Bank Respublika Dövlət Vergi Xidmətinin 25 illiyinə həsr olunmuş tədbirdə xüsusi mükafat qazanıb | Banco.az

Bank Respublika Dövlət Vergi Xidmətinin 25 illiyinə həsr olunmuş tədbirdə xüsusi mükafat qazanıb

Bank Respublika "Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına verdiyi töhfəyə görə" xüsusi mükafata layiq görülüb.

İqtisadiyyat Nazirliyində Vergi xidmətinin 25 illiyinə həsr olunmuş “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forum keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər, iş adamları iştirak ediblər.

Forumda ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib, islahatlara dair təkliflər səsləndirilib.

Forumun sonunda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub.

Bank Respublika, Azərbaycan bank və sığorta sahəsindəki peşəkar inkişafı və məşğulluğun artırılmasına verdiyi əvəzsiz töhfələrə görə "Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına verdiyi töhfəyə görə" xüsusi mükafata layiq görülüb.

Mükafat, İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən “Bank Respublika”nın İdarə Heyətinin sədr müavini Aslan Abasova təqdim olunub. Bu mükafat, Bankın əmək bazarında yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi və sektorda dayanıqlı iş yerlərinin yaradılması istiqamətindəki fəaliyyətlərinin təqdiridir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.