Vaxtı keçmiş kreditlər Azərbaycanın bank sektorunda getdikcə daha ciddi problem mənbəyinə çevrilir. Məsələ bundadır ki, problemli sayılan belə kreditlərin həcmi artıq 895,6 milyon manata çatıb. Ümumi kredit portfelində qaytarılma müddəti gecikən kreditlərin xüsusi çəkisi artıq 5,5 faiz təşkil edir. Bu o deməkdir ki, banklar tərəfindən kredit kimi verilən hər 100 manatın 5,5 manatı geri qayıtmır.
İqtisadçı-ekspert Samir Əliyevin qiymətləndirməsinə görə, son 1 il ərzində vaxtı keçmiş kreditlərin həcmi 18,7 faiz artıb. Ekspert bildirir ki, son 4 ayda problemli kreditlərin miqdarı 13 faiz çoxalıb: «Cari ildə 102,8 milyon manatın taleyi sual altına düşüb,halbuki, ötən il bu göstərici 44 milyon manat idi».
Yaranmış real durum zərərlə işləyən bankların da sayının artması ilə müşayiət olunur. Bildirək ki, 2014-cü ilin may ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların 11-i zərərlə işləyib. Halbuki, ötən ilin anoloji dövründə, həmçinin bu ilin yanvarında 39 bank mənfəətlə, 4-ü zərərlə işləyirdi. Cari ilin aprel ayında mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti 171.39 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun zərəri isə 33.67 milyon manat təşkil edib. Bank sisteminin zərərlə işləyən banklar üzrə zərəri ötən ilin aprel ayı ilə müqayisədə 4,5 dəfə çoxdur. Belə ki, ötən ilin fevralında zərərlə işləyən banklar üzrə zərər cəmi 7,48 milyon manat təşkil edirdi. O da maraqlıdır ki, bu ilin yanvarında 4 bank, martında 9 bank zərərlə işləyirdi. İndi belə bankların sayı 11-ə yüksəlib. Azərbaycanda axırıncı dəfə 11 bank zərərlə 2011-ci ilin oktyabırında fəaliyyət göstərmişdi. 2013-cü ilin yayında isə zərərlə işləyən bankların sayı 3-ə qədər azalmışdı. Qeyd edək ki, Azərbaycanın bank sistemi 2011-ci ili 158,99 milyon manat zərərlə, 2012-ci ili 130,01 milyon manat, 2013-cü ili isə 267.57 milyon manat mənfəətlə başa vurmuşdu. Cari il ərzində isə bu zərərin miqdarının daha da artması gözlənir. Bütün bunlar bank sektoru üçün ciddi təhdid yaradır. Hesab edilir ki, məhz zərər faktoru bəzi banklara ilin sonuna kimi nizamnamə kapitalını 50 milyon manata çatdırmağa imkan verməyəcək. Bu isə həmin bankların bağlanmasını qaçılmaz edəcək.
Onu da xatırladaq ki, Mərkəzi Bankın kredit şərtlərini sərtləşdirməsi məhz problemli kreditlərin qarşısını almağa yönəlib. Lakin real vəziyyət hələ də bu qəbildən olan kreditlərin həcminin çoxaldığını göstərir. Məsələ burasındadır ki, qaytarılmayan kreditlərin bir milyard manata yaxınlaşması ciddi problemlər yaratdığından qaydalar sərtləşdirilib. Qeyd edək ki, Mərkəzi Bankın göstərişinə əsasən, banklara arayışsız kreditlər vermək qadağan edilib.
Araşdırmalardan isə o da məlum olur ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin nəzərə çarpan artımı 2009-cu ildən başlayıb. Belə ki, vaxtı keçmiş kreditlərin həcmi 2008-ci ildə cəmi 2,2 faiz, 2009-cu ildə 3,6 faiz, 2010-cu ildə 493 milyon manat və ya 5,4 faiz, 2011-ci ildə 634 milyon manat və ya 6,4 faiz, 2012-ci ildə 749 milyon manat və ya 6,1 faiz, 2013-cü ilin 11 ayının göstəricilərinə görə isə 800 milyon manat və ya 5,2 faiz təşkil edib. Adətən vaxtı keçmiş kreditlər ümumi kreditin 10 faizini keçdikdə təhlükəli hədd hesab olunur. Ölkəmizdə də tədricən bu təhlükəli gösriciyə doğru yaxınlaşılır. Rəqəmlərin müqayisəli təhlili həm də problemli kreditlərin miqdarının böyük sürətlə artdığını üzə çıxarır. MDB məkanına aid ölkələrin əksəriyyətində vaxtı keçmiş kreditlər problemini daha çox inzibatı üsullarla, qadağalarla və bu qəbildən olan vasitələrlə həll etmək istəyirlər. Aldığı krediti vaxtında ödəməyən şəxs gələcəkdə kredit almaq imkanından məhrum olur. Vətəndaşlar böyük həcmdə kreditləri ödəmədiyi təqdirdə, bank məhkəmə qaydasında ondan girovda olan avtomobil, torpaq, mənzil və sair mülkiyyətini alır. Ancaq bu, problemin tam həllinə imkan vermir. Deməli, burada başqa metodlardan istifadə zərurətə çevrilir. Ekspertlər problemli kreditlər arasında istehlak kreditlərinin üstünlük təşkil etdiyini vurğulayır. İstehlak kreditlərinin daxilində isə avtomobillər üçün verilən vəsaitlər yüksəkdir. Problemli kreditlərin olması birmənalı olaraq onunla bağlıdır ki, faiz dərəcəsi yüksəkdir. Azərbaycanda kommersiya banklarının faiz dərəcələri dünyada ən yüksək faiz dərəcələrinə malik olan banklar siyahısındadır. Faiz dərəcələrinin yüksək olmasıəvvəla bank kreditlərindən, biznesdən və eləcə də istehlakçıların daha səmərəli yararlanmasına imkan vermir.
Mənbə: movqe.az