Hər bir bank çalışır ki, dövriyyədə istifadə etdiyi vəsaiti daha çox olsun, lakin buna baxmayaraq, riskləri nəzərə alaraq, öz kapitalının bir qismini ehtiyat kimi ayırmalıdır. Ehtiyatların miqdarı ilə bağlı isə Mərkəzi Bankın konkret göstərişləri, normaları vardır. Lakin elə hallar da olur ki, banklar dövriyyədəki vəsaitləri azaltmamaq üçün ehtiyatların ayrılmasından yayınmağa çalışır.
Mövzu ilə əlaqədar olaraq, bir neçə mütəxəssisə müraciət etdik. Qanunvericilikdə edilən son dəyişiklikdən sonra mövcud normaların necə olduğu ilə maraqlandıq və məsələ bağlı risklər üzrə mütəxəssis rəyini diqqətinizə təqdim edirik:
Ehtiyatlarla bağlı olan Mərkəzi Bankın əsas qaydaları isə bunlardır: “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”
Ehtiyatlar nədir və bank hansı məqsədlərlə ehtiyat yaradır?
Xüsusi ehtiyatlar (bundan sonra - ehtiyatlar) - aktivlər üzrə mümkün zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsaitlərdir.
Ehtiyatlar qısa şəkildə izah edilərsə bankın fəaliyyəti ərzində mümkün zərərlərinin qarşılanması məqsədilə ayrılır.
Belə izah etsək ki, bank tərəfindən aktivləri üzrə hər hansı gecikmə və ya geri qayıtmama ehtimalı (riski) artdığı halda, bankın bu zərərini qarşılamaq məqsədilə ehtiyatlar (rezervlər) ayrılmağa başlayır. Bu ehtiyatların ayrılması əlbəttə ki, müəyyən meyarlar əsasında aparılır. Aktivlərin gecikmə günləri üzrə riski artdıqca, uyğun olaraq bu zərərləri qarşılaya biləcək ehtiyatların faizləri də artır. Qeyd olunan ehtiyat faizlər üzrə ehtiyat məbləğləri üzrə hesablanaraq ehtiyatlanmanın yaradılması aparılır.
Ehtiyatlar bankın aktivləri üzrə ayrılır. Aktivlərin bölgüsü bu şəkildədir
- 1. standart aktivlər
- 2. qeyri-standart aktivlər
- Standart aktivlərə aiddir - Qənaətbəxş və Nəzarət altında olan aktivlər,
- Qeyri-standart aktivlərə aiddir - Qeyri-qənaətbəxş, Təhlükəli, Ümidsiz aktivlər.
- Aktivlərin təsnifləşdirilməsi gecikmə müddəti və keyfiyyət meyarları nəzərə alınmaqla həyata keçirilir.
Təsnifləşdirmə məqsədi ilə aktivlər 30 günədək, 31 gündən 90 günədək, 91 gündən 180 günədək, 181 gündən 270 günədək və 270 gündən çox gecikdirilmiş aktivlərə bölünür.
Keyfiyyət meyarlarına görə aktivlər yüksək, orta və aşağı keyfiyyətli aktivlərə bölünür. (Təlimatın 3.8 maddələri)
Aktivlər üzrə ehtiyatların faizləri bu şəkildədir: Gecikmə günləri üzrə təlimatda 3.11 cədvəldə verilib.
Standart aktivlər
- 4.2.1. qənaətbəxş aktivlər - 1%;
- 4.2.2. nəzarət altında olan aktivlər - 5%;
Qeyri-standart aktivlər
- 4.2.3. qeyri-qənaətbəxş aktivlər - 30%;
- 4.2.4. təhlükəli aktivlər - 60%;
- 4.2.5. ümidsiz aktivlər - 100%.
Qanunvericilik və Mərkəzi Bankın bu sahədəki təlimatları necədir? Kreditin müddətindən və gecikmə günlərinin sayından asılı olaraq, ayrılan ehtiyatlar kredit məbləğinin hansı civarında olur? Mümkünsə, faizlər və misallar izah edərdiniz?
