Mərkəzi Bankın açıqladığı məlumatlara əsasən bankların aktivləri il ərzində 21% artaraq 24.7 mlrd manat olmuşdur. Bank aktivlərinin tərkibində ən yüksək artım tempi investisiyalarda müşahidə edilmişdir. Belə ki, banklar tərəfindən yatırılan investisiyaların həcmi 31% artaraq 2.1 mlrd manat olmuşdur. Bununla yanaşı, ən likvid vəsaitlər olan nağd vəsaitlərin həcmi 15%, müştərilərə verilən kreditlərin həcmi isə 18% artaraq, uyğun olaraq, 929 mln və 16.8 mlrd manat təşkil etmişdir.
2014-cü ilin ortalarında banklara yatırılmış depozitlərin həcmində müvəqqəti azalma baş versə də, ümumilikdə banklar tərəfindən cəlb edilmiş əmanətlərin həcmi 10.8 mlrd manat olmuşdur ki, bu da il ərzində 22%-lik artım deməkdir. Qeyd edək ki, müştərilər tərəfindən depozitlərin geri götürülməsi tendensiyası bir sıra bankların bağlanma təhlükəsi ilə əlaqədar olmuşdur.
Digər bir artım isə bankların kapitalında müşahidə edilmişdir. Bankların kapitalı ilin əvvəlində 3.38 mlrd manat təşkil etdiyi halda, il ərzində 640 mln manat artaraq 4 mlrd manat təşkil etmişdir.