Hər bir kəs istəyər ki, uğurlu karyeraya sahib olsun. Bu karyera ona həm nüfuz, həm də rahat həyat təmin edə bilsin.
Bankda iş tapmaq üçün bura daxil olun - http://banco.az/az/jobs
Bank sektoru bu sadaladıqlarım üçün tamamilə uyğundur. Elə bu səbəbdən bir çox gənc bank sektorunda çalışmağa can atır. Çünki bu işin gətirdiyi nüfuz bir yana, maddi təminatı da ürək açandır. Tutulan vəzifədən asılı olaraq siz az və ya çox əmək haqqı ala bilərsiniz. Bank sektorunda karyeranızda irəliləmək şansı olduqca yüksəkdir.
Bəs hansı iş, nə qədər qazandırır?
Əməliyyat şöbəsi bank işində ilk pillə sayılır. Əməliyyatçılar müştərilərə bank məhsul və xidmətlərini təqdim etməli, hesabat verməli, verilən tapşırıqları yerinə yetirməli və bir sıra bu tip işlərlə məşğul olmalıdır. Bu işin müqabilində əməliyyat şöbəsində çalışanların orta əmək haqqı 250-400 azn arasındadır.
Bəzi banklarda isə 450 AZN və daha yüksək də ola bilər.
Demək olar ki, tez-tez qarşımıza kredit mütəxəssisləri ilə bağlı elanlar çıxır. Bu iş çətin olsa da marağın yüksək olduğu bir sahədir. Kredit mütəxəssisləri müştərilərlə danışıqlar aparmalı, verdiyi kreditlərə nəzarət etməli, bir növ krediti müştəriyə satmağı bacarmalıdır. Görülən işdən asılı olaraq kredit mütəxəssisləri 250-500 azn arasında əmək haqqı alırlar. Verdikləri kreditin həcminə görə, həmçinin bonus da alırlar.
Əməkhaqqıya həm də işçinin əmək stajı da təsir edir, yəni onun kiçik kredit eksperti olması, baş kredit eksperti olması və s. Vəzifə artdıqca əməkhaqqı artır. Kredit portfelinin həcmi, gecikmələrin olmaması vacib rol oynayır. Stabil əməkhaqqıdan çox bonuslar gəlir gətirir.
Məsələn AceessBankda kredit mütəxəssisləri 1000 AZN-dən çox əməkhaqqı alırlar. Təbii ki, bu işə yeni başlayan kimi verilən əməkhaqqı deyil.
Call-center işçiləri bankın danışan dilidir.
Call-center vəzifəsində çalışanlar daxil olan zəngləri qəbul etməli, müştərilərin müraciət, təklif və şikayətləri ilə işləməli, müştərilərə informasiya dəstəyi göstərməlidir. Bu işçilər 300-500 azn arasında əmək haqqı alırlar. Bu sırada CRM mütəxəssislərini də qeyd etmək olar. Yenə də əməkhaqqıya staj və işçinin öhdəliyində olan vəzifələr, həmçinin çalışdığı müəssisənin korporativ idarəetməyə nə qədər önəm verməsi kimi nüanslar təsir edir.
Mühasiblər- biz onlara "hesab maşınları" da deyə bilərik . Bu insanlar maliyyə sahəsində bir növ usta olmalıdırlar. Onlar bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul etməli, hesablamaları yoxlamalı, hesabatlar hazırlamalı, hesablara və xərc mərkəzinə uyğun olaraq uçot aparmalı, bir növ sənəd və rəqəmlərlə dəqiqliklə işləməyi bacarmalıdırlar. Mühasiblər 600-1000 azn arasında əmək haqqı alırlar.
Yenə də əmək stajı və vəzifə böyüdükcə əməkhaqqı artır.
Şöbə müdirləri idarəetmə və liderlik bacarığına malik olmalıdırlar. Bankın məhsullarının satışı sahəsinin inkişaf etməsini, yeni məhsulların yaradılmasını, filiallarda əməliyyat prosesinin idarə olunmasını, təşkilini, müştəri xidməti səviyyəsinin artırılması mexanizimlərinin hazırlanmasını və tətbiqini həyata keçirən, idarə edən bu şəxslərin aldığı əmək haqqı 1000-2000 azn arasında dəyişir.
Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti, humanitarlıq, iqtisadi bilik, işçilərə nəzarət etmə bacarığı kimi bir sıra xüsusiyyətlərin tələb olunduğu departament direktoru vəzifəsini əldə etmək istəyənlər katibliyin işini qanunvericiliyə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin etməli, kargüzarlıq işində rəhbərliyi həyata keçirməli, bank sirrinin qorunmasını təmin etməli, sənədlərə nəzarət etməli, bankın bütün iclaslarının, görüşlərinin reqlamentə uyğun aparılmasına nəzarət etməlidir. Bu işin müqabilində alacaqları əmək haqqı isə 1500-2500 azn arasında dəyişir.
Filial müdirlərini də unutmayaq, onlar da həmçinin yüksək əməkhaqqı alanlar sırasında yer alır. Vakansiyalara baxdıqda bu vəzifə üçün təklif edilən əməkhaqqıların 1700-2000 azn və bəzən də daha çox olduğunu görürük. Onların öhdəliyinə düşən vəzifələr isə - yeni müştərilərin cəlb edilməsini təmin edilməsi; müştərilərin yüksək səviyyədə xidmət olunmasının təmin edilməsi; filialın portfelinin keyfiyyətli idarə olunması; filialın satış büdcəsinin reallaşmasına nəzarət etmək və hədəflərə çatmaq üçün mane olan faktorların səbəblərini müəyyən etmək və s aid ola bilər.
Maraqlı bir nüansdır ki, bəzi iş elanlarına baxdıqda filial müdiri və əməliyyatçı olmaq istəyən namizədlərə qarşı irəli sürülən tələblər demək olar ki fərqlənmir. Bu da iş elanlarını tərtib edənlərin öz işlərinə həddindən artıq texniki və formal yanaşması ilə bağlıdır.
Bununla yanaşı bankların hüquqşünaslara, İT üzrə mütəxəssislərə, satış menecerlərinə, marketinq mütəxəssislərinə, PR mütəxəssislərinə də ehtiyacı olur və adətən banklar bu vəzifələrdə çalışanlara bazardakı qiymətlər ilə müqayisədə daha yüksək əməkhaqqı təklif edirlər. Belə əməkhaqqılar 800- 1600 azn arasında dəyişə bilər.
Əməkhaqqıların yüksəkliyinə görə Xalq Bank, Bank Standard, Yapı Kredi Bank Azərbaycan, AccessBank, FİNCA qeyri bank kredit təşkilatı fərqlənir. Amma verilən əməkhaqqı müqabilində sizdən yaradıcılıq, məhsuldarlıq və təşəbbüskarlıq tələb olunacaq.
Həmçinin təsisçiləri xaricilər olan maliyyə və kredit təşkilatlarında da əməkhaqqı xarici standartlara uyğun olaraq yüksək olur.
İndiyə qədər ən inanılmaz əməkhaqqı təklifi isə DəmirBankda olub. DəmirBank-a İdarə Heyətin sədrinin müavini vakansiyasına işçi tələb olunması ilə bağlı yerləşdirlən elanda əməkhaqqı 12 000 AZN olaraq göstərilmişdi, bəlkə də sıfırlardan biri çox düşüb.
Göstərdiyimiz rəqəmlər təxminidir. Çünki bu məbləğlər işəgötürənlər (bank və ya kredit təşkilatı) və görülən işdən asılı olaraq fərqli ola bilər.
Təcrübəniz və ya fikriniz olmadığı halda sırf əmək haqqının yüksək olmasına görə iş üçün müraciət etmək, sizin sadəcə vaxtınızı aparacaqdır.
Ona görə də özünüzə uyğun vakansiyalara müraciət edin. İşinizi sevdikdən sonra mütləq arzuladığınız vəzifəyə və əmək haqqına çata biləcəksiniz.
Günel Abdraxmanova & Könül Soltanova/ Banco.az