, şəxsi maraq çərçivəsində fikir yürütməməsinə imkan verir:
“Məsələ ondan ibarətdir ki, əgər mən bu gün xarici valyutada kredit götürmüşəmsə, deməli mənim kredit ödənişi yüküm devalvasiya nəticəsində 34% artıb. Bu faktdır, bundan qaçmaq olmaz. Mənim ödəməyə nə qədər imkanımın çatıb çatmadığı isə artıq növbəti məsələdir. Çünki mənim kredit ödəmə qabiliyyətimin qiymətləndirilməsi bank tərəfindən devalvasiyadan öncə aparılıb və həmin dövrə ödəmə qabiliyyətli olmuşam. Şərti olaraq, deyək ki, mən hər ay 300 dollar (köhnə məzənnə ilə 236 manat) ödəyə bilərdim. Amma mən hazırda məzənnənin dəyişməsi ilə 315 manat ödəməliyəm. Yəni əvvəlki ayla müqayisədə 79 manat artıq. Mənim həmçinin kreditdən kənar xərclərim də artıb. Devalvasiya nəticəsində istehlak mallarının bahalaşması mənim xərclərimi artırıb. Bu da təbii olaraq ödəmə qabiliyyətinin pisləşməsinə gətirib çıxaracaq.
“Əgər mən banka xarici valyutada kredit ödəyirəmsə, həm də nəzərə almalıyam ki, həm də banka xarici valyutada əmanət də qoymuşam. Yəni bank da həmin əmanəti xarici valyuta da qaytarmaq məcburiyyətindədir. Köhnə məzənnə siyasəti tətbiq etsəm, bu köhnə məzənnə siyasəti həm də əmanətlər ilə münasibətdə də tətbiq edilməlidir.
Gəlin sorğu aparaq, banka dollarla əmanət yerləşdirmiş hansı əmanətçi razı olar ki, onun əmanətini köhnə məzənnə ilə qaytarsınlar? Heç kəs buna razı olmaz. Bank da həmin situasiyadadır.
Yaddan çıxarmayaq ki, bu pul bankın deyil, bankın pulu yoxdur. Bankın yeganə pulu onun kapitalıdır. Bu kapital da onun kredit portfelində 15-20% dən çox deyil. Bankın kredit portfelinin əsas hissəsi əhalidən əmanət şəklində cəlb edilmiş vəsaitlər, xarici maliyyə institutlarından və banklardan xarici valyutada cəlb alınmış kreditlər, yəni həmin qurumlar qarşısında öhdəliklər və o cümlədən Mərkəzi Bank qarşısında öhdəliklər, Mərkəzi Bankın verdiyi mərkəzləşdirilmiş kreditlərdən ibarətdir.
Bu gün, mən müştəri, borcalan olaraq, bank qarşısında öz öhdəliyimi yerinə yetirmirəmsə, sabah bank da öhdəlik götürdüyü qurumlar qarşısında eyni vəziyyətdə qalacaq və öz öhdəliyini yerinə yetirə bilməyəcək.
Əgər köhnə məzənnə siyasəti tətbiq edilərsə, bu halda valyuta ilə kredit vermək və ya valyutada əmanət saxlamaq öz cəlbediciliyini, əhəmiyyətini itirir- Samir Əliyev bildirir.
“ Onda banklarda daha xarici valyutada kredit və ya əmanət adında məhsullar olmaz, sadəcə manatdan istifadə edilər. Bu gün banklarda avro, bəzilərində funt sterlinq və çox az bankda hətta rublla olan əmanətlər də vardır. Köhnə məzənnə siyasətinin tətbiqi artıq valyutanın əhəmiyyətini itirir, yəni sabit bir məzənnə müqavilədə fiksasiya olunur. Xarici valyutada olan əmanətlərin və ya kreditlərin özəlliyi də odur ki, burada yaranan məzənnə fərqindən ya banklar qazanır, ya da müştərilər. Bir tərəf udanda, digər tərəf uduzur.
Bu baxımdan, hətta qanunvericilikdə “xarici valyutada götürülmüş kreditlər köhnə məzənnə ilə ödənilməlidir” yazılsa belə, mən nə məntiqi, nə də iqtisadi əsaslandırma baxımından bunu düzgün hesab etmirəm. Eyni zamana onu da qəbul edirəm ki, bu artıq fors major hadisədir və vətəndaşların mövqeyini də qorumaq lazımdır – ekspert qətiyyətlə söyləyir:
“Bu situasiya nə vətəndaşlar, nə də banklar tərəfindən, arzuolunan bir situasiya deyildir . Bu, zərurətdən, dünyada baş verən proseslərin fonunda hökumətin məcburiyyət qarşısında atdığı addımdır.
Məzənnənin kəskin devalvasiyasının mənfi təsirləri həm banklar, həm də vətəndaşlar üçün qaçılmaz oldu. Amma geniş kontekstdən yanaşsaq, ən böyük zərbə bank sektoruna dəydi və onların zərərinin miqyası daha çoxdur.
Birincisi, ona görə ki, banklar devalvasiya günü valyuta mübadləsindən xeyli itirdi. Söhbət ümumilikdə bir neçə yüz milyon dollardan gedir.
İkincisi, bankların 5 milyard manat xarici öhdəlikləri var ki, köhnə məzənnə ilə hesabladıqda, 6,2 milyard dollar edirdi, bu pulu təzə kurs ilə hesablasaq, bankların zərəri bir milyarddan daha çox edir. Təkcə məzənnə fərqinə görə, bu qədər itki yaranır.
Üçüncüsü, bankların əmanətçilər qarşısında dollar öhdəliyi var və hazırda bu rəqəm 1 milyard manata yaxındır. Bu da digər tərəfdən zərərin miqdarını artırır.
Ekspert bildirir ki, banklara dəyən zərər sadəcə maddi deyil, burada söhbət həm inamın azalmasından, həm də dayanıqlığının zəifləməsindən gedir:
Bankın zərərə düşməsi, onun bağlanması, müflisləşməsi və ya fəaliyyətinin məhdudlaşması ilə nəticələnə bilər. Bu da ölkə iqtisadiyyatına daha çox zərər vura bilər, nəticədə bu gün 100 manatlıq zərərini kompensasiya etməyi düşünən əhali sabah 1000 manat zərərə düşə bilər.
Bank sektorunun qorunmaması ümumilikdə ölkə iqtisadiyyatını çökdürə bilər.