Yuxarıda adını qeyd etdiyimiz kimi Bankların ehtiyatlanması ilə bağlı qayda AMB-nın “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” mövcuddur.
Kreditlər də bankın aktivlərinə aid olduğu üçün keyfiyyətindən asılı olaraq onlar üzrə də ehtiyatlar yaradılmalıdır. Kreditlər üzrə ehtiyatların ayrılması qaydada göstərilmişdir.
İstehlak kreditlərinin təsnifləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: (bu yalnız istehlak kreditlərinə aiddir)
- 5.1.1. əsas məbləği və ya faiz borcları kredit müqaviləsinə uyğun ödənilən və ya 30 günədək gecikdirilmiş kreditlər - qənaətbəxş aktivlər kimi; - 1%
- 5.1.2. əsas məbləği və ya faiz borclarının ödənilməsi kredit müqaviləsində müəyyən olunmuş tarixdən 31 gündən 60 günədək gecikdirilmiş kreditlər - nəzarət altında olan aktivlər kimi; - 5%
- 5.1.3. əsas məbləği və ya faiz borclarının ödənilməsi kredit müqaviləsində müəyyən olunmuş tarixdən 61 gündən 90 günədək gecikdirilmiş kreditlər - qeyri-qənaətbəxş aktivlər kimi; - 30%
- 5.1.4. əsas məbləği və ya faiz borclarının ödənilməsi kredit müqaviləsində müəyyən olunmuş tarixdən 91 gündən 120 günədək gecikdirilmiş kreditlər - təhlükəli aktivlər kimi; - 60%
- 5.1.5. əsas məbləği və ya faiz borclarının ödənilməsi kredit müqaviləsində müəyyən olunmuş tarixdən 120 gündən artıq gecikdirilmiş kreditlər - ümidsiz aktivlər kimi. – 100%
İstehlak kreditlərinə aid olmayan digər növ kreditlər (məsələn biznes, korporativ, mikro və s.) isə yuxarıda qeyd olunduğu kimi 30 günədək, 31 gündən 90 günədək, 91 gündən 180 günədək, 181 gündən 270 günədək və 270 gündən çox gecikdirilmiş olaraq aralıqları üzrə müəyyən edilir. Günlərin bölgüsü olaraq ehtiyatlar (1%, 5%, 30%, 60%, 100%) olaraq bölünür.
Nəyə görə banklar ehtiyatların məbləğini azaltmağa çalışır ( bu həm onların dövriyyəsinə, həm mənfəətinə təsir göstərə bilər)
Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin qarşılanması məqsədilə ehtiyatların yaradılmasının yeni qaydaları fevral ayında (01.02.2014) tarixdə qüvvəyə minmişdir. Daha əvvəlki qaydada tətbiq edilən gecikmə gün aralıqları (360 günə qədər) və ehtiyat faizləri (2%,10%,30%,60%,100%) bir qədər fərqli idi.
Lakin son zamanlar verilən kreditlərin keyfiyyəti MB tərəfindən analiz edərək, analiz nəticələri əsasında dəyişdirilməsi qərara alındı. Fevral ayında qüvvəyə minən yeni qayda ehtiyatlar üzrə şərtlərin dəyişdirilməsi, bankları yenidən ehtiyatlanmaya başlamasına səbəb oldu ki, bu səbəbdən yadınızdadırsa cari ilin 1-ci rübün sonunda zərərlə işləyən bankların sayı artmışdı. Bir çox bankların mənfəəti aşağı düşmüş kimi görünürdü.
Mərkəzi Bank tərəfindən ehtiyatlanma şərtlərinin dəyişdirilməsi əslində banklar üçün xeyirli oldu.
Banklara aktivlər üzrə tələb olunan ehtiyatların ayırılması tələbinin olması banklara mümkün risklərinin siğortalanması xarakterini daşıyır. Qaydalarda edilmiş dəyişikliklər (günlər və faizlər) bankların verdiyi kreditlərə daha ciddi nəzarət etməsinə, kredit riskləri düzgün şəkildə qiymətləndirməsinə və s. önəmli faktorların nəzərə alınmasına xidmət edir. Gecikmə günlərinin qısaldılması əslində verilən kreditlərə daha ciddi şəkildə nəzarət üçün yararlıdır.
Bu riskləri daha əvvəldən görməyə və lazımi anda hərəkət etməyə, zərərləri qarşılamağa imkan verəcək ehtiyatların yaradılmasını təşkil edir. Bu isə bankın fəaliyyətində çox önəmlidir. Hər bir bank çalışır ki, öz aktivlərini keyfiyyətli şəkildə yerləşdirsin, yüksək mənfəət əldə etsin və qaydalar çərçivəsində ehtiyatlanması normal qaydada qənaətbəxş olsun.
Təbii ki, ehtiyatların ayrılması bankın mənfəətinə təsir göstərən məqamdır. Daha əvvəl qeyd etdiyim kimi, bu ehtiyatların ayrılması verilən kreditlərin keyfiyyətinə və digər aktivlərə daha da ciddi nəzarət edilməsinə xidmət edir. Banklar daha çox sağlam kreditlər verməlidirlər ki, onların kredit riskləri mümkün qədər az olsun və məbləğ tam geri qayıtsın. Əlbəttə ki, risklər minimum səviyyədə saxlanıldığı halda ehtiyatlar da minimum şəkildə yəni normal qaydada yaradılacaq. Bu isə bankın kredit siyasətinin doğruluğunu, risklərin düzgün qiymətləndirilməsini, mənfəətin artırılmasını, likvidliyini və ümumilikdə bankın sağlam fəaliyyətini təmin etmiş olacaq.
Problemli kreditlərin miqdarını az tutmağa və ehtiyatların miqdarını da azaltmağa çalışan banklar yenidən maliyyələşməyə üz tuturlar, bu haqda fikirləriniz?
Subyektiv olaraq hesab edirəm ki, əslində bu şəkildə bank özünə ziyan edə bilər. Çünki, yenidən maliyyələşmə aparılır, lakin ehtiyatlar kreditlərin keyfiyyəti üzrə yaradılmırsa bu halda kredit risklərini tam görmək olmur. Mənfəəti aşağıya endirməmək məqsədilə bankın risklərini qarşılayacaq ehtiyatlarının yaradılmaması, bu növ kredit verilişinin davam etdirilməsi ehtimalını artırır. Yenidən maliyyələşmə bankın bütün məsələlərini həll etmir.
Yaranmış qeyri-qənaətbəxş aktivlər nəzərdən keçirilməli bu zərərlərin səbəbləri araşdırılmalı və nəticələr əldə edilməlidir. Bu nəticələr əsasında bankın fəaliyyətində öz aktivlərini daha düzgün şəkildə idarə etməsi təcrübəsi yaradacaqdır. Yaranan qeyri-qənaətbəxş aktivlərin azalması üçün alətlərdən (məsələn təminatlardan – zamin, girov, qarantiya və s.) istifadə edərək aktivlərin sağlamlaşdırması aparılmalıdır. Bankın bütün növ yeni verilən kreditləri (sektorlar) xüsusilə, problemli kreditlər üzrə riskləri tam dəyərləndirilməlidir. Müştərilərin maliyyə vəziyyəti imkan verə biləcək (ödəmə qabiliyyəti normal) şəkildə kreditlərin verilməsi önəmlidir. Problemli kreditlərin geri qaytarılmasını təmin etmək, onlar üzrə normativlərin tələbi əsasında uyğun ehtiyatlanmanın yaradılması lazımdır. Bankın normal fəaliyyətini təmin etdikdən sonra əlavə yenidən əlavə xarici banklardan kredit cəlb edilməsi banka və müştərilərə, sektorlara xeyir edə bilər.
Banco.az (Müsahibimiz adının açıqlanmasını istəmədi)